Kulis.az yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının tərcüməsində Çingiz Aytmatovun “Köçəri quşun ağısı” adlı pritçasını təqdim edir.
…Ov itləri, nədənsə, atlıların dəstəylə yola çıxmalarını xoşlayırlar. Səfər qarmaqarışıqlığında mütləq alaya qoşulacaqla, sonra nə qədər qorxutsan, geri qovsan da, xeyri olmayacaq, inadkarcasına geri qalmamağa çalışacaq, uzaqbaşı, qorxa-qorxa kənarda səkəcəklər. İtlər qəribə heyvandılar – təki ancaq çolə, genişliyə çıxsınlar, bir də ətraf səs-küylü, adamla dolu, səs-küylü olsun, elə bunu da gözləyirlər – yəqin, ov itləri də ona görə lbu cürdülər…
Eleman itinin arxasınca gölədək qaçmalı oldu. O, qadınlar və qocalarla birgə dəfnə gedən qardaşı Turmana yasda kəsmək üçün apardığı ikiyar cöngəni örkənləməkdə yardım elədiyi müddətdə tazı Uçar camaata alışmağa macal tapmışdı, artıq ciddi hərəkətlərlə məşğul idi – ora-bura vurnuxur, iyləyir, kolların ətrafında atılıb-düşür, adamları yeyin hərəkətə təhrik eləyirdi. Eleman iti nə qədər səsləyir, nə qədər yanına çağırırdısa, heç bir faydası yox idi. Ağılsız köpək bunun ov səfəri deyil, Almaşın on yeddi yaşlı bacısının qəfil ölümüylə əlaqədar qonşu aula yola düşən kədərli yas mərasimi olduğundan, buna görə kəhərlərin və öküzlərin belindəki adamlar arasında oynaq at minmiş bir nəfər belə cavan cigit gözə dəymədiyindən xəbəri yox idi. İt hardan biləydi ki, İssık-Kul ətrafında yaşayan, əli silah tutan qırğız kişilərin və atların hamısı həmin gün dağların o tərəfində, uzaqlardaydılar; burdan üçgünlük məsafədə, Talçuy dərəsinə getmişdilər, orda hücuma keçən cunqarların dəstələriylə döyüşəcəkdilər.
Artıq beşinci gün idi ki, Talçuy dərəsindən xəbər-ətər gəlmirdi. Çox səfeh it idi – bütöv bir xalqın taleyinin necə həll olunacağı naməlum qaldığı bir məqamda ova çıxmaq kimin ağlına gələrdi axı?
Amma düzünü desək, insanların kədəri, müharibə, ayrılıq, ölüm və narahatlıq, ümumiyyətlə, insan qayğıları itin vecinə deyildi, onu at belindəki adamların da itlər kimi hiddətli və qızğın olduqları məqamda heyvanların – tülkülərin, bir də ki, dovşanların – arxasınca şığımaqdan başqa heç nə maraqlandırmırdı…
Tazı Uçar səbirsizlikdən zingildəyə-zingildəyə, arabir irəli qaça-qaça, eyni zamanda ötəri hürə-hürə və bütün görkəmi, gözləri və atılıb-düşmısi, gah da dəstənin ətrafında fırlanmasıyla adamları tələsməyə, arxasınca gəlməyə səsləyir, Elemana yaxın getmirdi. Qara tazı çox istəyirdi ki, ardınca atlar dördnala çapsınlar, adamlar üzəngidə dikəlib qiyyə çəksinlər, bu qaçışda, səslərdə, sərt, qarşıdan vıyıldayan küləkdə həyat qaynasın. O hamını buna səsləyirdi…
Amma yox! Bu qocalar və qarılar, susqun və sarsılmış, tayfa qarşısında borcları üzündən Senirbayın gəlini Almaşın dərdini çəkən adamlar Uçarı, qara tazını görmürdülər. Ona baş qoşmağa halları yox idi. Həmin adamlar belə narahat, təhlükəli bir vaxtda heç də o Almaşın xətrinə – o, kim idi axı, vur-tut Senirbayın altı ay əvvəl öz ailəsinə qəbul elədiyi cavan gəlindi, – deyil, daha çox onun ərinə, indi Talçuy döyüşündə olan Koyçumana, başlıcası isə elə azsaylı və yoxsul Bozoy tayfasının fəxri olan böyük yurt ustası Senirbaya bəslədikləti hörmət üzündən canlarını dişlərinə tutub dəfn mərasiminə yola düşmüşdülər.
Qoca Senirbay üç sutkaydı ki, dəmirçixanası yerləşən yurtunda ürəktutmasından yatırdı, artıq çoxdan ürək ağrısına mübtəla olmuşdu, gəlinlərinin əkiz bacısı on yeddi yaşlı Uulkanın günün günorta vaxtı yıxılıb canını Allaha tapşırdığı barədə qudalarından xəbər gələndəsə, yurtçu Senirbay qohumluq borcu və adət üzündən dərhal yığışıb dəfnə getməyə hazırlaşdı, artıq kürkünü də geyinmişdi, bayırda isə yəhərli-yüyənli at gözləyirdi, yeniyetmə oğulları Turman və Eleman yəhərə qaldırmaq üçün onun qollarına girmişdilər, amma kişi qədəmini yurtun kandarından çölə qoyan kimi, əlini sinəsinə apardı, daha ayağını üzəngiyə qoya bilmədi. Atın yalmanından yapışıb inildədi, səndələdi, ayaq üstdə zorla dayandı.
Bu məqamda isə, əvvəllər də tez-tez olduğu kimi, Kertolqo-zayip* (Zayip – zəif, qoca, qarı mənasında) vəziyyətə əl qoydu. O, ehtiyac duyulanda qətiyyətlə hərəkət eləməyi bacarırdı. Kertolqo-zayip ərini oğullarıyla birgə dımirçixanaya apardı, cəld soyundurub yatağa uzatdı, yurtçu Senirbaya dedi:
– Usta, dəfn üçün qudangilə getmək imkanın yoxdusa, Allah səni bağışlayar. Qoy bununla mən məşğul olum. Səndən sonra bu ailənin ağsaqqalı mənəm, uzun illər də Bozoy tayfasının böyük anası sayılacağam. Bozoyları ağı deməyə mənaparsam, qudalarımızın acığı tutmaz. Bir də ki, indi inciklik vaxtı deyil, orda, Talçuyda nə baş verdiyi, oğullarımızın başına nə gəldiyi, zəfər qazanacaqları, yoxsa həlak olacaqları Allahdan başqa heç kəsə ayan deyil. Xəbər-ətər almadıqlarına görə də, özün görürsən ki, hamı qorxu içindədi. Sən sağalmağın üçün dua elə, orda, döyüşdə olanlar barədə düşün! Özünü qoru, Bozoylar arasında böyük, məndən ötrüsə ən böyük adamsan, övladlarımız atasısan. İzin ver, bu kədərli vəzifəni mən yerinə yetirim. Sənsə, uzan, yerindən qalxma. Eleman yanında olacaq, qalan hamı isə yola düşəcək…
Söhbət, bax, belə olmuş, rəngi qaçmış, alnını soyuq tər basmış yurtçu Senirbaysa, başını yastıqdan qaldırmadan zəif səslə dillənmişdi:
– Haqlısan, arvad. Mən gedə bilmirəmsə, sən get. Bütün Bozoy tayfasını yığ ki, bizim Almaş öz doğmaları qarşısında tək qalmasın. Uzaqdan ağı deməyə başla, qoy bütün Bozoy tayfasının ağısı çox-çox uzaqlarda eşidilsin; uca səslə ağlayın ki, o səs kürəkənləri Koyçumanın və qudaları xəstə Senirbayın yoxluğunu hiss etdirməsin. Qoy bununla məlum olsun: dava nə qədər yaxın gəlrsə-gəlsin, nə qədər ki, insanıq, rəhmətə gedənlərimizi dəfn eləməkdən və ağı deməkdən əl çəkməyəcəyik…
Azsaylı Bozoy tayfasının qadınları, uşaqları, qocaları və qarıları dəfnə, bax, bu cür gedirdilər: o günlərdə cunqar oyratlarıyla döyüşün nəticələrinə görə qorxu hissi keçirən elə bir adam yox idi ki, ucadan, ya da öz-özünə deməsin: orda nə var, Talçuy dərəsində nə baş verir? Niyə bir xəbər-ətər yoxdu? Niyə heç kəs heç nə bilmir? Onlare yalnız tayfanın şərəfini qorumaq ənənəsinə tabe olub getmişdilər. Tutqun görkəmlə, böyük narahatlıq içində yola düşmüşdülər.
Uçarı haqlayıb öz belindəki qayışı itin boynuna salanacan Eleman əməlli-başlı tərləməli oldu, yoxsa tazı camaatla birgə daha da irəli gedərdi. Amma Uçar qayışda da irəli cumur, aradan çıxmaq istəyirdi. Bununla belə, bu dəfə heyvanı heç cür gözdən qoymaq olmazdı – yad aulda yerli itlər yığışıb tazını parça-parça eləyərdilər. Buna şübhə yox idi.
Eleman Uçarın qayışını dartıb belə hallarda neyləməli, dəfn mərasiminə gedənlərə nə deməli olduğunu bilmədən dayandı: onlara uğurlu yol arzulayası deyildi ki. Anası cilovu çəkib yəhərdə geri dönəndə o, çaşqın halda dayanmışdı.
– Di, sən evə mümkün qədər tez get, burda durma, – o, qaşqabaqlı halda dilləndi. – Bir də ki, atanı gözdən qoyma, eşidirsən? Bir addım da aralanma, bildin?
Eleman dinməzcə razılaşır, başını tərpədirdi. Hə, əlbəttə, hər şeyi onun istədiyi kimi eləyəcək. Eleman anasına, qadının qocalmaqda olan, qəhvəyi qırışlar basmış, həddən artıq ciddi simasına – onu heç vaxt bu qədər qayğılı görməmişdi, – baxa-baxa, öyüdlərinə qulaq asa-asa beynindən keçirirdi: “İndi ki, belə oldu, sən get. Bizə görə narahat olma, artıq balaca deyiləm ki. Hər şeyi eləyərəm, atamdan bir addım da ayrılmaram. Təki bizim Koyçuman yəhərə aşırılmış vəziyyətdə yox, ayaqları üzəngidə qayıtsın. Bütün cigitlər də geri yük kimi deyil, yəhərdə oturmuş halda dönsünlər. Atamla mənə görəsə narahat olma. Hər şeyi tapşırdığı kimi yerinə yetirəcəyəm, ana…”
Kertolqo-zayip atın cilovunu qısa müddətə çəkmişdi, həmin məqamda da yanında qara tazı çığırda dayanmış kiçik oğluna, sonbeşiyinə baxa-baxı qəfildən ürəyində kəskin, şiddətli ağrı duydu: onun başına nə gələcəkdi, axı hələ lap yeniyetmədi; böyük oğlunun başına nə gəlib, Koyçuman sağ-salamatdı, yoxsa oyrat nizələriylə dəlmə-deşik edilib; onları sabah nə gözləyir, camaatın, bütöv bir xalqın başına nə gələcək? Bu qorxunc düşüncələri büruzə verməmək üçün də mızıldandı:
– Oğlum, aula tələs, səni də, atanı da Tenqriyə tapşırıram. – Sonra tərpəndi, bir daha dayandı. – Evə çatan kimi, atana elə o otlardan cövhər düzəlt…
– Aydındı, evə çatan kimi, düzəldərəm, – Eleman onu əmin elədi.
Amma anası cövhəri necə hazırlamalı, otları necə qaynatmalı olduğunu yerli-yataqlı izah eləməyə başladı: su əməlli-başlı qaynamalıydı, sonra otları o suya tökməliydi, ardınca da cöhvəri bir qədər soyudub atasına içirməliydi; həm də tərləyənəcən içirməliydi ki, sinəsi yumşalsın, halı yüngülləşsin…
– Dediklərimi eşidirsən, başa düşürsən? – Kertolqo-zayip oğluna deyirdi.
O, hər şeyi başa saldığına əmin olandan sonra atını sahil boyu yavaş-yavaş irəliləyən yol yoldaşlarının arxasınca sürdü. Amma ətrafa göz gəzdirib yenə dayandı, yəhərdən endi:
– Eleman, bura gəl, – oğlunu çağırdı. – Yüyəni tut, Gölə dua oxumaq istəyirəm. Gedək.
Kertolqo-zayip bu sözləri deyib üzünü gölə sarı çevirdi, təmkinlə, təntənəli tərzdə suya yaxınlaşmağa başladı. O, sərt küləklər əsəndə iri dalğaların yuduğu təmiz, qırmızımtıl sahil qumluğuyla addımlayırdı. Başında bərk-bərk və sıx dolanmış, çənəsinin altındakı ağ qırışlaracan bütün sifətini dövrələmiş iri türban olan qadın gicgahlarındakı ağ tüklərdən xeyli yaşlandığı duyulsa da, gözəl görünürdü. Bədəni hələ heydən düşməmişdi, yaraşıqlı, möhkəm idi, axı Almaşı gəlin gətirənəcən evdə bütün işlərin öhdəsindən təkbaşına gəlir, dörd baş kişiyə – üç oğluna və ərinə – qulluq eləyirdi, gündəlik ev işlərindəsə o kişilərin xeyri-bəhri yox idi.
Ciddiləşmiş, adi işlərdən və ötəri düşüncələrdən uzaqlaşmış qadın vəcdə gəlmiş, həyəcanlanmış halda, suyun mavi, durğun səthinə və o səmtdə xəyal kimi görünən qarlı dağ silsilələrinin zirvələrinə, zirvələrin üzərindəki buludlara baxa-baxa qumluqla gölə sarı gedirdi. Bu, ağuşunda insanın yaşadığı, ondan asılı olduğu, gördüyü və dərk elədiyi geniş aləm idi; bu, Allah kimi, o Allahın maddi təcəssümü kimi, qüdrətli və hər şeyə qadir aləm idi.
Kertolqo-zayip düz köpüklü dalğaların şappıldadığı xırda, dənəvər çınqıllıqda ayaq saxladı. Eleman da bir əlində atın yüyəni, o biri əlində isə itin boğazına salınmış qayış onun dalınca gəldi. Kertolqo-zayip diz çökdü, oğlu da onun kimi elədi, ana astadan, aydın eşidiləcək səslə dua oxumağa başadı:
– Ey İssık-Kul, sən torpağın gözlərisən, həmişə səmaya baxırsan. Əbədi, heç vaxt donmayan İssık-Kul, üzümü sənə tuturam ki, duam göylərin yuxarıdan təkinə baxan ilahisinə – taleyimizi yazana – Tenqriyə bəlli olsun.
Ey Tenqri, bizə qorxulu və təhlükəli vaxtda düşmənimiz oyratların qarşısında tab gətirmək üçün güc ver. Bizim dağlarda sənin nemətinlə – çəmənliklərdə və\ örüşlərdə mal-qara otarmaqla – yaşayan, altı tayfadan ibarət olan qırğız xalqımızı qoru. Ocaqlarımızın oyrat atlılarının dırnaqları altında tapdanmasına izin vermə. Ədalətli ol, açıq döyüşdə bizə zəfər bəxş elə. Amma orda, bax, o dağların arxasındakı Tolçuy dərəsində nə var? Orda nə baş verir? Döyüş meydanından nə xəbər-ətər var, nə çapar gəlir, qəlbimiz narahatlıq içində əzab çəkir. Orda vəziyyət necədi? Bizi sabah nə gözləyir? Ey Tenqri, qoru, döyüşə gedənləri qoru. Onları yəhərdə dik görməyimizə imkan ver, qoyma ki, cəsədləri dəvələrə yüklənib gətirilsin.
Duamı eşit, Tenqri, mən üç oğul anasıyam…
Eleman əllərində qayıpş və yüyən tazı Uçarla sarı, yalmanlı madyanın arasında diz çökmüşdü. O, nəzərlərini gölün tutqun dalğalarına, canlı bədən kimi nəfəs alan, qalxıb-enən ucsuz-bucaqsız sularına zilləmişdi. Göl bu məqmda sakit idi, yalnız dikəlmiş səthində güzgütək parıldayan kiçik dalğalar gözə dəyirdi. Uzun sürən qışın sonlarında, yazın başlanğıcında İssık-Kulun sahilləri lüt-üryan, kol-kos yarpaqsız, otlar sarı və quru idi, heç yerdə tüstü çıxan aul, çapan atlı, köç karvanı, otlayan sürü gözə dəymirdi.
Amma əvəzində İssık-Kulda qışlayan köçəri quşlar baharın gəlişini duyub, yeni diyarlara köç məqamının yetişdiyini hiss eləyib artıq iri dəstələr halında gölün üzərində dövrə vurur, dəstədən ayrı düşənlərsə, qanadlarını daha sürətlə çırpır, dağların ətəyində çəpəki tərzdə süzürdülər. Onların həyəcanlı fəryadları və qaqqıltıları da hər yerdə, bərq vuran yaz havasında çox-çox uzaqlara yayılırdı.
Boz, qırmızı ayaqları olan qazlar lap yaxında, az qala, düz yanlarında qışqırışa-qışqırışa dəstəylə çığıyırdılar. Onlar ucadan və çılğıncasına, var gücləriylə bağıra-bağıra başları üzərindən elə alçaqdan uçub keçdilər ki, çırpdıqları qanadlarının şappıltısı belə eşidildi. Oğlan gölün üzərində köçəri quşların daha bir neçə dəstəsini ayırd elədi. Onların qaz, ördək, qu, ili uzun ayaqlı çəhrayı flaminqo olduqlarını dəqiq deyə bilməzdi. Həmin quşlar uzaqda və hündürdə uçurdular. Yalnız qışqırtıları gah aydın, gah tutqun eşidilirdu. “Deməli, bu gün-sabah çıxıb gedəcəklər”, – o, qət elədi.
Anası isə hələ də qəlbində yığılıb qalan hər şeyi göylərin tanrısına – Tenqriyə – söyləyə-söyləyə qızğın və ehtiraslı tərzdə dua eləyirdi. Talleyin ərinə, böyük usta yurtçu Senirbaya rəhmi gəlməsi üçün – artıq sinəsində qara xəstəlik buludları toplaşmağa başlamış, bu gün hətta ata belə minə bilməmişdi – yalvarırdı:
– Ey Tenqri, atamızı, əlindən hər iş gələn ustamızı qoru. Axı bizim diyarda bütün tüstülər onun əlləriylə düzəldilmiş yurtun bacasından çıxırlar. Həyatı boyu saysız-hesabsız yurt qurub! Hamının – cavanın da, qocanın da, varlının da, kasıbın da, qoyun otaranın da, madyan sağanın da – dama ehtiyacı var.
O, bir də yalvarırdı ki, Tenqri nəvələrinin nazını çəkməsi üçün möhlət versin. Elə hey dua eləyirdi… Bəyəm, insanın az dərdi-səri var?!
Sıldırımlı, başıqarlı dağların arasında gözlərini göylərə dikmiş mavi gölsə, tutqun bətnində suyu qaynadır, canlı bədən kimi, elə-belə peyda olan və öləziyən iri, ləngərli dalğalar möhkəm əzələləri kimi dikəlirdi. Göl sanki gecə fırtına qaldırmaq üçün nəfəsini dərir, cəsarətini toplayırdı. Hələliksə toplaşmalı və tezliklə dünyanın o başına uzanan yeni yola çıxmalı olduqlarını əvvəlcədən duyan köçəri quşlar həmişəki kimi şəffaf gölün, onun yaz günəşinə boyanmış tər-təmiz səthi üzərindəki ənginlikdə cövlan eləyir, var səsləriylə qışqırışırdılar.
Ana isə hələ də qızğın və hiddətli tərzdə dua eləyirdi:
– Səni and verirəm anamın ağ südünə, məni eşit, Tenqri, sözlərimə fikir ver! Biz bura, sənin Yer üzündəki gözlərinin önünə, müqəddəs İssık-Kulun yanına sənə, talelərin qadir sahibinə, ilahi Tenqriyə üz tutmaq üçün gəlmişik. Bax, mən burdayam, yanımda da sonbeşik oğlum Eleman var, bundan sonra daha yaxşı-pis bir övlad doğub dünyaya gətirməyə amanım yoxdu, Səndən yalnız sonbeşiyimə atasının qabiliyiyyətini, Senirbaşyın məharətini bəxş eləməyi umuram, o, özü də atasının peşəsinə meyil göstərir… Bir də balam, sonbeşiyim Eleman qardaşı Koyçuman kimi, “Manas” nağılçısı olmaq istəyir. Bunu da ondan əsirgəmə, hər şeydən əvvəl ona qədimlərdən gələn Söz qüdrəti var ki, o Söz oğlumun qəlbində ağactək kök atıb böyüsün, balam əcdadlarından baş alıb gələn Sözü öz övladları və nəvələri üçün qoruyub saxlasın, ona qüvvə və güclü ruh ver ki, əcdadlarının qırğız olandan bəri yaratdıqları Sözü yaddaşına yığa bilsin…
Üç oğul anasıyam, Tenqri, eşit, dualarımı eşit. Bizimlə birgə bunu səndən həmişə insanların yanında olan dilsiz-ağızsız heyvanlar da – oğlumun sağ tərəfində duran, hər cür vəhşini yaxalayan tazımız Uçar da, sol tərəfində dayanmış, hələ bir dəfə də olsun, qısır qalmamış sarı, yalmanlı madyanımız da – istəyirlər…
Anası astadan, yarısəslə dua eləsə də Elemana elə gəlirdi, sanki onun sözləri ətrafa səpələnir, qızğın, insanı heyrətə salan fəryadtək bu başından o başınacan bütün gölün üzərinə yayılır; ona elə gəlirdi, sanki anasının sözləri həyəcan dolu və həssas əks-səda kimi ətraf dağlarda səslənir: “Məni eşit, Tenqri, eşit, eşit…”
Kertolqo-zayip ata minib kiçik dəstə halında kölün sahiliylə uzaqlaşan yol yoldaşlarının ardınca tələsəndə Elaman tazı Uçarın qayışından tutmuş halda uzun müddət yerindən tərpənmədi. O, övladı bu günü, anasının Göl kənarındakı dua elədiyi bu məqamı ömründə bir-iki dəfə deyil, dəfələrlə xatırlayacağını, xatırlayanda da ağlayacağını bilmirdi, taleyinə anasının ondan ötrü Tenqrinin özündən “Manas”ın böyük nağılçısı qabiliyyyəti verməsi, xalq arasında ildırıma oxşar manasçı Eleman adı aldığı üçün həm sevinclə, həm də acı-acı minnətdarlıq eləyəcəkdi. Bilmirdi ki, onun gənclik illəri oyratların ağlasığmaz təcavüz illəriylə eyni vaxta düşəcək, camaat gizlincə gözdən kənar dərələrdə yığışıb “Manas”ı dinləyəcək; bilmirdi ki, hər dəfə “Manas”ı yenidən nağı eləməyə başlayanda fikrən nağılçı oğlunu gizlətdiyinə görə çoxdan öldürülmüş anasının Göl kənarındakı duası üzərinə qayıdacaq, buna görə də başlanğıc ondan ötrü həm təskinlik, həm əzəmət ruhunun əldə edilməsi, həm əcdadlarından miras qalan, xalqın ölməzliyinin mahiyyətini ehtiva eləyən Sözün gözəlliyi və dərinliyinin duyulması idi. O, bilmirdi ki, qorxudan nəfəslərini udmuş adamlara “Manas”ı xatırlatmaq məhz onun qismətinə düşəcək:
“Ey qırğızlar, aramızdakı ən böyük insan, Manas haqqında hekayətimi dinləyin. O günlərdən bu günlərəcən günlər qum kimi axıb gedib, saysız-hesabsız gecələr əbədiyyətə qovuşub, illər ötüb, əsrlər karvantək uzaqlarda yox olub… O vaxtdan bu dünyaya daşların sayı qədər, bəlkə, ondan da çox insan gəlib-gedib. Onların arasında böyük adamlar da, adsız-sansız kəslər də olub. Yaxşı adamlar da, pis adamlar da olub. Dağlar kimi güclü pəhləvanlar, pələngtək qüvvətli batırlar, hər şeydən xəbərdar müdriklər, əllərindən hər iş gələn ustalar olub, çoxdan yoxa çıxmış, indi yalnız adları qalmış xalqlar sayca çox olublar.
Dünən olanlar bu gün mövcud deyillər. Bu dünyada hər şey gəldi-gedərdi. Bu dünyada yalnız ulduzlar əbədidi, əbədi Ayın işığında öz yollarına davam eləyirlər, yalnız əbədi Günəş daim şərqdən doğur, yalnız qara sinəli torpaq öz yerində əbədi qalır. Yer üzərindəsə, yalnız insan yaddaşı hər şeydən uzun yaşayır, amma insanın özünə qaşla göz arası qədər qısa möhlət verilib. Yalnız insandan insana gedən düşüncə, nəsildən nəslə keçən söz ölməzdi…
O günlərdən bu günlərəcən Yer öz görkəmini dönə-dönə dəyişib. Dağların olmadığı yerlərdə iri dağlar yaranıb. Dağların olduğu yerlərdə bomboş düzənliklər peyda olub. Dərələrin qaraldığı yerlərdə çala-çuxurlar xəmirtək düzəlib, çayların axdığı yerlərdə sahillər bir-birinə qovuşub. Həmin müddətdə də Yer üzərindəki yeni dərələri və uçurumları yeni yağışlar yuyub. Dünya yaranandan bəri hardasa mavi dənizlər dalğalanıb, indi sükuta bürünmüş yerlərdə qumlu səhralar uzanıb gedir… Şəhərlər salınıb, dağıdılıb, köhnə divarlar üzərində yeni divarlar ucaldılıb….
O günlərdən bu günlərəcən söz yaranıb, fikirdən fikir doğulub, nəğmə nəğməyə qarışıb, olmuş hadisələr qədim əfsanəyə çevrilib. Qırğız tayfalarının məhək daşı olan, onları çoxsaylı düşmənlərdən qoruyan Manas və oğlu Semet haqqında dastan bizə bu cür gəlib çatıb…
Biz bu dastanda atalarımızın və babalarımızın səsini diriltmişik, bu dastanda havadakı quşların çoxdan susmuş qanad səslərini, at ayaqlarının çoxdan kəsilmiş tappıltılarını, təkbətək döyüşə girmiş batırların çoxdan eşidilməyən nərələrini dirçəltdik. Bu sözlərdə keçmiş həyat sağ olanların gözləri qarşısında yenidən peyda olur, onları şöhrətləndirir….
Əzəmətli Manas və onun igid oğlu Semet haqqında dastanımızı elə bu cür başlayırıq – sağ olanların xətrinə, sağ olanların xətrinə…”
O, balaca oğlan bilmirdi ki, gələcəkdə, cunqar əsarəti altındakı faciəvi və ağır sınaq günlərində Allahın lütfü sayəsində xalq sözünün carçısına çevriləcək; bilmirdi ki, düşmən onun başına min seçmə at qiymət qoyulacaq, xainlər üzündən ələ keçəcək, bürkülü qazax çöllərində işgəncələrə məruz qalacaq, gözləri oyulacaq və öldürüləcək. O son məqmında qanı axa-axa, susuzluqdan əziyyət çəkə-çəkə yenidən bu günü, bu anı, anasının səcdə elədiyi bu Gölü, uzaq diyarlara köçməyə hazırlaşan bu quşları xatırlayacağını, bütün bunları sanki aşkarda görüb anasını səsləyə-səsləyə öləcəyini bilmirdi.
Bütün bunlar – şöhrət də, mübarizə də, ölüm də – onu irəlidə gözləyirdi…
İndisə eləcə İssık-Kulun sahilində, anasının dua elədiyi yerdə dayanmış, tazı Uçarın qayışından bərk-bərk yapışmışdı ki, it qəfildən qopub gözdən itən dəstənin arxasınca cummasın. Sonra xəstə atasını yadına salıb tələsdi.
– Getdik, Uçar, getdik! – O, itə ciddi tərzdə əmr eləyib sahil boyu sıralanmış dağların yamaclarıyla aula yollandı.
Elaman göldən uzaqlaşa-uzaqlaşa geridə quş dəstələrinin bayaqkı narahat səslərini və fəryadlarını eşitdi…
***
Həmin gecə, dan yeri ağaranda böyük yurt ustası Senirbay oğlu Elamanın gözləri qarşısında dünyadan köçdü. Atasının xırıltıyla, təngnəfəs halda, artıq sözünə baxmayan diliylə söylədiyi sözlər güclə başa düşülürdü. Amma onun üzərinə əyilmiş oğlan əsə-əsə, ağlaya-ağlaya, orta ocağının titrək işığında xəstənin qıx olmuş dodaqlarının hərəkətini izləyə-izləyə söhbətin nədən getdiyini başa düşdü. Oğlan iki kəlməni ayırd elədi:
– Nə… Talçuy…
O sözlərin mənasını anlayıb dodaqlarını dişləyə-dişləyə ağladı, sonra özünü saxlaya bilməyib ucadan hönkürdü, uca səslə dilləndi:
– Yox, ata, heç bir xəbər yoxdu! Səni aldada bilmərəm! Heç nə məlum deyil. Burda tək-tənhayam. Eşidirsən? Qorxuram. Ölmə, ata, ölmə. Tezliklə anam qayıdacaq, tezliklə anam qayıdacaq…
Oğulun bu sözlərinin ölüm ayağında olan qocanın şüuruna çatıb-çatmadığını heç kəs bilmir. O, elə həmin məqamda da gözləri açıq halda öldü. Bu faciə baş verəndə, qəfil ölüm atanın simasını yad və qorxunc hala salanda oğlan eymənib özünü yurtdan bayıra atdı, neylədiyini özü də bilmədən, ümidsizlik və dəhşət içində var gücüylə qaçmağa başladı. O, qışqıra-qışqıra, hönkürə-hönkürə harasa cümur, tazı Uçar da qorxmuş halda quyruğunu qısıb arxasınca yorturdu. Eleman yalnız coşub-daşan Gölün sahilinə çatanda özünə gəldi. Orda dayandı, quruyub qaldı. İssık-Kul bu gecə hiddətliydi, qynayıb-coşurdu. Amma yuxarıdan Elemanın qulağına başqa səslər, başqa çığırtılar gəlirdi. O, başını qasldırıb sökülən dan yerinin boz səmasında çox böyük quş dəstəsi gördü. Quşlar Gölün üzərində dövrə vurur, irəlidəki silsilə dağları aşmaq üçün ənginliyə qalxırdılar. Son dövrələrini vurdular, çay kimi qatarlanıb, get-gedə daha da yuxarı qalxıb Boom dərəsinə, aşırımın o tayına, Talçuy səmtə üz tutdular. Oğlan onların uzaqlara və uzun müddətə getdiklərini, Talçuy dərəsi üzərindən keçəcəklərini, daha uzaqlardasa naməlum uzaq diyarların yerləşdiyini bilir, var gücünü toplayıb qışqırırdı:
– Atamız öldü! Qardaşım Koyçumana çatdırın ki, atamız öldü! Atam öldü, öldü, öldü!..
***
Dağların üzəriylə uzun-uzadı uçduq. Aşırımda güclü külək qapqara, topa buludları bizə tərəf qovdu. Əvvəlcə yağış çisələdi, sonra bədənimizə ox kimi batan qar yağdı, islanmış qanadlarımız buza dönməyə başladı, uçmaq çətinləşdi. Dəstəmiz geri qayıtdı, arxamızca da digərləri gəldilər, yenidən qışqırışa-qışqırışa gölün üzərində dövrə vurmağa başladılar, sonra orda dövrə vura-vura, gedikcə daha da yuxarı qalxıb yenidən yola düzəldik, bu dəfə dağlardan və buludlardan çox yuxarı qalxdıq, səhər gün çıxanda aşırımı keçdik, çox-çox aşağıda uzanıb gedən Talçuy dərəsini gördük. Bərəkətli Talçuy, geniş çöğllərəcən uzanıb gedən vadi başdan-başa gün işığına boyanmış, yer-yurd artıq yaşıl rəngə boyanmış, ağaclar tumurcuqlayıb, yelinləmiş madyanların qarnı kimi şişmişdi.
Gümüşü rəbgli Çuy çayı burula-burula dərənin ortasından keçirdi, bizim yolumuz da o çayın yatağı boyu uzanırdı. Göydən dərəni həsrət dolu qaqqıltılarla salamladıq, get-gedə çay boyu aşağı endik, Yerə yaxınlaşdıq, çünki quş karvanlarının böyük, daimi yolundakı ilk dayanacaq yerimiz axının aşağısında, döngədəki qamışlı körfəz idi. Orda dincəlməli, yemlənməli, yenidən yola düşməliydik. Amma qismətimizdə həmişəki kimi sığınacaq tapmaq yoxmuş.
Dəstəmiz qanadların və quyruqların köməyilə sürətini azaldıb get-gedə intizarında olduğu körfəzə yaxınlaşmağa başladığı məqmda da gözlərimiz qrşısında insan qırğını mənzərəsi canlandı. Çox qorxunc mənzərəydi. Saysız-hesabsız adam, minlərlə piyada və atlı orda, körfəzimizdə üz-üzə gəlmişdi. Vəhşi bağırtıar, uğultu və nəırilti, qışqırtı, çığırtı, zarıltı, qıcırtı və xırıltı ətrafı başına götürmüşdü. Belə bir böyük məkanda da adamlar qanlı döyüşdə bir-birilərini qırırdılar. Onlar gah nizələrini uzadıb iri dəstələrlə, dəhşətli bağırtılarla irəli şığıyır, gah səndələyir, bir-birilərini üstünə yıxılır, atların dırnaqları altında diri-diri tapdanır, gah təzədən ətrafa səpələnirdilər, gah biriləri qaçır, digərləri qovurdu. Bir hissəsi qamışlıqda xəncərlər və qılıncla döyüşür, bir-birini boğazlayır, bağırsaqlarını bayıra tökürdülər. Hər tərəfdə insan və at meyitləri üst-üstə qalanmışdı, böyük körfəzdə, suyun içində çoxlu meyit vardı, axının qabağını tutmuşdu, qandan qıpqırmızı qızarmış su daşır, atların dırnaqları altında qanlı xəmir yaranırdı.
Dəstələrimizdəki quşlar diksindilər, havada səs-küy qopdu, qatarımız pozuldu, başıpozuq halda, qorxu içində göydə dövrə vurmağa başladıq. Uzun müddət özümüzə gələ, sakitləşə bilmədik, bir-birilərini öldürən bədbəxt insanların üzərində uzun-uzadı uçduq. Beləcə, orda yerə enib dincəlmək bizə qismət olmadı, o lənətlənmiş dərədən uizaqlaşmalı, yolumuza davam eləməli olduq…
Köçəri quşlar, bağışlayın! Olanlara görə, olacaqlara görə bizi bağışlayın. İnsan həyatının niyə bu cür nizamlandığını, nəyə görə Yer üzündə bu qədər öldürülən və ölən olduğunu nə mən izah eləyə bilərəm, nə də siz başa düşərsiniz… Ey tər-təmiz məkanda yol alıb gedən ilhi quşlar, Allah xətrinə, bizi bağışlayın… Döyüşdən sonra orda qurdların bayramıydı, qarınlarını o qədər doldurmuşdular ki, qanadlarını tərpədə bilmirdilər. Döyüşdən sonra orda çaqqallar bayram eləyir, sinə-sinə gəlir, ölülərin ətindən bəs deyənəcən yeyirdilər. Uçun gedin, bu qorxunc yerlərdən uzqlaşın.
***
Bineyi-qədimdən belədi: hər dəfə vədələri yetişəndə – nə gec, nə tez – quşlar uzaq səfərə çıxırlar. Onlar daim mütləq yalnız özlərinə məlum olan, əcdadlarından miras qalan yolla dünyanın bu başından o başına yollanırlar. Qasırğadan, tufandan keçir, gecə-gündüz uçur, yorulub-usanmadan qanadlarını tərpədir, hətta daim uça-uça yatırlar. Onların canlı, təbiət aləmində qaçılmaz nizamlarının mahiyyəti bundan ibarətdi. Quş karvanları balalamaq üçün quzeyə, böyük çaylara, öz yuvalarına uçurlar. Payızda da qanadlanmış balalarıyla birgə güneyə üz tutacaqlar – bu, daim davam eləyəcək…
Bax, biz artıq neçə sutkadı ki, yoldayıq. Bu ənginlikdə, ilahi ucalıqda sop-soyuq külək sonsuz çay kimi uğuldayır. O çay – sonsuz Kainatda elə hey gözəgörünmədən, Allah bilir, harasa axıb gedən zamandı.
Boyunlarımız oxu, bədənlərimiz dözümlü və yorulmaz qəlbi xatırladır. Hələ uzun müddət qanadlarımızı çırpa-çırpa uçmalıyıq…
Uçur, get-gedə daha da yuxarı qalxırıq… O qədər ucalırıq ki, dağlar artıq yastı görünür, sonra da tamam gözdən itirlər, get-gedə uzaqlaşan Yer kürəsi cizgilərini itirir, bilmək olmur Asiya hardadı, Avropa hardadı, su hara, quru haradı. Ətraf tamam bomboşdu, ucsuz-bucaqsız Kainatda yalnız Yer kürəmiz səhrada azmış köşək kimi asta-asta yırğalanır, yavaş-yavaş üzür, anasını axtarır. Bəs, anası hardadı? Cəmi Yer kürəsinin anası hardadı, bütün Yer kürəsinin anası hanı? Səs-səmir yoxdu! Yalnız külək, bomboş ənginliklərin küləyi uğuldayır, amanat Yer kürəsi asta-asta üzür, yetim qalmış uşaq kimi əsir.
Doğrudanmı, onda bu qədər Xeyir yerləşir, bu qədər Şər bağışlanır, bu qədər Xeyir yerləşir, bu qədər Şər bağışlanır? Yox, başğışlamaq lazım deyil, xahiş eləyirəm, yalvarıram, bağışlamaq lazım deyil, ey yaradıcı tüstülər, yaradıcı düşüncələr, yaradıcı talelər!
Mən bu uçan dəstədə qanadlı quşdan başqa bir şey deyiləm. Durnalarla birgə uçuram, özüm də durnayam. Durnalarla birgə zülmət gecələrdə ulduzların altıyla, gündüzlər zəmilərin və şəhərlərin üzəriylə uçuram. Öz düşüncələrimə dalıram.
Uça-uça ağlayır, uça-uça ağlayır, uça-uça ağlayıram,
İnsanlara və allahlara and verirəm,
Yer kürəsiylə ehtiyatlı olun,
Ey insanlar, güc verməyin…
O durnanın göz yaşlarıdı?… Silin üzünüzdən!
Hər halda, hər halda, hər halda,
Ey insanlar, Alah sizi ağlagəlməz bəlalardan qorusun,
Sönmək bilməyən yanğınlardan qorusun,
Ağılsız adamların qanlı qırğınlarından qorusun,
Sizi düzəlməyən işlərdən qorusun,
Ey insanlar, sizi, ağlagəlməz bəlalardan qorusun…
…Dəstə gözdən itir. Artıq qanadlarının çırpıntısını ayırd eləmək olmur. Bax, artıq göyün ortasında nöqtəyə oxşayır, bax, indi o nöqtə də yoxdu…
Amma bax, yenidən bahardı, yenə ənginlikdıə durnaların qaqqıltısı eşidilir…