Artıq bir neçə gündür axşam saatlarında Bakıda tətbiq edilən komendant saatı ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində polis postları qurulub.
Postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidmətlərini davam etdirirlər.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları saat 21:00-dan səhər saat 6:00-dək paytaxt ərazisində hərəkət edən avtomobilləri və vətəndaşları saxlayaraq, müvafiq icazə sənədlərinin olub-olmamasını yoxlayırlar
Bundan başqa, avtomobillərin yük yerinə də baxış keçirilir. Eyni zamanda polis əməkdaşları vətəndaşları komendant rejiminin qaydaları barədə məlumatlandırırlar.
Qeyd edək ki, komendant saatı qaydasını pozan hərəkət iştrakçıları İnzibati Xətalar Məcəlləsinin 517-2.2 maddəsi – nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına əsasən fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.
Xatırladaq ki, sentyabrın 28-də saat 00:00-dan ölkə ərazisində hərbi vəziyyət elan edilib. Bununla bağlı ölkə prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.