Bəşər tarixində dünyaya bəsirət gözünün aynasından baxaraq cahanşümul əsərlər yaratmış neçə-neçə yazıçı və şair, rəssam, bəstəkar, musiqiçi və digər sənət sahələrinin görkəmli nümayəndələri olmuşdur ki, günü-bu gün də həmin əsərlər sənətsevərləri heyrətdə saxlamaqdadır. Eşitmə və danışma qüsurlu sənətkarlar da o cümlədən…
Antik dövr yunan şairi Homerin görmə qabiliyyətindən, dahi holland rəssamı Van Qoqun eyni zamanda psixi pozğunluqdan, dahi alman bəstəkarı və pianoçusu Lüdviq van Bethovenin eşitmə qabiliyyətindən məhrum olması faktları da hər birimizə yaxşı məlumdur. Azərbaycanın sevilən görmə əngəlli bəstəkarı İsrail Kərimovun bir-birindən gözəl bəstələri bu gün də dillər əzbəridir: “Bəhanəsiz get”, “Bilmirəm”, “Bu sevgi hardan gəldi?”, “Dodaqda gəz”, “Hardan biləsən?”, “Niyə gəlmədin?”, “Səni unuda bilmərəm”… Fiziki məhdudiyyətli bəstəkarımız Şahid Əbdülkərimovun “Sevgilimə könül açdım”, “Şirin yuxun olaydım”, “Təki sən səslə məni”, “Heç küsməyin yeridirmi?”, “Gözəlim”, “Biləydin kaş” və s. onlarla sevilən mahnısı indi də məşhur müğənnilərimizin repertuarını bəzəyir. Bu siyahını istənilən qədər artırmaq olar, lakin məqsədimiz bu deyil ki, fiziki məhdudiyyətli seçilmişləri yenidən geniş oxucu kütləsinə təkrar xatırladaq. Əksinə, istərdik ki, qədirbilən oxucu, eləcə də sənət və sənətkara dəyər verməyi bacaran hər bir ziyalı bu əsərlərdən zövq aldıqları kimi, onların yaradıcılarını da yetərincə təqdir edib, qiymətləndirməyi bacarsın. Necə deyərlər, sənət təkcə sənət üçün deyil, o həm də biz sənətsevərlər üçün bir tütyədir, təbərrikdir.
… Neçə illər öncə dostum, tanınmış şair-tərcüməçi Giya Paçxataşvili mənə mərhum şair Fikrət Mursaqulovun “İşıq əlifbası” kitabını hədiyyə etmişdi. Kitabın adı məni ilk andanca özünə elə bağlamış və içərisindəki bir-birindən gözəl şeirlər elə ovsunlamışdı ki, bu işıqlı ürək sahibinin bəsirət gözünün nuruyla həyata gətirdiyi işıqlı misraların təsirindən uzun müddət çıxa bilməmiş, “ “İşıq əlifbası”ndan düşən işıq” adlı bir yazı da yazaraq dövri mətbuatda çap etdirmişdim.
Bugünlərdə isə şair dostum yenidən məni “Zülməti dələn işıq”la həmsöhbət olmağa dəvət etdi. “Könülgözlülər”in işıqlı misralarının toplandığı poeziya almanaxı dəyərli millət vəkilimiz Qənirə Paşayevanın şəxsi təşəbbüsü ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin birgə həyata keçirdikləri layihə nəticəsində işıq üzü görmüşdür. Layihənin rəhbəri Arzu Bağırova, tərtibçiləri şair-tərcüməçi Giya Paçxataşvili və Nazlı Əliyeva, redaktoru şair Əkbər Qoşalı, korrektoru Xatirə Mikayılqızıdır.
Kitabdakı şeirlər Qənirə xanımın “Könül gözü” və Giya Paçxataşvilinin “Zülməti dələn işıq yiyələri” adlı önsözləri ilə oxuculara təqdim edilir.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan poeziyasında əhəmiyyətli yer tutan Fikrət Mursaqulov, Giya Paçxataşvili, Əflatun Baxşəli, Sahib Kəlbəcərli, Eldar Həsrət, Famil Hacısoy və s. kimi şairlərin yaradıcılıq yolu ilə oxucularımız müntəzəm olaraq dövri mətbuatda tanış ola bilsələr də, əlimizdə olan bu toplu imkan verir ki, “şeirin, sənətin az qala bütün mövzularının boy verib, görsəndiyi bu şeirlər”lə (Q.Paşayeva) daha yaxından təmasda olub, “zülməti dələn işığ”ın nurunda yuyunub-darana bilsinlər. Təbii ki, bu işıq adlarını çəkdiyimiz şairlərlə yanaşı, almanaxda yer almış Dahi Almaslı, Mütalib Tahiroğlu, Nuranə Nihan, Gülçöhrə Nikbin, Sevda Dəlidağlı, Elnur Sadiq, Xəyal Aslan, Fikrət Amiloğlu, Zəkəriyyə Qurban, Hicran Ümid, Aygün Cabbar, Əli Ələkbərli və Zeynəb Ədalətin şeirlərindən də oxucu qəlbinin dərinliklərinə süzülüb axır, “neçə-neçə qəlbə istilik ötürür, səmimilik və məhrəmlik gətirir” (G.Paçxataşvili).
Almanaxda müəlliflərin bir-birindən işıqlı deyimlərindən, poeziya nümunələrindən misallar gətirən Q.Paşayeva: “Öz gözü görməzkən, Vətənin gözü olmağa can atan, qəlbi Vətən eşqi ilə döyünən, şeir-sənət yolunda olan vətəndaşlarımız böyük sayğılara, alqışlara layiqdir” – deməklə, həmkarlarımızın yaradıcı əməyini yüksək dəyərləndirməyə çalışır. Bununla yanaşı, kitabda yer alan şeirlərdən bəzilərinin əsl poeziyanın meyarları ilə ayaqlaşmadığını, bununla belə, gələcəkdə bu qəbildən olan “yaradıcı insanlar qrupunun qaynar ədəbi mühitə inteqrasiya olunacağına” inamını da ifadə edir. Buna ən bariz nümunə kimi Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliklərinin üzvü, tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin çağdaş ədəbi mühitin öncüllərindən biri olduğunu xüsusilə diqqətə çatdırır.
“Zülməti dələn işıq” müəllifi G.Paçxataşvili ötən əsrin 50-ci illərindən üzübəri Azərbaycan Korlar Cəmiyyətindən olan Kərim Faiq, Emil Mehdi, Əflatun Baxşəli, Fikrət Mursaqulov və Tofiq Qəhrəman kimi şairlərin öz poetik “mən”ini təsdiq etməklə ədəbiyyatda qalmağı bacardığını və “senzura süzgəci”ndən məharətlə qurtula bildiklərini yazır. “Musiqi duyumu ilə ictimaiyyəti silkələyən” bəstəkarlarımızdan İsrail Kərimovun və İlqar Əhmədovun, tarzən Murtuz Mehdiyevin musiqi ictimaiyyəti arasında xüsusilə seçildiklərini, sənətsevərlər tərəfindən sevgi və sayğı ilə qarşılandıqlarını qeyd edir. Alimlərdən Arif Zeynal, Çingiz Məmməd, Əflatun Baxşəli və Fikrət Mursaqulovun Azərbaycan elminin inkişafına verdikləri töhfələri diqqətə çatdırır. “Göz-könül dünyası” yolçularının ayrı-ayrı festivallara qatılmaqla, “İşıq əlifbası”ndan süzülən misralarla oxucu auditoriyasında özünəməxsus yerlərini təsdiqləməyə çalışdığını və bu yolda yeni bir addım kimi, “Zülməti dələn işıq”ın həmin yaradıcı insanların qəlb çırpıntılarının geniş oxucu auditoriyası qarşısında “söz süfrəsi” kimi açılmasını ədəbi hadisə kimi dəyərləndirir.
Biz də bu ədəbi hadisə qəhrəmanlarının hər birini ürəkdən təbrik edir, Azərbaycan ədəbi mühitində öz layiqli yerlərini tutmalarını arzulayırıq.
Qiymət MƏHƏRRƏMLİ
filologiya üzrə fəlsəfə doktoru, şair