Kişilərin xəyanətinə göz yummalıyıq?

Hazırda ailə institutunun dağıdılması prosesinin şahidi olmaqdayıq. Bunu ortaya çıxaran bir sıra amillər mövcuddur. Əsas səbəblərdən biri cəmiyyətdə keçid dövrünün başıpozuq və nəzarətsiz formada getməsidir.

Məsələ budur ki, şəhərlə kənd mühiti arasında hələ də böyük bir uçurum mövcuddur. Şəhər cəmiyyəti film və sosial şəbəkələrdən gördüyü ailə modeli nümunələrini imitasiya etməyə can atır, kənd əhalisi ilə öz adət, sərhəd, qadağa və fərqli etiket qanunları ilə şəhər nümunəsi arasında çaşbaş qalıb.

Şəhər cəmiyyətinin özündə də ciddi problemlər var. Şəhər toplumu özünü daha çox Qərbə və ya televiziyadan izlədiyi seriallara bənzətməyə çalışır, onlar kimi görünmək istəyir. Lakin problem bundadır ki, onlar reallığı yalnız vitrindən görə bildiyini unudur. Nümunə götürülən ailə modellərinin bu hala, bu formaya gəlib çıxması üçün keçdiyi prosesləri – malın vitrinə gəlib çıxana qədər keçdiyi yolu görə bilmir. Uzaqdan qibtə ilə baxdığımız XXI əsrin xoşbəxt ailə modeli Qərbdə artıq süqutunu arxada qoyub, “ikinci bahar”ını yaşayır. Qərbin əksər ölkələrində yaşlıların sayı gənc və yeniyetmələrin sayını keçib, gənclər övlad sahibi olmaq istəmir. Bu, sözügedən ölkələr üçün böyük təhlükədir.

Qərb ailə modelinin bərpası üçün milyardlar xərcləyir, ailə dəyərlərini təbliğ edir, yeni filmlərində valideyn-övlad məhəbbətini ön plana çəkir. Biz isə onların peşman olub geri qayıtdığı yolda sevinclə, qaça-qaça irəliləyirik. Müasirləşmək, zamanla ayaqlaşmaq istəyi gözəldir, amma bunu bütün dəyərlərin üstündən xətt çəkərək etmək cəmiyyəti məhv olmaq riski ilə üz-üzə qoyur. Biz dəyərlərimiz, adətlərimizdən deyil, inkişafımızın qarşısını ala biləcək bəzi köhnə yanaşma tərzlərindən xilas olmalıyıq. Bəzi köhnə düşüncə tərzləri, ideologiyalar, ailə qanunları keçmişdə nə qədər faydalı olsalar da, bugünkü reallıqlara uyğun gəlməyə bilir.

Yeni dəyərlərin, texnologiyaların, həyat tərzinin və ünsiyyət metodlarının təsiri altında formalaşan cəmiyyət yeni fikirlər, təsnifatlar və konsepsiyalar tələb edir. Bunu keçmişi tamamilə məhv edib sıfırdan yığaraq, manqurtlaşaraq etmək olmaz. Yeniliklərə açıq olmaq keçmişi darmadağın etmək deyil. Müasir cəmiyyətlərdə örnək götürüləsi, doğma dəyərlərimizlə sintez edib ortaya çıxarılası o qədər gözəl şeylər var ki. Məsələn, qadın hüquqları.

Müasir dövr qadına azadlıq tələb edir. Qadının öz haqlarını tələb etməsi, kişilərlə birlikdə cəmiyyətdə bərabər rol oynaması, öhdəlik və məsuliyyətin bərabər bölüşdürülməsi vətəndaş cəmiyyətinin inkişafında müstəsna rol oynayır. Bunun qarşısını almaq deyil, düzgün formada irəliləməsini təmin etmək lazımdır.

Azərbaycan kişisi başa düşməlidir ki, artıq səhər saatlarına qədər yatmayıb onu gözləyən, bir dediyini iki etməyən, yüzlərlə xəyanətə göz yuman, qapazaltı Azərbaycan qadını tarixə qovuşmaqdadır. Bu prosesin qarşısını almaq mümkün deyil. “Sevil”in çadrasını atmağından bir əsr keçib, onu yenidən çadraya bürüməyə heç kimin gücü çata bilməz. Odur ki, öhdəlikləri, məsuliyyəti, problemləri yarı-yarı böldüyünüz xanımınızla öz müstəqilliyinizi də bölməyə hazır olun. Bunu o formada etmək lazımdır ki, verdiyiniz əzab-əziyyətlərdən təngə gələn qızlarınız, xanımlarınız rifahı feminizmdə, lezbiyanlıqda axtarmasın.

Fransa intibah dövrünün filosofu Mişel de Monten demişkən, “bir ailə ilə bir krallığı idarə etmək arasında çox böyük bir fərq yoxdur”. Odur ki, əziz cənablar, ailə başçısı olmağı asan iş bilməyin. Xanımınız artıq mağarada odu qorumaqla məşğul deyil, sizlə ova çıxmağa hazırdır.

Rəfiqə ƏLİSƏFA

Share: