Koçaryan içindəki faşizmi açıq ifadə edir

Koçaryan içindəki faşizmi açıq ifadə edir
Belə bir zehniyyətin hakimiyyətə sahib olması bütün region üçün təhlükəlidir
Xəbər verdiyimiz kimi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında Qarabağda müharibənin yenidən başlaya biləcəyini iddia edib. Koçaryan bildirib ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə səbəb olacaq. Onun sözlərinə görə, müharibə ATƏT-in Minsk qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi: “İndi Minsk qrupuna ehtiyac var. Bu, Rusiyaya da sərfəlidir. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir.

Ancaq dünya təcrübəsi göstərir ki, ədalətsiz sülh uzun sürə bilməz”. Koçaryan İkinci Dünya müharibəsinin ədalətsiz “Versal sülh müqaviləsi” üzündən baş verdiyinə diqqət çəkib: “Tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, yeni müharibə gözləyin. Bu, əlverişli geosiyasi şərtlər olduqda baş verəcək. Siyasi həll yolu tapmaq lazımdır. Əgər Azərbaycan Qarabağ problemini həll etdiyinə inanırsa, hətta bu gün ən yaxşı mövqelərinə baxmayaraq demək olar ki, hər şey əksinədir”. 

Sabiq prezidentin sərsəm bəyanatını “Şərq”ə dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri, politoloq Samir Əsədli bildirib ki, Koçaryanın son bəyanatı uzun illər Ermənistana rəhbərlik etmiş bir rejimin əsl mahiyyətini üzə çıxarır:
“Sivil dünyanın qəbul etdiyi ərazi bütövlüyünün bərpası niyə ədalətsizlik sayılmalıdır ki? İkinci Dünya müharibəsinin başlamasına haqq qazandırmaq bu şəxsin içindəki faşizmin açıq ifadə olunmasıdır. Dünya bunun fərqində olmalı və Azərbaycanın Xocalı soyqırımı ilə birgə anlatmaq istədiyi həqiqətləri dərk etməlidir.
Qafqazda sülh və sabitlik istəyənlər birdəfəlik başa düşməlidir ki, belə bir zehniyyətin hakimiyyətə sahib olması bütün region üçün təhlükəlidir. O ki qaldı Koçaryanın müharibə təhdidlərinə, bu şəxs hələ özünə qarşı ittihamlara cavab versin, bəraət alsın, sonra öz xalqı adından danışar”.
S.Əsədlinin sözlərinə görə, 44 günlük müharibə həm xalqların döyüş əzmi, həm də orduların hərbi potensialı arasındakı fərqi ortaya qoydu:
“Erməni xalqı bunun fərqindədir və yeni müharibənin ermənilər üçün daha böyük fəlakətlərə yol açacağını gözəl bilirlər. Eyni zamanda son proseslər onu göstərir ki, Ermənistanda şovinist təbliğat fiaskoya uğramaqdadır. Erməni xalqı tədricən də olsa Qarabağ həqiqətini dərk etməkdədir. Düşmən ölkənin rəhbəri olsa da, Paşinyanın bir cəhətini etiraf edək ki, o, ölkəsini Rusiyanın forpostu olmaqdan qurtarmaq və mənasız ərazi iddiaları xülyasından qurtarmaq üçün ciddi islahatlara start verib.
Koçaryan və onun komandası Kremldəki sahiblərinin sifarişini yerinə yetirir. Bundan başqa baş verənlərin heç bir izahı yoxdur”.

Paylaş

Share: