Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti

Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti

Kulis.az Əli Zərbəlinin “Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti” adlı yeni hekayəsini təqdim edir.

Z. sonuncu cümləni tamamlayıb stula yayxandı. Köhnə stul cırıldayıb yırğalandı, Z. cəld əllərini uzadıb masadan yapışdı. Hərəkətsizlikdən ağırlaşmışdı. Yazı yazdığı sol əli azca keyimişdi. Bütün bədəni ağrıyırdı; çiyinləri, beli, ayaqları… Elə bil kimisə saatlarla çiyinlərində gəzdirmişdi. Gərnəşib yerindən qalxa-qalxa düşündü ki, əgər bir az da gec durmalı olsaydı, arxasını stuldan ayırmağı çətin olacaqdı. Qələmi qalın dəftərin – dəftər artıq bitirdi – arasına qoyub dəftəri bağladı və gizlədirmiş kimi masada qalaqlanmış kitabların arasına dürtüşdürdü. Gözü dibində azca kofe qalmış fincana sataşdı. Bir qurtumluq buz kimi kofeni acgözlüklə başına çəkdi. Təbii ki, bu onun susuzluğunu yatırmadı. Mətbəxə su dalınca tələsirdi ki, aralı pəncərədən içəriyə küy doldu. Pəncərəyə yaxınlaşdı. Görkəmcə oxşar iki orta yaşlı kişi bir addımlıq məsafədə durub qışqıra-qışqıra, sanki teatr səhnəsindəymiş kimi əl qolunu ölçə-ölçə bir-birilərinə hədə-qorxu gəlirdi.

***

Son

İsim

[Bir şeyin qurtaracağı, nəhayəti, axırı; axır, aqibət, nəticə]

Nümunələr:

  1. Beləliklə, uzun sürən, təlatümlü, yuxuqaçıran məsələnin sonuna gəlib çıxmışdılar. Bununla belə, heç də hər şey göründüyü qədər sadə deyildi. Az qala əlbəyaxa olacaqdılar ki, (hətta biri yumruğunu sıxıb digərini hədələdi) birdən ikisi də eyni anda kinin və hiddətin bayaqdan boğub cansız etdiyi bir faktı xatırladılar: “Bizə yaraşmaz” düşündü ikisi də, “Ziyalı adamlarıq. Qoy rədd olsun!”

Oğru

İsim

[Oğurluq edən adam, oğurluqla məşğul olan adam]

Nümunələr:

  1. Bir neçə saniyə bir-birilərini qəzəbli baxışlarla süzdükdən sonra onlardan biri (onun adı Musa idi) qaş-gözü ilə digərinin qoltuğundakı əzik-üzük əlyazmanı işarə edərək çəmkirdi: Oğru!
  2. Digərinin isə (onu adı Məmməd idi) həmin o gərgin anda ağlına gələn yeganə cavab ona atılan həyasız ittihamı eyni mimika ilə incik uşaqtək təkrarlamaq oldu: Oğru elə sən özünsən!

İdeya

İsim.

[İnsan şüurunda varlığı əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür, fikir, qayə. Musa və Məmmədin yeganə həyəcan mənbəyi]

  1. İkisi də cingiltili, isterik bir qəhqəhə çəkdi və dərhal əvvəlcə biri daha sonra isə digəri əlindəki əlyazmanı havada yelləyərək kitabın ilkin ideyasının, əslində, ona məxsus olduğunu elan etdi.
  2. Bu mümkün deyil, Musa dedi, bu ideya, düz on iki il əvvəl rəhmətlik anamın ölümündən on üç gün öncə, bizə cincilim kətəsi hazırlayarkən mənə qəfil məchulluqdan nazil olub. O vaxtlar (Dilçilik İnstitutunun “Leksikologiya” fakültəsində dərs dediyim illər) başqa bir kitab üzərində işləyirdim, ancaq bu gözlənilməz ideya içimdə fırtınalar qopardı, ani ilhamla lal qaldım, onurğamdan əsməcə keçdi, qoca anamın – nə biləydim ki, onu son dəfə görürəm – harayına məhəl qoymadan pencəyimi götürüb evə – iş masama tələsdim. Elə həmin gecə artıq kitabın onurğasını hazır etdim. Gecə-gündüz yazdım. Ən möhtəşəm hissələri ən yuxusuz gecələrimdə yazdım. Yuxu xumaredici caynaqlarını boynuma, yanaqlarıma sancaraq yavaş-yavaş yuxarı dırmaşır, göz qapaqlarımın üstündə özünə yer salırdı. Göz qapaqlarımın ağırlaşdığı, yuxu ilə gerçəklik arasındakı gözəgörünməz incə sərhədin pozulduğu anlarda bu kitab həqiqətən var olmağa başlayırdı. Günortalar, yuxuda olarkən ağzımın şirəsinin islatdığı əlyazmadan başımı qaldırır, yaddaş ilə yanılsamanın iç-içə keçdiyi ölçülərdə azmış dumanlı zehnim qarşımda gördüklərimi zaman-məkanın ələyindən keçirməkdə çətinlik çəkirdi. Axsaq beynimin emal edə bilmədiyi əlyazmalara heyrətlə göz gəzdirirdim. Birnəfəsə yazılmış, oxunaqsız onlarla səhifə və sonda tamamlanmamış bir cümlə – yuxunun zəfəri. Yalnız on üç gün sonra aramsız çığıran telefona istəksiz cavab verdim; xəttin digər ucundakı hıçqırıqlar məni otağımdan çıxardı.

Məmmədin dodaqları özünəarxayın bir gülümsəmə ilə dartıldı, “bu mənasız uydurmalarına inanacaq axırıncı adam, yəqin ki, mənəm”, o dedi, “nəticədə sən də yazıçısan, sənin üçün uydurmaqdan asan nə var ki?”

Yazmaq

Fel

[Musa və Məmmədin həyatını həsr etdiyi akt]

  1. Əlbəttə ki, mənim sənə inanmadığım kimi, indi deyəcəklərimə də sən inanmayacaqsan – Məmməd dedi. Özün bilərsən, istər inan, istər inanma, faktlar dəyişmir, Musa. Belə bir kitab yazmaq düşüncəsi düz on iki il əvvəl (sadəcə təsadüf!) yaxın bir dilşünas dostumun ad günümə hədiyyə etdiyi, onun dediyinə görə əvvəllər Rampur Raza kitabxanasının rəflərində yaşamış, çox qədim izahlı sanskrit lüğətini bir Avqust gecəsi vərəqləyərkən ağlıma gəldi və bil ki, heç vaxt unutmaram, elə həmin andaca başılovlu iş masama yüyürdüm, sanki hər şey indicə beynimdən buxarlanacaqmış kimi tez-tələsik boş vərəqlərə cumdum, həmin gecə səhərə kimi dayanmadan yazdım.

Söz(lər)

İsim

[Musa və Məmmədin həyatının mənası]

  1. Özümlə səssiz razılığa gəlmişdim yazdıqlarıma ən xırda düzəlişlər belə etmədən davam edirdim cümlələri kiçik hərflərlə başlayırdım vergülləri nöqtələri unudurdum bəzən bir cümlə onlarla səhifə davam edirdi gözlərimi yumub xəyalımda beynimi yarırdım və fasiləsiz qaynayan qanlı qeyzer – bunlar o axtardığım sözlər idi – boş vərəqlərin üzərinə fışqırırdı ancaq birdən saatlarla günlərlə hətta aylarla yazdığım mətnlərin, əslində, mənə aid olmadığının fərqinə varırdım mən necə sarsaq necə sərsəri işlərlə məşğul olurammış bir də ayılırdım ki əslində aylar bəlkə də illər öncə oxuduğum kitabların üzünü köçürürəmmiş dəhşətdir sən demə həmin o vəcdə gələrək yazdığım sözlər mənə məxsus deyil imiş.

Cırmaq

Fel

[Kağız, parça kimi şeyləri qıraqlarından dartaraq parça-parça, doğramdoğram etmək. Musa və Məmmədin əlyazmalarının aqibəti]

  1. Məmməd, qulaq as – Musa dedi – bunlar hamısı mənə tanış mənzərələrdir. Heç bilirsən, bu vaxta kimi neçə-neçə üzqarası əlyazma cırmışam? Az qala ağlımı itirirdim, cəld masadan sıçrayırdım, ani hərəkətlə yazdığım səhifələri qoparır, onları ən xırda tikələrə qədər cırıb didirdim, sonra hirsim biraz soyuyur və təzədən masaya çökürdüm.
  2. Onları niyə cırırdım? Gözlərimin işığı sönənədək, qələmlərimin mürəkkəbi bitənədək – masam tükənmiş qələmlərlə dolu idi – yazır və bir gün birdən bu yazdıqlarımı əslində illər əvvəl yazmış olduğuma, tozlu arxivlərdə utancla gizlətdiyim bu pərtlik və məyusluq gətirən sətirləri yenidən yazdığıma şahid olurdum. Dəhşətdir! Siyirmələri vahimə içində bir-bir açıb masaya, yerə boşaldırdım. Qalaqlanmış kağız-kuğuzun içində iməkləyir, axtardığım mətnləri tapmayanda onları yeni oyuncağını bəyənməyən pərişan körpə kimi havaya tullayırdım. Lakin, nəhayət hövlnak axtarışlar nəticə verirdi; o səhifələri tapırdım və biraz öncə yazdıqlarımla tutuşdurmağa tələsirdim. Səncə nə görürdüm? Onlar birəbir eynidirlər! Mən illərdir eyni şeyləri təkrar-təkrar yazırammış! Ağlamsınır, təngnəfəs masaya çökür, sonra boşalmış qollarımda taqət tapıb həmin səhifələrə vəhşi kimi cumur, onları dayanmadan cırıb havaya səpələyirdim.

Narahatlıq

İsim

[Musa və Məmmədin içini gəmirən hiss]

  1. Musa, səni o kafedə dəfələrlə görmüşdüm. Belin bükük dairəvi masaya çökür, kofedən qurtumlayır, qələmlə boynunun arxasını qaşıyır, şübhəli, narahat baxışlarla ətrafı süzürdün. Çox narahat görünürdün, hətta səni görəndə belə düşünmüşdüm: sən sanki narahatlıq adlanan materialdan əyninə paltar biçmisən və boğazına kimi düymələmisən. Qarşındakı dəftəri gah bağlayıb kənara itələyir, əvəzinə çantandan bir kitab çıxarıb –hər dəfə fərqli bir kitab – təsadüfi səhifələrdən açaraq oxuyur, gah da ani hərəkətlərlə kitabı masanın üstünə tullayır, cəld qeyd dəftərini qapıb oğrun-oğrun nəsə yazmağa başlayırdın.
  2. Mən kafenin digər ucunda, pəncərənin altındakı masada narahat oturar, hər şeyi unudaraq gizlincə səni izləyərdim. Bəzən sırf sənin masanın yanından keçim deyə tualetə gedərkən yolumu absurd şəkildə uzadır – az qala kafedə dövrə vururdum – masana bir addım yaxın olduğum anda isə sən dərhal dəftərini bağlayır, sağ əlinlə gicgahını ovuşdurur, sol əlində tutduğun qələmin başını gəmirirdin. Köhnə, rəngi solmuş pencəyinə, ütüsüz şalvarına, çirkli ayaqqabılarına, baxımsız, bozumtul saçlarına, bir yerdə durmayan baxışlarına və narahat oturuşuna baxıb düşünürdüm. Görəsən, o nə yazır?

Pəncərə

İsim

[Musa və Məmmədin yaza bilməyəndə saatlarla qarşısında durduğu küçəyə baxan şüşəli çərçivə]

  1. Mən o binaya təzəcə köçmüşdüm. Əvvəllər yaşadığım səs küylü, zirzəmisindən üfunət iyi vuran binadan sonra bu yeni məkan mənə cənnət kimi görünürdü: sakit, təmiz və ilhamverici. Pəncərənin məhəccərinə dirsəklənib saatlarla küçəyə baxırdım. Belə günlərin birində üzbəüz binada səni ilk dəfə gördüm. Məndən iki mərtəbə aşağıda, azca aralanmış pəncərənin arxasında siqaret çəkirdin. Əynində rəngi solmuş, qırışlı qısaqol köynək vardı. Çox stressli və əsəbi görünürdün. Ətrafa nəzər yetirmirdin, naməlum bir nöqtəyə zillənərək ciyərlərini aramsız tüstü ilə doldururdun. Siqareti çəkib kötüyünü tələsik külqabıya basır, küləyin içəri sovurduğu pərdələri aralayıb otağına geri dönürdün. Mənim pəncərəmdən bu otağın yalnız kiçik bir hissəsi – yatağının baş ucu – görünürdü. Bir müddət gözə dəymirdin, sonra yenidən mənim görmə üfüqümdə peyda olur, gəlib yatağının baş tərəfində oturur, başını az qala dizlərinə toxunduracaq yaxınlıqda sallayır, əllərinlə üzünü örtürdün. Üz cizgilərini, gözlərini aydın görməsəm də, sezirdim ki, əzab çəkirsən. Sonra yatağının böyründəki kamodun üstündə qalaqlanmış kitablardan birini dartıb çıxarır, kitabı təsadüfi bir hissədən açır, bir neçə dəqiqə vərəqlədikdən sonra geri qaytarır, ayağa qalxaraq otaqda var-gəl etməyə başlayırdın.
  2. Çox narahat görünürdün, o qədər narahat ki, hətta ətrafındakı aura ilə sənə tamaşa edənləri də asanlıqla narahatlığa yoluxdura bilərdin. Bir müddət yenə görünməz olurdun. Bu vaxt ərzində ətrafa göz gəzdirir, digər pəncərələrə maraqlı bir şey görmək ümidilə nəzər salır, səssiz, həyatdan heç bir əlamət daşımayan bu binada heçnə tapmayanda başımı sola aşağı çevirir, yenidən sənin pəncərənə zillənirdim. Sən əlində fincan – nədənsə bunun soyuq kofe olduğunu zənn etmişdim – pəncərədə peyda olurdun. Bir-iki qurtumdan sonra fincanı pəncərənin qarşısına qoyur, azca geri çəkilərək kamodun siyirmələrini ələk-vələk edib əlyazmalar çıxarır, onlara bir neçə dəqiqə ovsunlanmış kimi baxır, sonra tələsik, dayanmadan nəsə yazmağa başlayırdın. Gördüyüm qədərilə yalnız bu an ətrafındakı gərgin aura sanki yavaş-yavaş yoxa çıxırdı. Sən dayanmadan yazır, mən isə düşünürdüm: görəsən o nə yazır?

Kitab(lar)

İsim

[Musa və Məmmədin dinclik tapdığı, sitayiş etdiyi abidə(lər)]

  1. Bəlkə də bu kitaba nə vaxt hamilə qaldığımı dəqiq deyə bilmərəm, ancaq bir şeydən əminəm ki, bu kitabı yazdığım dövrdə, mənim mütaliə seçimlərimin böyük hissəsi çoxlarına tanış olmayan, qadağan olunmuş, tarixin ələyində ilişib qalmış, anlaşılmaz, ədəbiyyatşünaslar tərəfindən vacib olmadığı düşünüldüyü üçün araşdırılmayan mətnlər idi və mən bilirdim ki, bu kitabları məndən başqa elə də çox adam oxumur və ən əsası, heç kim onları material kimi yazılarında istifadə etmir və bilirdim ki, belə bir kitabı yalnız mən yaza bilərəm, bilirdim ki, bu bugünə kimi yazılmış ən qeyri-adi kitab olacaq, bilirdim ki, mənim adım həmişəlik tarixin toxunulmaz və əzəmətli abidəsində həkk olunacaq, bilirdim ki, tənqidçilər, ədəbiyyatşünaslar əsrlər keçsə də bu kitabı təhlil edərkən hər dəfəsində yeni sirlər çözdüklərini bəyan edəcək, bu kitab ölümsüzlər səltənətinin baştacı olacaq.
  2. Bu qeyri-adi bir kitab olacaqdı. Mən onu saysız-hesabsız oyunlarla, tapmacalarla, labirintlərlə, öz yaratdığım sözlərlə, ifadələrlə, ağlasığmaz situasiyalarla, istinadlarla bəzəmişdim. Yazdığım səhifələrə uzun-uzadı baxır, belə zəngin bir kitabı yalnız mənim yaza biləcəyimi düşünür, bu kitabın bütün ədəbiyyat dünyasını, ədəbi normaları və formaları yerindən oynadacağını xəyalımda canlandırır və bədənimi qıdıqlayan həzdən xoşhallanırdım. Kim deyir ki, bütün ideya və formalar artıq çoxdan işlənib? Bu kitab bu günə kimi heç kimin ağlına gəlməyən yanaşmalarla, ideyalarla, fəndlərlə dolu idi. Bəzən yazdığım sətirlərə heyrətlə baxır, bunların sanki insan işi olmadığını düşünür və bu andaca gözlərim özünəpərəstişdən doğulan yaşlarla dolurdu.

Xoşbəxtlik

İsim

[Musa və Məmmədin kofedən, siqaretdən, tamamlanmış əlyazmadan aldığı ani zövqə verdiyi ad]

  1. Saatlarla dayanmadan yazdıqdan sonra dincəlmək üçün kafeyə gəlir – siqaret və kofe; bunlar mənim mükafatım və ani xoşbəxtliyim idi – ancaq sənin narahatlıq saçan baxışlarını, təşvişli hərəkətlərini görən kimi bu ani xoşbəxtlik boğazımda düyünlənir, kefim pozulurdu. Səni izlədiyim günlərin birində məni dəhşətli bir qorxu ağuşuna aldı. Bir anın içində dilim dodağım qurudu, udquna bilmədim, nəfəsim daraldı, başım gicəlləndi. Bu qorxunc zənni vasvası təbiətimdən uzaqlaşdırmağa çalışsam da, bacarmadım, sənin şübhəli davranışın gümanımı daha da qətiləşdirdi.
  2. Düşünürdüm: Bəlkə ikimiz də eyni kitabı yazırıq? Belə bir ehtimalın zəhəri ilə iflic olmuş bədənimi küçəyə atıb iş masama, əlyazmalarıma tələsəndə ilk dəfə səninlə göz-gözə gəlmişdik, və o an sənin təlaşlı, miskin siman ürəyimi bulandırmışdı. Həmin an artıq əmin idim: sən mənim xoşbəxtliyimi oğurlamışdın.

Beləliklə, uzun sürən, təlatümlü, yuxuqaçıran məsələnin sonuna gəlib çıxmışdılar. Bununla belə, heç də hər şey göründüyü qədər sadə deyildi. Onlar eyni anda danışır, eyni anda susur, sinələrindən qopan gur monoloqlar bəzən birəbir eyniləşir, bəzən də biri digərini tamamlayırdı. Artıq, kimin nə dediyi qətiyyən seçilmirdi. Bərəlmiş acıqlı gözlərlə bir-birilərini süzərkən birdən qoltuqlarındakı əlyazmalara cumdular. Ətrafdakılar bu gözü dönmüş iki nəfərin arasına girdi, çaxnaşma düşdü. Ancaq gec idi; Məmməd Musanın əlyazmasını qapmış, gözlərində qalibiyyət parıltısı ilə ona acıq verirmiş kimi havada yelləyirdi. Ancaq onun məğrur baxışlarının ömrü çox çəkməmişdi; Musanın da əlində toz-torpağa bulaşmış, əzik-üzük bir əlyazma vardı; Məmmədin əlyazması. Çox keçməmiş onlar bir-birilərinin əlyazmalarını tikə-tikə edib havaya səpələdilər; sözlər boşluqda tənbəl-tənbəl üzən didilmiş səhifələrdən ətrafa dağıldı və qəfil qopan dəli küləyin nəfəsində itdi.

***

Z. pəncərənin məhəccərinə dirsəklənib ilk dəfədir gördüyü bu iki adamın teatral davasına baxa-baxa fikrə dalmışdı. Eynəyini alnına qaldırıb yorğunluqdan qızarmış, nəm gözlərini ovuşdurdu. Eynəyini taxıb küçəyə yenidən nəzər salanda isə bayaqkı adamları orda tapmadı. Səs-küyə daraşmış qələbəlikdən, havada uçuşan didilmiş kağız parçalarından da əsər-əlamət yox idi. Küçə bomboş, ətraf səssiz idi. Bircə, üzbəüz binadakı tək-tük işıqlı pəncərələrin birində, qapalı pərdələrin arxasında siqaret çəkən bir kölgə görünürdü.

Z. öz-özünə “əcəb işdir” deyib çiyinlərini çəkdi. Mətbəxə keçib yarıya kimi dolu elektrik çaydanının düyməsini basdı və iş masasına qayıtdı. Masanın üzərində qalaqlanmış kitab-dəftərin, cild-cild lüğətlərin arasına dürtdüyü əlyazmanı dartıb çıxardı, səhifələri həyəcanla çevirib yazdıqlarına tələsik göz gəzdirdi. Bu gün yazmağa başladığı sonuncu fəslin ilk cümləsini oxuyanda üzünə məmnunluqla narahatlığın qarışığından doğmuş qəribə bir təbəssüm yayıldı, cümləni astadan öz-özünə pıçıldadı: Z. sonuncu cümləni tamamlayıb stula yayxandı…

Share: