“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yazıçı və şairlər yeni əsərlərini təqdim edir. Nağıl, həkayə və şeirlər Azərbaycanın əsrarəngiz təbiətinə, bitki və heyvanat aləminə, torpağına, dağlarına, dəniz, çay, şəlalələ və göllərinə, ilin fəsillərinə həsr olunur.
Şair, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Xatirə Fərəcli Novruz bayramı ərəfəsində kitabxananın oxucularına və sosial şəbəkə izləyicilərinə baharın gəlişinə, təbiətin oyanışına həsr olunmuş üç şeirini (“Pəncərəmdən baxan bahar”, “Bahar”, “Bahar gəlir”) təqdim edir.
Şair qəlbindəki bahar sevinci ilə oxucularla bölüşür, baharı sevə-sevə qarşılayır. O, həsrət çəkdiyi günün baharın “bəyaz atında” gəlməsini gözləyir.
PƏNCƏRƏMDƏN BAXAN BAHAR
Pəncərəmdən baxan bahar,
gəl ömrümə-günümə, gəl.
Gəl, ərisin qəlbimdə qar
uzaqlardan baxdın yetər.
Pəncərəmdən baxan bahar,
bir yol başla, yol içimə.
Ruhumu sar, canımı sar,
qayna, qarış, dol içimə.
Pəncərəmdən baxan bahar,
isit, isindir ruhumu.
Pəncərənin bu üzü dar
dünya bumu, həyat bumu?!
Pəncərəmdən baxan bahar,
yollaşdır məni həyatla.
Həsrət çəkdiyim bir gün var
gətir onu bəyaz atla.
BAHAR
Aşiqinəm, al qoynuna, quc bərk-bərk,
Qoy uyuyum ağuşunda eləcə.
Açıl qönçə-qönçə, yağ çiçək-çiçək,
Qərq olum gül yağışında eləcə.
Qaçım səhra boyu, qucum düzünü,
Bəxtəvər-bəxtəvər yumum gözümü,
Çiçəkli çəmənə qoyub üzümü,
Məst olum gül baxışında eləcə.
Köçür şəlaləni, sellən könlümdə,
Güzgün bil, ətirlən, güllən könlümdə,
Gülüstana dönsün elə könlüm də,
Artsın qoy bir naxışın da eləcə.
BAHAR GƏLİR
Təbiət
qonaq gözləyən ev sahibi kimi
tədarükdə,
var-gəldədir.
Ağacların qarasını çırpıb tökən külək də,
qar yükünü atmış göy üzü bəyaz tül,
buludlar
ağlayıb ürəyini boşaldan adam kimi
yüpyüngül,
oturub elçi daşı üstündə günəş
açılıb eyni,
gözləri yanır bulaqların
eşqə düşən gənc kimi,
qucağı dolu dərələr
qayaların təbəssümünə əzilib-büzülməkdə,
ağaclar düyün-düyün,
qoca ağacların
quruyan budaqları
yaşlanan gözəlin
üzündəki qırış kimi sezilməkdə,
qış uzunu
lüt budaqları dayanacaq yeri seçən
sərçələr
sevincək.
… Demək,
bahar gəlir,
bahar gəlir, demək!