Tarix boyu bir çox sahələrdə olduğu kimi fəlsəfə tarixində də qadınlar diqqətdən kənarda qalıb; etdikləri işlər görməzdən gəlinib. Orta əsrlər dövründə isə elmlə məşğul olanlar ifritəlik və cadugərlik etməkdə ittiham olunurdular. Bununla yanaşı onlara “əxlaqsız” damğası vurulurdu. Bütün bunlara baxmayaraq, qadınlar düşüncə sahəsində gözəl əsərlər yazıblar.
– ANTİK DÖVR –
1. Krotonlu Theano (XVII-XV əsrlər E.ə. 600)
Antik dövrün ilk qadın filosofunun e.ə. 600-550 illərdə yaşadığı güman edilir.
O, Pifaqorun xanımı, tələbəsi və ilk davamçılarından biri olub. Riyaziyyat, həndəsə və fəlsəfə ilə məşğul olub. Həyat yoldaşının ölümündən sonra Pifaqor məktəbinə rəhbərlik edib və qızlara dərs deyib.
Theano digər pifaqorçular kimi, kainatın rəqəmlərdən formalaşdığı fikrini irəli sürüb, riyaziyyat və musiqiyə önəm verib, həmçinin reinkarnasiya doktrinasını müdafiə edib.
2. Miletli Aspasia (e.ə 460-da doğulduğu deyilir)
Antik dövrdə yaşamış bu mütəfəkkirin Sokratın müəllimi olduğu, dövrünün fəlsəfə və ritorika bilicisi kimi tanındığı söylənilir.
Həm Platonun həm də Aristophan və Xenophonun əsərlərində haqqında bəhs edilir.
Aspasianın xadimi, Afina demokratiyasının banilərindən biri, natiq və dövlət xadimi Periklin tərəfdaşı olduğu da qeyd edilir.
3. İskəndəriyyəli Hipatiya (M.S 350 – 415)
Antik Dövrün ən məşhur qadın aydını sayılır. İskəndəriyyəli Hipatiya filosof, astronom, riyaziyyatçı olub.
İskəndəriyyədə yaşayan Hipatiya fəlsəfə, riyaziyyat, həndəsə və astronomiya təhsili alıb. Daha sonra bu sahələrdə dərs də verib.
Bütpərəst olan Hipatiya haqqında bir çox müəllif yazıb. Con Toland, Volter, Karl Saqan, hətta Umberto Eko. Yunan tarixçisi Sokrat Sxolastik (Socrates Scholasticusun; Bu, filosof Sokrat deyil) “Historia Ecclesiastica” adlı əsərində Hipatiyanı İsgəndəriyyənin ən əhəmiyyətli iki fiquru – vali Orestes və yepiskop Siril arasında olan davanın səbəbkarı kimi göstərir. Onun siyasi işlərlə məşğul olduğunu yazır. Hipatiya 415-ci ildə xristian bir dəstə tərəfindən daşlanaraq öldürülüb.
Bu faciə maarifçilik dövründə populyarlaşaraq bir Hipatiya əfsanəsi yaradır.
İskəndəriyyəli Hipatiyanın həyatı “Aqora” filmində verilib.
– ORTA DÖVR –
4. Bingenli Hildegard (1098 – 1179)
Bingenli Hildegard 1098-ci ildə soylu bir ailədə doğulub. Uşaq vaxtından ruhani məktəbə verilib. Həyatının 30 ilini bir qadın hücrəsində keçirib. Sonra isə rahibəlik andı içib. Müqəddəs Hildeqarde kimi ad qazanıb. İdarəçi vəzifəyə seçilib. Onun idarə etdiyi cəmiyyət sürətlə inkişaf edirdi. Ardınca Almaniyanın Rheinland bölgəsində özünün kişi monastrlarından asılı olmayan müstəqil monastrını qurub. Hildeqarde çox aktiv işləyib, monarxlar və papalarla yazışıb. Tez-tez ictimai yerlərə çıxıb insanlara elm öyrədib.
Mistisizm cərəyanının görkəmli nümayəndələrindən biri olan Bingenli Hildegard bir müqəddəs kimi tanınmasıyla yanaşı, 2012-ci ildə XVI Papa Benedikt tərəfindən “Doctor of the Churc” elan edilib.
Bingenli Hildegarda görə, bir çox mistikada olduğu kimi Tanrı-insan və kosmos bir bütündür. Bunu “Scvias” adlı kitabında da yazıb.
Əxlaq haqda fikirləri “Liber Vintae Meritorum” və insan-mikrokosmos əlaqəsi “Liber Divinorum Operum” adlı əsərlərində yer alıb.
5. Maqdeburqlu Mechthild
Dominikan bir rahibə və mistikdir. Həyatı ilə bağlı məlumatlar yox dərəcəsindədir. 7 kitab yazıb. “The Flowing Liqht of Divinity” adlı əsəri ən məşhurudur.
6. Sienalı Katharina (1347 – 1380)
Sienalı Katharina dominikan bir rahibə, sxolastik teoloq və filosof olmaqla bərabər katolik inancının 6 qoruyucu ilahiyyatçısından biri olub. Eyni zamanda papa II. İoannes Paulus tərəfindən “Doctor of the Church” elan edilib.
“The Dialogue of Divine Providence” adlı əsərdə mistik fikirlərini dilə gətirib.
7. Kristin de Pizan (Pisan) (1364 – 1430)
Bu dövrdə yaşamış daha bir qadın fəlsəfəçi də italyan – Fransız Kristin de Pizan idi. Pizan gənc ikən dul qalmış və bir çox zadəganın katibəsi olmuşdu.
Nəsr və şeir yazıb. 30 kitab qələmə alıb. “The Book of the City of Ladies” və “The Treasure of the City of Ladies” ən əhəmiyyətli əsərlərindəndir.
8. Marguerite Porete (1255 – 1320)
Bu alim qadın Fransada yaşayıb. O, mistisizm hərəkatının nümayəndəsidir.
“Çılpaq ruhun aynası” adlı kitabında ruhun tamamilə azad olmasını vacib sayıb. O, kilsə və ruhanilərdən uzaqlaşdıqda Allahla təkbətək əlaqələrin qurulacağını iddia edib.
Dini baxımdan pozğunluqda günahlandırılaraq yandırılıb.
– RENESANS –
9. İsotta Nogarola (1418 – 1466)
Yazar və mütəfəkkir İsotta Nogarola Renesansın ən məşhur qadın humanisti, mütəfəkkiri və sənətkarı olub. “Adəm və Həvva haqqında dialoq” adlı əsəri günümüzə qədər gəlib çıxıb. Gender bərabərliyi və qadınların təbiəti haqqında müzakirələrə səbəb olan əsərdi.
10. Tullia d – Aragona (1510 – 1556)
Yaxşı təhsil almış italyan filosofu Tullia d’Aragona, məşhur “Sevgi sonsuzluğu haqqında dialoq” adlı əsərində Platonsayağı yanaşma ilə sonsuz sevgi haqqında öz düşüncələrini ifadə edib.
O da dövrünün bir çox qadın alimləri kimi cadugər, fahişə kimi ittihamlarla qarşı-qarşıya qalıb.
11. Avilalı Teresa (1515 – 1582)
Gəncliyində gözəlliyi ilə tanınan və xristianlığın ən məşhur müqəddəslərindən olan Avilalı Tereza mistik bir ziyalı və rahibə idi.
12. Marie Le Jars de Gournay (1565 – 1645)
İntibah dövrünün aydınlarından biri olan Marie Le Jars de Gournay fizika, həndəsə və tarixlə yanaşı fəlsəfə ilə də maraqlanırdı.
Mişel de Monten (Montaigne) ilə tanış olması həyatındakı vacib məqamlardan biridir. Onunla tanış olduqdan sonra fikirlərini daha sərbəst şəkildə çatdırmaq imkanı qazandı.
“Kişilər və qadınların bərabərliyi haqqında” yazır və bu əsərdə kişi ilə qadının ruhən bərabər olduğunu müdafiə edir. O, həmçinin dilin əhəmiyyəti ilə bağlı önəmli tədqiqatlar da edib.
– AYDINLANMA DÖVRÜ və MÜASİR DÖVR –
13. Mary Astell (1666 – 1731)
Bu dövrün bir başqa qadın filosofu Mary Astelldir. Mary din adamı olan əmisindən aldığı riyaziyyat və fəlsəfə dərsləri ilə özünü inkişaf etdirib, daha sonra isə Londona yerləşib. Fikirlərində Dekart və Lockenin təsiri hiss edilir.
Qadın hüquqlarının ilk təməlini onun fikirlərində görmək mümkündür. Qadınların yaxşı təhsil almasını və ictimai həyatda iştirak etmələrini müdafiə edir. Hətta feminizmin yaranmasını onun açıq fikirləri ilə bağlayanlar var.
14. Mary Wollstonecraft (1759 – 1797)
Mary Wollstonecraft, İngilis yazar, filosof və qadın haqları müdafiəçisidir. O dövrdə qadınlara aid hesab edilən peşə və ya məşğuliyyətlərin demək olar ki, hamısına əl atıb: Ödənişlə zənginlərin gəzinti və fəaliyyətlərində yardımçı, dayə, müəllim, məktəb rəhbəri, ictimai tənqidçi və roman yazarı olub.
Fransız, alman və italyan dilini mənimsəyən Wollstonecraft tərcümələr də edirdi.
Onu əhəmiyyətli edən nüanslardan biri də feminizmin ilk sistematik əsəri olan “Qadın haqlarının müdafiə olunması”nı yazmasıdı.
15. Olympe də Gouges (1748-1793)
Aydınlanma dövrünün digər bir qadın maarifçisi Olympe də Gougesdir. Qadın hüquqları ilə bağlı ilk dəfə fikir irəli sürənlərdən biridir. Kilsə və evlilik institutu ilə bağlı tənqidi düşüncələr qələmə alıb. İctimai problemləri gündəmə gətirən romanlar yazıb.
“Qadının və Qadın Yurddaşın Hüquqları Haqqında Məlumat” adlı əsərində qadın-kişi bərabərliyini müdafiə edib.
Düşüncələrinə görə əvvəl həbs olunub, ardından gilyotin ilə edam edilib.
16. Clara Zetkin (1857 – 1933)
Clara Zetkin alman marksist siyasət nəzəriyyəçisi və mütəfəkkiridir. Qadın hüquqları müdafiəçisi və fəal aktivist olub. 1911-ci ildə Beynəlxalq qadınlar günü – bayram kimi məhz onun təşkilatçılığı ilə ilk dəfə keçirilib.
17. Rosa Lüksemburq (1871 – 1919)
Polşa əsilli alman marksist siyasət nəzəriyyəçisi, filosof və siyasi fəal. İnqilabi şəxsiyyəti ilə yanaşı filosof olaraq da tanınan Lüksemburq kommunist fəaliyyətinin əvəzini faciəvi şəkildə ödəyib: Ölənə qədər döyülüb və cəsədi çaya atılıb…
– 20 ƏSR VƏ BU GÜN –
18. Fatma Aliye Xanım (1862 – 1936).
Və Türk dünyasından… Fatma Aliye Xanım, Türk ədəbiyyatının ilk roman yazarıdır və eyni zamanda ilk filosof olaraq qəbul edilir. 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olub. Tarixçi Ahmed Cevdet Paşa və Adviye Xanımın qızıdır. Fatma Aliye Topuz nə ailəsindən, nə də hər hansı bir məktəbdən heç bir təhsil alıb. Evdə böyük qardaşı Sedat bəyin aldığı fərdi dərslərini dinləyərək özünü inkişaf etdirib. Fransız dilinə həvəsli olan Topuz daha sonra bu dildə xüsusi müəllimlərdən təhsil alaraq fransızcasını inkişaf etdirmək fürsəti qazanıb.
Ədəbi həyatı 1889-cu ildə Georges Ohnetin “Volonte”adlı romanını “Meram” adıyla tərcümə etməklə başlayıb. Bu romanı “Bir Xanım” imzası ilə nəşr etdirir. Bu əsər bəyənilərək oxunduqdan sonra 1892-ci ildə “Muhadarat” adlı ilk romanını öz adı ilə yayımlayır. Daha sonra fikirlərini ifadə edən başqa əsərlər də yazır.
Onu da qeyd edək ki, Türk ədəbiyyatı və İslam coğrafiyasının ilk qadın roman yazarı Fatma Aliye Topuzun portreti 2009-cu ildən bəri əlli lirəlik əskinasların arxa tərəfində əks olunub.
19. Hannah Arendt (1906 – 1975)
Dünyaca məşhur filosof Martın Heideggerin Marburg Universitetində şagirdi olan Hannah Arendt fəlsəfə təhsili almasına və filosof olaraq qəbul edilməsinə baxmayaraq özünü “siyasət nəzəriyyəçisi” olaraq görürdü.
Bir yahudi olan Arendt, nasistlərdən qaçaraq ABŞ-a köçür. Arendtin yaradıcılığı avtoritarizm, totalitarizm və pislik kimi mövzular ətrafında cəmləşib.
Ayrıca bir nasist olan Adolf Eichmannın 1960-cı ildə məhkəməsində müşahidəçiliyi də olduqca əhəmiyyətlidir. Eichmann narsizm dövründə yahudilərin düşərgələrə göndərilməsini təşkil edib, bu səbəblə sonrakı dövrdə tutularaq edam cəzası alıb.
Hannah Arendtin yaşadığı bu məhkəmə müddəti, digər bioqrafik elementlərlə birgə filmə alınıb. IMDB
20. Simone de Beauvoir (1908 – 1986)
İctimaiyyətə Simona de Bovuar kimi tanınan Simona-Ernestin-Lüsi Mari Bertrand de Bovuar fransız yazıçı, intellektual, ekzistensialist filosof, bioqrafiya yazarı, jurnalist, siyasi fəal, feminist və sosial nəzəriyyəçi olub.
Ən önəmli əsəri 1949-cu ildə yazdığı, qadınların qarşılaşdığı təzyiqlərin elmi araşdırmasını olan və modern feminizmin təməlini qoyan “İkinci cins”(Le Deuxieme Sexe) sayılır.
Maqazin xarakterli bir qeyd verməli olsaq, Simone de Beauvoir həyat yoldaşı kimi tanınan filosof Jean Paul Sartre ilə heç vaxt rəsmi nikaha girməyib. Onlar Sartrın son nəfəsinə kimi dost, silahdaş və sevgili olublar. Bu iki filosof böyük qısqanclıq böhranları yaşayıb.
21. Martha Nussbaum (1947 – )
Hazırda yaşayan ən əhəmiyyətli qadın filosoflardan olan Martha Craven Nussbaum Chicago Universitetində Hüquq və Etika bölümündə çalışır. Hüquq və siyasət fəlsəfəsi, feminizm, etika və heyvan haqları mövzusunda çalışmaları var.
22. Judith Budlar (1956 – )
Günümüzün ən önəmli filosoflarından sayılan Judith Budlar, feminizm, queer qavramı, siyasət fəlsəfəsi və etika sahələrində çalışır.
Kaliforniya Berkeley Universitetində və European Graduate Schoolda akademik işlərinə davam edir.
23. İoanna Kuçuradi (1936 -)
Son olaraq dünyanın xüsusilə də Türkiyənin fəlsəfə sahəsində çinarı olan, çox hörmətli bir alim olaraq tanınan İoanna Kuçuradi ilə bu araşdırmamızı tamamlayaq.
Prof. dr. İoanna Kuçuradi yunan əsilli türk filosofudur. Türkiyə Fəlsəfə Təşkilatının qurucu sədridir. Eyni zamanda Hacettepe Universiteti Fəlsəfə Bölümünün qurucusudur. Türkiyə İnsan Haqları Vəqfi Etik Komitəsi rəhbəri kimi də çalışıb.
Kuçuradi ədəbiyyatda özünə xas bir etik fikri inkişaf etdirib. Bundan əlavə korporativ araşdırmalar, tərcümələr, etika, insan fəlsəfəsi və insan hüquqları sahəsi ilə də məşğul olub.
İstanbul Universiteti, Atatürk Universiteti, Hacettepe Universiteti, Yeditepe Universiteti və Maltepe Universitetində çalışıb. Hal-hazırda bu universitetin Fəlsəfə bölümündə müəllimdir; İnsan Hüquqları üzrə Tədqiqat və İcra Mərkəzinin direktoru və YUNESKO-nun Fəlsəfə və İnsan Haqları üzrə Direktorudur.