Hazırda Ukraynada ordunun və xalqın Rusiya silahlı qüvvələri ilə qarşıdurması davam edir. Xüsusilə paytaxt Kiyevdə və şəhərətrafı ərazilərdə vəziyyət olduqca gərgindir.
Ukraynanın müxtəlif şəhərlərində olan ali təhsil müəssisələrində 20 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Bu tələbələrdən biri olan Rüstəm Muxtarov hazırda Kiyev şəhərinin Lesnoy massivindədir.
Müstəqil.az xəbər verir ki, tələbəmiz AzEdu.az-a açıqlamasında özü ilə birlikdə başqa azərbaycanlı tələbələrin də olduğunu və bunkerlərdə qorunduqlarını bildirib:
“Mənimlə birlikdə 7 azərbaycanlı tələbə də var, ümumilikdə 8 nəfərik, bunkerlərdəyik. Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetində təhsil alırıq. Ərzaq təminatımız var, bununla bağlı heç bir problem yoxdur”.
Rüstəm vəziyyətin təhlükəli olduğunu və təxliyə edilmələrinin çətin olduğunu bildirib:
“Necə təxliyə olunacağımız hələ dəqiq bilinmir. Hazırda vəziyyət sadə vətəndaşlar üçün təhlükəlidir, yola çıxmaq isə risklidir. Azərbaycan səfirliyi ilə əlaqə saxladıq, bizə ölkəni tərk etməyimizi və sərhədə çıxmalı olduğumuzu bildirdilər, bütün bunların fərqindəyik. Daha sonra isə Türkiyə səfirliyi bizimlə əlaqəyə keçdi. Deyilənə görə yaxın günlərdə türk və azərbaycanlı tələbələrin təxliyəsi üçün xüsusi xilasetmə əməliyyatı aparılacaq”.
Tələbəmiz öz sosial şəbəkə hesabında video paylaşaraq, hər şeyin yaxşı olacağına inandıqlarını bildirib.