Alisiya Minjarez Ramírez
(Meksika )
SƏYYAH
Günahları yuyan dəniz küləyi
düşüncəni həbs edir
ulduz yağışı kimi,
hilaldakı ətirli sözlər qədər.
Duz rəsmini çəkir
səndəki dözümün,
səbatlı varlığın.
Mavi hava axını da
sənin çənli
zirvələrin haqda yazır,
ağacın ucalıq yolundan keçib.
Gitara səsləri sənə
üfüqü nişan verir.
Səni hiss edirəm bütün
döyüntülər arasında.
Yarpaqları seyrək
maye kölgələr,
xəyali göyərçinlər,
parıldayan musiqili
arzular
yaradıram.
Səni tapdım,
yalan, gerçək.
Tələs bir az,
yağışdakı davamlı səs.
Yuxularımın
gözəl səyyahı,
xəyali addımların
və atəşdən silahın.
Zəif şirin ətirli
buxar qoxusu,
alaqaranlıq
qərib bir meşə,
sənin üçün yaradılan
bir yolam,
qaranlıq bataqlıqdan,
köhnə göy üzündən
yeni başlanğıc.
Sənin o işıq sözün,
vüsalın təməlidir,
birləşməyin dilidir.
Tərcümə TƏRANƏ TURAN RƏHİMLİnindir