Cavanşirlər, Babəklər,Koroğlular, Nəbilər, Poladlar, Mübarizlər anasıdır Azərbaycan qadını.
Həcərlər ,Nigarlar, Qaratellər, Salatınlar, Fərizələr, Arəstələr kimi, Vətənin igid balasıdır Azərbaycan qadını.
Nüşabələr , Möminə Xatunlar qalasıdır Azərbaycan qadını.
İsməti, ləyaqəti, abır- həyası ilə bütün qadınların önündə gələndi Azərbaycan qadını.
Həyatın ən sərt sınaqlarına dözə – dözə ailəsinin şərəfini daim uca tutandı Azərbaycan qadını.
Bəzən ömür – gün yoldaşı dünyasın tez dəyişəndə övladlarına həm ana , həm ata olandı Azərbaycan qadını.
Zaman – zaman nə Ali təhsil alardılar, nə də Avropa tanıyardılar.Lakin, onlar milli- mənəvi dəyərləri o qədər uca tutardılar ki, böyütdükləri övladlar sözün əsl mənasında ər yetişərdi.Ailədə böyüyə ,kiçiyə hörməti aşlayardılar.Ataya necə hörmət etməyi başa salardılar bu təhsilsiz qadınlar.Bəli, o qadınlar ki, Vətənimiz üçün neçə – neçə şairlər, alimlər, yazıçılar , qəhramanlar bəxş ediblər.
Necə ki, “Köhnə kişilər ” sözü dildə ,ağızda səslənir, eləcə də köhnə qadınlarımız da bam- başqa idilər.Samballı yerişli , yaşmaqlı , uzun taxtalı geyimli, başı tirmə şallı idi köhnə qadınlar.
İndi elə görkəmli qadınlarımız çox az -az görünür.İçi özümüz qarışıq get – gedə müasirlik dediyimiz yeni dövürə uyğunlaşır, köhnə qadınlarımız isə günü- gündən azalırlar.
Belə qadınlarımızdan, belə analarımızdan biri də ,bu gün sizə haqqında söhbət açacağım Gülüstan anadır.O Gülüstan ana ki, öz bağında Güllü xanım kimi dəyərli , vətənin sevən, cəfakeş gözəl bir şairə xanım yetirib. Güllü xanım ” Aşıq Pəri “məclisininin bədii rəhbəri, “Mirvarid Dilbazi “poeziya məclisinin rəhbəridir.Bəzən düşünürdüm ki, Güllü xanımdakı bu həyat eşqi, bu yorulmaq bilməyən ruh hardan gəlir.Gülüstan ananı tanıyandan sonra bildim ki , məhz belə ananın elə cəsarətli, cəfakeş bir qızı olar.Gülüstan ana Qazax rayonunun Kəmərli kəndindəndir.Onu başqa qadınlaran fərqləndirən , ondakı həyat eşqi, baməzəliyidir.Bu səmimi, sadə , eyni zamanda samballı ana yaşıdlarından fərqli olaraq həyata çox bağlı insandır .Oğul kimi beş qız evladı böyüdüb Gülüstan ana.Hamısını da el xeyir- duası ilə gəlin köçürüb , çoxlu nəvə- nəticələri var.Amma bu xoş , gülərüz ananı kitab təqdimatlarında , tədbirlərdə də görə bilərsiz.Cünki, çox sevir belə tədbirləri.Qızı Güllü xanıma bəzən kömək də olur bu gözəl ana.Dadlı
milli yeməkləri bu yaşında da çox gözəl bacarır.Onunla bağlı gülüş doğuran əhvalatlar da Pəri qızlarımız arasında çox xoş qarşılanır.
Haqqında çox eşitsəm də, Gülüstan ana ilə Güllü xanımın təşkil etdiyi Vətənin şəhid qızı Arəstə xanıma həsr olunmuş bir tədbirdə əyani tanış oldum.Öz səimiliyi, Qazax ləhcəsində danışığı , yalvarışı mənə o qədər xoş gəlmişdi ki , tədbirdə ən doğma insan sandım bu ananı.Çünki , necə var idi, elə görünürdü.Rəsmiyyət xatirinə hamı dəyişsə də təkcə o dəyişməmişdi.Öz anam kimi bağrıma bacmaq istəyirdim bu şirin, nurlu ananı.Tədbirin sonunda hamı Şəhid anaları haqqında danışıb , əllərindən öpdüklərini deyirdilər.Mən də istədim sonda Güllü xanım kimi, elə igid şəhidlərimiz üçün tez – tez təmənnasız tədbirlər keçirən, onların doğmalarının sınıq könüllərini almağı bacaran bir qız yetirən bu anaya təşəkkür edim.Lakin məclis tez yekunlaşdığı üçün qəlbimdən keçən bu sözləri deyə bilmədim.İndi bu yazımla qəlbimin dərinliyində ilişib qalan, mənə rahatlıq verməyən o sözləri, sabah 8 mart qadınlar bayramı münasibəti ilə Gülüstan ananın və öz anamın
timsalında bütün igid övladlar yetirən analarımıza söyləyirəm:
-Əziz analarımız , nə yaxşı ki , varsınız.
Zəhmətlə övlad böyütdüyünüz o qabarlı əllərinizdən öpürəm.
Böyük şairimiz Bəxtiyar Vahabzadə analarımız haqqında belə deyib:
Savadsızdır, adını da yaza bilmir mənim anam…
Ancaq mənə say öyrədib,
Ay öyrədib, il öyrədib;
Ən əsası dil öyrədib
Mənim anam…
Bu dil ilə tanımışam
Həm sevinci , həm də qəmi…
Bu dil ilə yaratmışam,
Hər şerimi, hər nəğməmi
Yox, mən heçəm, mən yalanam,
Kitab- kitab sözlərimin
Müəllifi- mənim anam!..
Minirə Dadaşqızı.