Kulis.az Vüqar Vanın “Kor Sabir” adlı yeni hekayəsini təqdim edir.
Cavan vaxtı avtomobil qəzasında gözlərini itirmişdi. Heç yarası qaysaq bağlamamış “Kor” ayamasını şappıltıyla kürəyinə yapışdırmışdılar. Vaxt keçdikcə camaatın verdiyi təzə ada öyrəşmiş, hətta boyun əyib biət eləmişdi. Elə bil anadan bu ayama ilə doğulmuşdu. Bu qoşqu ondan başqa heç kimin üstünə belə rahat oturmamışdı. Gözlərinin yoxluğuna ömrü boyu alışa bilmədi amma.
Kor Sabir!
Gözünü açandan vəzifədə işləmişdi. Di gəl, tərcümeyi-halının ən təntənəli vaxtını, öz diliylə desək, adam balası kimi yaşadığı dövrü Pensiya Fonduna baş mühasib təyin olunan gündən hesablayırdı. Adamlar ona pay-püş, pul-para verməyə adətkar idilər. İllah da sağlam ola-ola təqaüdə çıxmaq istəyənlər! Sabir soyurdu belələrini… Ona rüşvət vermək, uşağa corab almaq kimi adi iş idi.
Qırxlı yaşlarda gözlərini itirəndən sonra işdən çıxarmışdılar. Sənədləri çevirə, ora-bura quş qoya, uzun-uzun imza ata bilmirdi daha. Gözləri olan vaxtlar camaatın ən çox vahimələndiyi məmur idi. Çünki yazdığı yazını çeçələ barmağının altından həlməşik kimi buraxan sehrli əlləri, eynəyini altından baxan tilsimli gözləri ilə çoxunun taleyini həll eləməyə – təqaüdə salmağa, əlillik dərəcəsini artırıb-azaltmağa qadir idi.
Beynində sovet hökuməti dağılmamışdı hələ. Çünki müstəqilliyin ilk illərində vəzifəsindən çıxarmışdılar kişini və təntənəli avtobioqrafiyası burdaca sona çatmışdı. Hətta həbs eləmək istəyirdilər onu. Sən demə, qəsəbənin icra hakimi ilə əlbir olub, ölən qocalara bir ildən artıq təqaüd yazıbmış. Su boğazına çıxanda başçı Sabiri güdaza verdi. Yaxşı ki, müharibə düşdü araya. Əslində, müharibə Kor Sabirin qanının arasına girdi. Bir yandan da öz əlilliyi… İncitməyə ar elədilər. Fikirləşdilər ki, nə olar-nə olmaz! Sabir ermənidən pis iş tutmayıb ha! Bir az pul yeyib.
Mən məktəbdə oxuyanda yaşı altmışı haqlamışdı. Yay aylarında çöldə oturmaqdan xoşu gəlirdi. Onda yanına çağırırdı məni, deyirdi, cibimdən o şeyi çıxar, bir az yellə, ürəyim partladı.
Şalvarının cibindən qırış-qırış olmuş, qarmona oxşayan yelpazəsini çıxarıb havanı dalğalandıraraq üzünü sərinlədirdim. Deyirdi, Allah səndən razı olsun, bilirsən nə qədər savab iş görürsən?
Yanında oturub yelpazəni yavaş-yavaş yelləyəndə elə bilirdim, hansısa tozlu ayaqqabıya nəm, məxmər əski sürtürəm. Özüm də xoşhallanırdım.
Üzünə qonan milçəkləri qovmazdı. Biz yayda milçək əlindən dəli olanda, onun heç vecinə olmurdu. Milçəklər açılıb-yumulan göz qapaqlarının üstündə oyana-buyana gəzəndə, nə qədər aciz və miskin olduğunu duyurdum.
Deyirdi, bunların heç kimə ziyanı yoxdur. Sancmırlar, dişləmirlər, qonduqları yeri murdarlamırlar. Allahın havasında özləri üçün uçurlar. Hərdənbir bizimlə oynamaq üçün üzümüzə qonub qaçırlar.
Milçəklər haqqında qəribə şeylər danışırdı. Bir dəfə dedi ki, Allah bu milçəkləri ona görə yaradıb ki, Fatimeyi-Zəhra anamız darıxmasın. Yazıq Fatimə ana Mədinə yayının bitib-tükənməz günlərində dağdan tərə yığmağa gedən Əlini gözləyərkən milçəklərlə təsəlli tapırmış. Onların otağın içində elədikləri hoqqalara baxaraq, çıxardıqları uğultulu səslərə qulaq asaraq qərib ürəyinə təskinlik verirmiş.
Onu heç vaxt gün eynəyində görə bilmədim. Avqustun otuz beş dərəcəyə yaxın istisində, qızmış asfaltın kölgəlik bir yerində daldalanıb əyləşəndə də burnun üstü lüm-lüt olurdu. Oturduğu yerdə saatlarca hərəkətsiz qala bilirdi. Ötəri baxsaydın deyərdin ki, bu yarımçıq adam kimdirsə, ölüb.
Yanında getdiyim vaxtlarda mənə qəribə suallar verir, başımı qarışdırdı:
– Allahı istəyirsən?
– İstəyirəm.
– Ananı bəs?
– Onu da istəyirəm.
– Hansını daha çox istəyirsən?
– İksini də istəyirəm.
– Bəs ən çox?
– Bilmirəm.
– Anan ölsə çox pis olarsan, yoxsa Allah ölsə?
– Anam ölsə.
– Deməli, ananı Allahdan çox istəyirsən.