Kitabxana – Yaddaş – TARİX – Vətəndaş …

Hər bir yazıya başlıq seçmək  işin əsas qayəsidir. O baxımdan ki, başlıq  fikrin açarı, fikir  yazının idarəedicisi, oxucunu sətir-sətir daşıyan, maraq  yaradan, eyni zamanda  marağına  səbəb olacaq, ona yeni ruh, xoş ovqat yaradan duyğulardır…

İnsanlıq elmini  bilən kamil düşüncə sahibləri, hər zaman sözə yüksək dəyər vermiş, sözün təsir qüvvəsini güclü  bilmiş, onun  qüvvəti  sayəsində  bəzən  çox  alınmaz  qalaları  fəth edə bilmişlər. Bu sözlər, onların ifadə etdikləri  kəlamlar da tarixə köçmüş, bu günümüzdə də zərb-məsəllər, müdrik ifadələr  kimi  işlədilməkdədir. Həm tariximizi  yada salmaqda, həm  də  ruhumuza  işlətdikcə  yeni  ovqat  bəxş  edən,   yolumuza işıq salan aydınlıq kimidir bu sözlər. Necə ki, meyarı insan olan ədəbiyyat  insanı  saflaşdırmaq üçündür…

Çox uzaqdan başladım deyəsən… Bu, yaradıcılıq deyilən bir  çeşmə də var  ki, ondan bir damlası insana yaxın  olanda, elə hey istəyirsən ki, nəsə  deyəsən, yazasan…Yox, elə  deyəsən ki, sözünün işığı  hiss  olunsun oxucunun gözlərində, rayihəsi qəlbini  bürüsün, uzun zaman  ətri  getməsin qəlbindən. (Yoxsa … oxumazlar  ki… ) Bax, o zaman deyərsən ki, mən yaradıcı  insanam. Əsl  yaradıcı,  yaratdığının gözəlliyinin  dərinliyində  gizlədər  oxucusunu,  gizlədər ki, uzun  əsrlər, qərinələr oxucusu  azalmasın. Bəli,  böyük  Nizami, dahi Füzuli, filosof  Nəsimi  və s. minlərlə Vətən  ruhunu  daşıyan,  ölməzlik  nümunəsi  olan şəxsiyyətlər  kimi…

İnsan da  çox qəribə, mürəkkəb  məxluqdur. Gəncliyimdə  güşünürdüm ki,  insan  yazdıqların necə üzə çıxarar, axı, bunlar  ruhunla üzbəüz  söhbətindi, qəlbinin  hər kəsdən  sirli  düşüncəsidi  qələmə  aldıqların…İndi  isə, düşünürəm ki, düşncələrini  paylaşmaq  gözəldir. Əlbəttə  ki, onların  tərəfdarı  da  olar,  rəqibi  də… hər  halda  düşüncələr də  mübarizə  aparmalıdır…Doğruluq, gözəllik  yolunda. Axı, dünyanı  müharibələr deyil, gözəllik  xilas edəcək…Ruhu şad  olsun, ustad  Hüseyn  Cavid  necə  deyirdi?

“Kəssə hər kəs tökülən  qan  izini,

Qurtaran  dahi  odur  Yer üzünü!”

 

Bəli, Yer  üzünü qanlardan, xilas edə biləcək dahi hələ ki, doğulmayıb. Görünən o ki, insanlıq nə qədər inkişaf etməlidir ki, insan kamilliyi bəşər nəslinə öz övladı kimi yanaşsın, sevə bilsin, irqlərə bölmədən qucaq aça bilsin…

Bəşər nəslindən, tarixindən demişkən, ötənlərin izini gəzirik daima. İnsan yaşa dolduqca, sanki, qəribsəyir  keçmiş üçün, maraq dünyamızda  onların həyat tərzi, yaşanmışlar düşündürür insanı…Adət-ənənələrimizin çırağında gəzirik ən ulu babamızı…(Kim neçə babasını tapa bilərsə…)

Bax, bu  yerdə, soraq axtardığımız  məqamda, gərəklidir mənbələr, hava kimi, su kimi, nəfəs kimi, qidamızdır kitablar. Onun  müqəddəsliyini  çarəsiz qalıb səhifələrində gözlərini bütün ruhuyla, varlığıyla gəzdirənlər bilər. O elə bir sərvətdir ki, insana insanlığını, uşağa ulularını, kökünü, ahıla gəncliyini  xatırladır…Onun geniş ucalığını bir fikirdə  anlatmaq  kasadlıq  olardı  məncə. Hər səhifəsində  min aləm olan  bu  sərvət bu gün  daha  çoxdur  deyə bilərik. İnkişaf  və  tərəqqi  şəxsi kitabxanaların, elektron  məlumat  bazalarının  yaradılması  üstünlük təşkil edir müasir dövrdə. Amma, bir də var ki, əsrlərdən nəsillərə yadigarı,  mirası qorumaq, yaşatmaq. Yaddaşlardan süzüləni vətəndaşlıq ruhuyla səsləmək, mühafizə etmək, yaşatmaq. Bacarırsan yaşat-deyirlər.

Yadımdadır  ki, tələbə olarkən müəllim mənə “Azərbaycanda  hansı kitabsaxlayıcılar  var?”-deyə, sual edəndə, beynimdə  o anda  yurdumuzun  talan  olunması, sərvətlərimizin daşınması kimi ağır düşüncələr necə kövrəltdisə, mən:

-Azərbaycanda kitabsaxlayıcı olmayıb, müəllim, olsaydı  “Kitabi Dədə Qorqud”un  əlyazması  Drezdendə  olmazdı”-demişdim…Bəli, o dünənimiz, bu günümüzdə  də  əsir  yurdlarımız…Ağrılı-acılı  qismətin varmış, Vətən. Sən nə qədər zənginsən! Sən,  nə qədər  tarixsən! Daşısalar da, yağmalasalar da sən gözəlliyini qouyursan, qartal qanadlı Azərbaycanım. Vüqarım, Ucalığım!

Əsrlərin  üzərindən  arxaya, keçmişə baxırıq. Yurdumuzda kitabxanalar saraylarda, məscidlərdə yerləşirdi, bir də alimlərin, böyük şairlərin şəxsi kitabxanaları idi. Xalqın çox böyük hissəsi bu xəzinədən məhrum kimi idi əlbəttə. Bu sahədə ən böyük xidmət sonrakı zamanlarda tarixin yaddaşında qızıl xətlə xidmətləri yazılan Şah İsmayıl Xətainin dövründə olmuşdur.

Xalqını  varlığıyla  sevən, onun bütün milli gözəlliklərini qoruyub saxlamağa çalışan  Şah  İsmayıl  Xətai  öz  hakimiyyətinin ilk dövrlərində bu sahədə fərman imzalayaraq  ən  layiqli otaqları kitabxana  üçün ayırmışdır. Daha  sonra  isə Ərdəbil şəhərində  babası  Şeyx  Səfinin şərəfinə ucaltdığı  məqbərədə kitabxana yaratmışdır. Tarixi mənbələrdən məlum olur ki, bu kitabxana Şərqin ən böyük, zəngin kitabxanalarından olmuş,  XIX əsrin  ilk  20 ilinə  qədər  fəaliyyət  göstərə bilmişdir. Lakin, Dədəm Qorqud demişkən “qara donlu kafirlər” imkan  verməmiş,  istilalar, talanlar, ilhaqlar  sərvətimizi dağıtmış, zamanla  oğurlanmış, ən zəngin məlumatlar əvvəlcə Tiflisə, daha  sonra isə Pyotr  şəhərinə  daşınmışdır.

 Bir  sənət  var – hər sənətə yol  tapar,

Ömrə  mayak, Günəş  nuru  paylayan.

Bir  sənət  var – yaşı  qədim, ölməyən,

Ayaq  açan  hər  kəsə  olar  həyan.

 

Kitabxana! Kitab  evim — sərvətim,

Səndən  qeyri  varmı, de, varlı  yerim?

Tək  yoldaşsan   bəşər  səyyahı  üçün,

Qucağında   danışır   planetim.

 

Bir  açarsan  müşkül olan  hər işə,

Səndən alır məsləhət  hər  yol, peşə,

Gəlməyəsən  heç  namərdin  nəfsinə,

Baş  tacısan, bənzərin  var  günəşə.

 

“Kitab evim”, ətrin  bənzərsiz  sənin,

Ötüb  keçən  keçmişimdir  ləçəyin,

Boylanarkən “Dədə”- deyib sələfə,

Tapdığımz  gövhərlərdir  dəyərin!

Bədirə  Rza  Həsənqızı

(ardı olacaq)…

 

 

 

 

 

 

 

Share: