“Köpəyim qonşularla yola getmir” – Bulud Muradinin şeirləri

“Köpəyim qonşularla yola getmir” – Bulud Muradinin şeirləri

Kulis.az “Sözün Güneyi” layihəsindən Bulud Muradinin şeirlərini təqdim edir.

Nəfəslərin quş lələyi

ağzındakı sözcüklər pırıldayır,

uçuşurlar

bir-bir…

Gülləyə dəyib düşürlər

qanaya-qanaya

bu qoca kafenin havalı başına,

yorğun fincanların mavi dodağına…

Adamların gəlib-gedən darıxmaqlarıdır…

Qapıların açılıb-örtülən kirpikləri kimi

qanad çalırdın…

Qanad çal…

Qana…

Nəfəsin quşların qətliamından sonrakı göydür,

Baltaların seçki günündən öncə şəhər…

Bu maskalı nəfəslər

ağacların alın təri.

Mən şeir yazmağa kağız axtaranda

Nəfəsləri…

N…

Eləcə sərin,

rəngi atmış

quşların dodağına dönüb

eləcə…

Dönüb dodağımda quşlara

gülüşləri…

N…

Boş yerimizi göstərir,

bu fincanları gətirən qarı

göyləri bağlayır.

Nəfəslərin aşiqanə bir şeirin sonudur –

bəlli deyil.

***

Daşınıram bu gecə gözlərindən

Daşınıram bu gecə gözlərindən

boşdur pəncərə…

Maviliyini ödəyə bilməm ayın sonunda, sevgilim.

Hüznlərimçün yeri yox

və qorxularıma –

darısqaldır…

Bu körpə sözcüyün ürəyi tutulur axı.

Açıq bir həyatda oynamaq istəyir, qadası!

Başı soyuq gəlinciklərlə

yuyuram, yuyuram günəşlərini, parlamır…

Qaranlıq oturub balkonda qəlyan çəkir,

fit çalır.

Daşınıram,

qonşularla yola getmir köpəyim.

Aynada çılpaq gəzir xəyal

və qadın

xatirələr dəftərində quruyur

kəpənək kimi…

uçur…

Uçur bu törtöküntü şeiri,

yum gözlərini!

***

Aynadan ağaclara

Aynadan ağaclara ürək verirəm

sən quşların adını əvəzləyəndə.

Göyü bir balığın gözlərində,

bütün çayları otağıma gətirdin.

Əllərin qandallı…

İtələdim atdım suya mən

bu yer kürəsini.

Əl verdim,

yağışların adını soruşdum

sənin əvəzinə.

Bütün ağrıları çəkdim mən

əyninə ölçdüyüm şeirlərimdə,

bu rəngsiz rəsmlərdə!

Ayaqların yollara bağlı

yeridim gecənin bu tayından o tayına.

Sənin salamını apardım atlara, çiçəklərə,

şəhəri çiyinlərində saxlayan küçələrə, körpələrə…

Mən verdim vidanı

bütün adamlara, daşlara, quşlara.

Alnım açıq idi,

qara yaxdılar yuxularıma.

Sənin əvəzinə

daşqalaq oldu gözlərimin bacısı

kor biclərin əli ilə.

Quşqalaq oldu döyüb sovurduğum xırmanlar.

Sənə çörək verəmmədim şeirlərimin süfrəsində.

Şərab süzəmmədim suyun sağlığına.

Suyun…

su!

su!

Aynadan çıx, mənə su ver, ürək istəmirəm daha.

Sevgilim,

cığallıq edir əllərindəki bahar.

Gül deyil,

puç!…

….Yanıram.

Share: