Ermənilər Dağlıq Qarabağda baş verənləri “səlib yürüşü” kimi təqdim edir, bunun “dini zəmində” baş verdiyini bildirərək Qərbdən dəstək istəyir.
“Report” xəbər verir ki, bunu Cənubi Koreyanın populyar “Sisa” jurnalında dərc olunmuş məqaləsində bu ölkədə fəaliyyət göstərən Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun Kyun yazıb.
Məqalədə deyilir ki, ermənilər köklərinin Dağlıq Qarabağ torpağında olduğunu iddia etsələr də, onlar Qarabağda, əsasən, XIX əsrin əvvəllərindən etibarən yaşamağa başlayıblar. 1805-ci ildə Kürəkçay müqaviləsi çərçivəsində Qarabağ xanlığının hakimiyyətini öz əlinə alan rus imperiyası indiki Azərbaycan ərazisini ələ keçirərək 1813-cü ildə İranla Gülüstan müqaviləsini imzaladı. Tezliklə, 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı. Bu müqavilələrdən sonra rus imperiyası ermənilərin İrandan indiki Azərbaycan ərazisinə, o cümlədən Qarabağa köç etmələri üçün qanuni və siyasi sistem təmin etmiş oldu.
Məqalədə qeyd edilir ki, hazırda toqquşma Azərbaycan ərazisində gedir. Buna görə də bu məsələ Azərbaycanın daxili işidir. Odur ki, heç bir ölkənin erməni qoşunlarına dəstək vermək üçün bir səbəbi yoxdur. Lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək almaq üçün Ermənistan Qarabağdan uzaq olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni bombalayır.
Vurğulanır ki, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin heç biri, Ermənistan özü belə Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanımayıb. Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı andan etibarən özünün beynəlxalq hüququ pozduğunu açıq şəkildə etiraf etmiş olar.
Müəllif onu da qeyd edir ki, Azərbaycan Qarabağdan Ermənistan ordusunu çıxarmaq və özünün ərazi bütövlüyünü təmin etmək əzmindədir.