“Kitabi-Bəhriyyə” – dünya dənizçiliyinin ilk bələdçi kitabı

“Kitabi-Bəhriyyə” – dünya dənizçiliyinin ilk bələdçi kitabı

Piri Rəis və dünya dənizçiliyinin ilk bələdçi kitabı – “Kitabi-Bəhriyyə”dən (Dənizçilik kitabı) danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə çəkdiyi dünya xəritələriylə təkcə türk dənizçilik tarixində deyil, bütün aləmdə böyük əks-sədalar oyandıran, ömrünü dənizlərə həsr etmiş Piri Rəis və dünya dənizçiliyinin ilk bələdçi kitabı – “Kitabi-Bəhriyyə”dən (Dənizçilik kitabı) danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.

Kimisi dağlara vurğundur, kimisi dənizlərə böyük bir ehtirasla bağlanar, ondan uzaqda yaşamaq istəməz. Bax, onlardan biri də həyatının 75 ilini dənizlərdə keçirən, çəkdiyi dünya xəritələrilə tanınan bir dənizçi, Osmanlı Donanmasının admiralı, “Dəryanın kapitanı” (Kapitani-Derya) adlanan Piri Rəisdir.

Piri Rəis Xristofor Kolumbun itkin xəritəsindən izlər daşıyan dünya xəritələrilə tanınır. Amma onun başqa əhəmiyyətli əsəri də var: “Kitabi-Bəhriyyə”, yəni “Dənizçilik kitabı”. Dünya dənizçiliyinin də ilk bələdçi kitabı olaraq qəbul edilir bu əsər. Avropalı dənizçi müasirləri tərəfindən bənzər kitablar yazılmış olsa da, Piri Rəisin “Kitabi-Bəhriyyə”si bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir. Buna görə də təxminən 5 yüz il əvvəl yazılmış bu kitab dənizçilər üçün vazkeçilməz bir qaynaq olaraq qalır. Piri Rəis kitabda 45 illik Aralıq dənizi səfərlərindəki müşahidə, araşdırma və məlumat təcrübəsini əks etdirib.

Osmanlı dövlətinin məşhur dəniz bazası sayılan Geliboluda doğulub Piri Rəis. Dənizə getmək sevgisi güclü olduğundan bütün Aralıq dənizində tanınan əmisi Kamal Rəis onu 10 yaşından özü ilə birlikdə dənizlərə aparıb. Dənizçiliyi, kapitanlığı tez öyrənib bu səfərlər zamanı, sistemli və ayrıntılı şəkildə qeydlər götürüb gəncliyindən. Çox sayda dənizçi yetişdirib o. Əmisinin ölümündən sonra Geliboluya dönüb, bir müddət dənizlərə çıxmayıb. Qeydlərindən və əlindəki xəritələrdən yola çıxaraq məşhur dünya xəritələrinin ilkini çəkib. Bu ayrıntılı xəritə Xristofor Kolumbun itkin xəritəsinin izlərini daşıyır və o dövr şərtlərinə görə yanılma payı çox azdır. Əskik qalan yerləri tamamlamaq və səhvlərini düzəltmək üçün 15 il sonra bir xəritə də çəkib Piri Rəis. O, xəritələrinin yanına açıqlayıcı qeydlər yazıb, faydalandığı digər xəritələrdən bəhs edib, yəni qaynaq göstərib. Xristofor Kolumbun xəritəsindən də istifadə etdiyini məhz bu qeydlərdə yazıb. Qaynaq göstərməsi onun alim olaraq da xatırlanmasına səbəb olub.

Piri Rəis xəritələrini çox ayrıntılı çəksə, yanına qeydlər qoysa da, gələcək nəsillərə xəritələrlə kifayət qədər məlumat ötürə bilməyəcəyini görür. Buna görə də Aralıq dənizində 45 il boyu əldə etdiyi təcrübəsini “Dənizçilik kitabı” mənasını verən “Kitabi-Bəhriyyə” əsərinə köçürür.

Piri Rəis Çanaqqaladan (Dardanel boğazı) başlayaraq saat istiqamətinin tərsində bir rotada reallaşdırıb səfərlərini. Adalar da daxil olmaqla, Aralıq dənizinin bütün sahillərini çox dəqiq şəkildə izah edib. Ön sözdə əlindəki məlumatları xəritəyə sığdıra bilməyəcəyini anladığı üçün bu kitabı yazmaq istədiyini söyləyib və dənizlərdəki fəaliyyətindən bəhs edib. İkinci hissədə fırtınaları və küləkləri öyrədib, kompas və xəritələrdən necə istifadə ediləcəyindən danışıb. Okeanları və onları çevrələyən quru sahələri tanıdıb. Avropalıların kəşfiyyat səyahətlərinə yer verib ki, bu hissədə Xristofor Kolumbun da “Yeni dünya” ilə bağlı fikirləri var.

Asan izah edilən bir dillə, söhbətedər kimi qələmə alıb əsərini Piri Rəis. Üstəlik kitabın ikinci hissəsində yer verdiyi texniki məlumatların yaddaşda qalması və asan əzbərlənməsi üçün sözləri də qafiyəli şəkildə düzüb. Məsələn,

Əvvəlcə öyrən kompasın əməlini,

Sonra xəritənin hər vəziyyətini.

Əgər kompası soruşsan ki, o nədir?

Bu, dənizçinin hər gün dilində olan bir sözdür.

İki yüzdən çox xəritə var “Dənizçilik kitabı”nda. Aralıq dənizi limanlarının lövbər atılacaq yerlərinə, dib xüsusiyyətlərinə, su altındakı qayalıqlara, dəniz döşəməsinin qum və ya palçıq olmasına qədər bütün detallardan bəhs edib Piri Rəis. Sahilin küləyə qarşı mövqeyindən və ya təsirləndiyi rüzgardan belə danışıb. Məsələn, Piri Rəis “Dənizçilik kitabı”nda Adriatik sahilindəki Kotoru belə izah edib: “Kotor 18 mil uzunluğundakı bir körfəzin sonunda, dənizin kənarında bir qaladır. Venesiyaya bağlıdır. O qalanın üzərində bir dağ var. Günortadan sonra çox isti olur. Çünki birbaşa günəş görür. O dağın iki tərəfindən iki su axıb gəlir ki, biri körfəzə tökülür. Adı çəkilən dağ uzaqdan at yəhəri şəklində görünür. Qalanın önünə böyük gəmilər gedir. Yaxşı limandır.”

Və yaxud Çeşmə limanını Piri Rəis belə təsvir edib: “Çeşmə limanının qarşısında iki dayazlıq var, diqqət yetirilməlidir. Bu dayazlıqların kənarından keçərkən xəritəmizə baxılaraq gedilməlidir. Çeşmə limanı ilə Saqqız adasına qədər yol 18 mildir.”

Aralıq dənizi sahillərinin təbiətinə aid məlumatlar verib Piri Rəis. Kitabda bitki və heyvan növləri də var, sular və içməli sular da. Amma “Dənizçilik kitabı”nı öz dövrünün bənzər əsərlərindən ayıran Piri Rəisin yerli xalq, insanların həyat tərzi, mədəniyyəti və inanclarına da toxunmuş olmasıdır. Kitabda bəhs etdiyi sahillərin hansı dövlətlərə bağlı olduğunu, o illərdə baş vermiş tarixi hadisələri də qələmə alıb. Ayasofyanın, Venesiya şəhərinin yaranması kimi tarixi əhəmiyyətli çox məlumat var kitabda.

Şəhərlər dövrün şəkil texnikasına uyğun olaraq iki ölçülü çəkilib. Qalalar, sütunlar, körpülər, dini abidələr diqqətlə xəritəyə köçürülüb. Tarixi qalıqlar, antik şəhərlər, mədənlər, meteorologiya və sahillərdə eroziyaya uğrayan yerlərdən də məlumatlar var əsərində. Buna görə “Kitabi-Bəhriyyə” yalnız bir dənizçilik deyil, həm də bir az coğrafiya, bir az tarix kitabıdır. 19-cu əsrə qədər Aralıq dənizinin sahillərini bu qədər ayrıntılı izah edən başqa bələdçi kitab yoxdur dünyada.

Dəniz qulduru filmlərində bir gözü bantlı, əli qarmaqlı, bəzən taxta qıçlı kapitanlar, dirəklərində kəllə şəkli olan bayraq, dalğalanan gəmilər və xəzinələrin yerini göstərən xəritələr var. Quldurlar deyil, amma dənizçilərə yol göstərən çox sayda xəritə çəkib Piri Rəis. Bunların Aralıq dənizi ilə bağlı olanlarını bu məşhur əsərində qoyub.

“Kitabi-Bəhriyyə” dənizçilik, gəmiçilik və dünya coğrafiyası ilə bağlı ilk bələdçi kitabdır. Çox sayda xəritənin olduğu bu böyük əsərdə bir dənizçinin mütləq bilməsi lazım olan kompas, xəritə və simvollar haqqında məlumatlar, fırtına və külək növləri var. Piri Rəis boğazlara, körfəzlərə, adalara, limanlara necə yaxınlaşılacağı, fırtına olanda hara sığınılacağı və rotalar haqqında bənzərsiz məlumatlar yazıb kitabda.

Yer üzünün yalnız dörddə birinin qurulardan ibarət olduğunu söyləyib hələ o vaxt Piri Rəis. Bəsrə körfəzi, Ümid burnu, Hind okeanı və Atlantik okeanından danışıb. Dənizçiliyə könül verənlər yüzlərlə il Aralıq dənizinin tam bir dəniz atlası xüsusiyyətini daşıyan “Kitabi-Bəhriyyə”ni bələdçi olaraq istifadə edib.

TRT Azərbaycan

Share: