“Kitab Evi” İctimai Birliyi tərəfindən Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə elmi-metodiki vəsait nəşr edildi

“Kitab Evi” İctimai Birliyi tərəfindən Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə  elmi-metodiki vəsait nəşr edildi

Elmi-metodik vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji dəstək üzrə elmi-praktik vəsaitin hazırlanması” layihəsi çərçivəsində, “Kitab Evi” İctimai Birliyi tərəfindən nəşr edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ailə üzvlərinə psixoloji xidmət göstərən psixoloqların, klinik-psixoloqların istifadəsi üçün nəzərdə tutulan bu əyani vəsaitdə işin sistemi, prinsipləri və üsulları göstərilmişdir. Son günlərdə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Dağlıq Qarabağda döyüşlərin yenidən başlaması bunu deməyə əsas verir ki, bundan sonra da müharibədə itkin düşənlərimizin olması mümkündür. Buna görə də itkin düşənlərin ailələrinə psixoloji xidmət sahəsində peşəkar mütəxəsislərin hazırlanması günün tələbinə çevrilmişdir. Belə bir vaxtda psixoloji işin düzgün qurulması ən ağır və çıxılmaz vəziyyətlərdə belə həyatın davam etdirilməsi yollarını axtarıb tapmağa imkan verir.

Layihənin rəhbəri və tərtib edən Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova; Elmi metodik vəsaitin müəllifi Sumqayıt Dövlət Universitetinin baş müəllimi, psixoloq İradə Hüseynova; Kitabın üz qapağı rəssam Sehran Allahverdiyev tərəfindən işlənmişdir.

Məlumdir ki, bundan əvvəlki layihəmizdə “İmadəddin Nəsimi – 40 qəzəl”  kitabının üz qapağındakı “Nəsimi” də Sehran Allahverdiyevin əsəri idi. O layihədə Sehran bəyə bu iş üçün mən müraciət etmişdim. Bu layihədə isə iş birliyimiz rəssamın öz təşəbbüsü oldu və mən buna məmnüniyyətlə razı oldum. Çünki, rəssamın qardaşı Allahverdiyev Teymur Qüdrət oğlu1992-ci ildəŞuşada itkin düşüb. O, 777 saylı hərbi hissədə tankist olub. Alınan son məlumat (o döyüşdən sağ qayıdan döyüşçü yoldaşlarının bildirdiyinə görə) Turşusu istiqamətində ermənilər tərəfindən tankının vurulduğudur.

Hesab edirəm ki, 30 ildir davam edən Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvlərinin, doğmalarının, yaxınlarının düşdüyü psixoloji durumu Sehran bəy kimi heç bir rəssam anlada bilməzdi. O, bu şəkildə bütün itkin ailələrinin hiss etdiyi ağrını dünyanın bir kənarına söykənən, kədərli bir üzdə təqdim edə bilib. Və psixoloqun Günəşdən (göydən, kosmosdan, Tanrıdan) aldığı enerjini, gücü həmin şəxsə ötürməsini xüsusi psixoloji anlamlar daşıyan rəng çalarları ilə verib. Bu əsər üçün Sehran bəyə həm öz adımdan, həm təşkilatımız adından, həm də bütün itkin düşənlərin ailələri adından təşəkkür edirəm.

Allah bütün şəhidlərimizə, o cümlədən məzarsız şəhidlərimizə rəhmət etsin. Ruhları şad olsun!

Sözardı olaraq, layihəmiz fəaliyyət planı üzrə davam edir.

 

Adilə Həsən qızı Nəzərova

“Kitab Evi” İctimai Birliyinin sədri, layihə rəhbəri

 

 

Müstəqil.Az

Share: