Anamı verin
Daşın arasında daşlaşıb yəqin,
Bu soyuqda donub, qışlaşıb yəqin.
Üç günün içində yaşlaşıb yəqin,
Siz mənə anamı, anamı verin!
Biz Türk dövlətinə yaraşmır əzab,
Ürəyim qüvvətsiz, dərdə yoxdu tab.
Anasız ürəyim çiliklənmiş qab,
Siz mənə anamı, anamı verin!
Yaxşılıq eləyin, xoş işlər yapın,
Türkün düşmənini ayaqdan asın.
Südəmər vaxtımda anamı tapın,
Siz mənə anamı, anamı verin!
Anamın südündən yaram sağalar,
Anamla beynimdən dərdim dağılar.
Sizə yalvarıram bəylər, ağalar!
Siz mənə anamı, anamı verin!
Bu yaşda dəhşətli faciə görmək,
Sağ ikən ölümə bərabər demək.
Oyuncaq kuklalar nəyimə gərək,
Siz mənə anamı, anamı verin!
Anam ilə ömrü cənnət yaşadım,
Bu nə tale, bu nə qismət yaşadım.
Yetər, bunca acı zillət yaşadım,
Siz mənə anamı, anamı verin!
10 fevral
Canım Türkiyəm
Depremdə olanlar müsibətimiz,
Bu günə düşməzdi kaş millətimiz.
Demək yaxınlaşıb qiyamətimiz,
Belə hiss edirəm canım Türkiyəm!
Köksündə yaralar bizim yaramız,
Təklənəndə bildik səni anamız.
Tək böyük qardaş yox, həm də atamız,
Şəxsiyyət vəsiqəm, mənim Türkiyəm!
Sənlə gedib – gəlir bil ki, nəfəsim,
Səninlə dünyaya car olur səsim.
Üstünə əsməsin kədərli nəsim,
Köksüm, sinəm, didəm, qanım Türkiyəm!
Daim gözümüzü yollardan yığan,
Paytaxt Bakımızın düşmənin boğan.
Mərmitək yağının üstünə yağan,
Qarı düşməninə qənim, Türkiyəm!
Türkiyə, Bakıyla bir ürək, bir can,
Daim dillərində can, Azərbaycan!
Həmişəki kimi gülüb, danışan,
Yenə məğrur görüm səni, Türkiyəm!
11 fevral
Aslandı türküm
Məğrur duruşundan halidi cahan,
Hələ olmayıbdı önündən qaçan.
Sənə yardım edən neçə min insan,
Deyir ki, meydanda aslandı türküm!
Bir tük əskilməsin türkün telindən,
Özünü qorusun fitnə-felindən.
Azərbaycan möhkəm tutdu əlindən,
Yenə öz gücünə yaslandı türküm!
Ölkəyə hansısa nifaq salanın,
Əli var bu işdə bir çox adamın.
Bəlkə də İranın, ermənistanın,
Rusun ucbatından daşlandı türküm!
Haydı, həmlən ilə yağını susdur,
Haram tikələrin ağzından qusdur.
Çətində bil, sənə kim qardaş,dostdur,
Düşmənlə düşmənlik başlandı, türküm!
Döyüşdə rəqibə namərdliyindən,
Dostlarına isə comərdliyindən.
Böyük qəhrəmanlıq göstərdiyindən,
Koroğlu nəvəsi adlandı türküm!
12 fevral
Qürurumun heykəli
Ruhum sınıq, lap əzilmiş haldadır,
Qədd-qamətim lap əyilmiş haldadır.
Qol-qanadım lap kəsilmiş haldadır,
Türkün dərdi, türkün qəmi qəmimdi,
Orda həlak olan dayım, əmimdi.
Habil kaman, Kamil qaboy yanğısı,
Qulağıma bax, onların çalğısı.
Gəlir tez-tez anaların ağısı,
Bu dəqiqə mənim ağır dəmimdi,
Orda həlak olan dayım, əmimdi.
Yurd dərdi çox, unuduldu pul dərdi,
Yaddan çıxdı tamamilə qul dərdi.
Öz dərdimlə qoşa çəkdim el dərdin,
Türkiyədə indi rüzgar çətindi,
Orda həlak olan dayım, əmimdi.
Oğulların dəf edəcək bunu da,
Olacaqdı bu bəlanın sonu da.
Bir atanın o kəsilmiş qolu da,
Özgənin yox, vallah-billah mənimdi,
Orda həlak olan dayım, əmimdi.
Qürurumun heykəliylə ucayıq,
Türk olaraq çox qədimik, qocayıq.
İndən belə daha olaq biz ayıq,
Qardaşlarım, bacılarım mətindi,
Orda həlak olan dayım, əmimdi.
Zəlzələ də Allahın bir bəlası,
Kimsə də yox qarşısını alası.
Bundan betər olmaz dərdin əlası,
Göz yaşımda üzən miskin gəmimdi,
Orda həlak olan dayım, əmimdi.
12 fevral
Türkün türk qardaşı cənab Ərdoğan!
/Qardaş Türkiyə dövlətinin Ali Baş Komandanı Receb Tayyib Erdoğana sayğılarımla.\
Qeyrətin qeyrətdi, hünərin hünər,
Sevir səni dünya, o, qoca bəşər.
Sözlərin bir şüar, dillərdə əzbər,
Türkün türk qardaşı cənab Ərdoğan!
Yanımızda oldun yurd savaşında,
Qaldın igid kimi sən yaddaşımda.
Sağ ol bizimləsən müdrik yaşında,
Türkün türk qardaşı cənab Ərdoğan!
Öndər Atatürkün qurduğu dövlət,
Nə yaxşı ki, bu gün sənə əmanət.
İrəli arxanda dayanıb millət,
Türkün türk qardaşı cənab Ərdoğan!
Meydanda aslansan, şirsən düşmənə,
Layiqsən, gərəksən türkə, Vətənə.
Vallah, minnətdaram ürəkdən sənə,
Türkün türk qardaşı cənab Ərdoğan!
Peyğəmbər simalı, nurlu qardaşım,
Ey dinli, imanlı, pirli qardaşım.
Düşüncən, zəkanla varlı qardaşım,
Türkün türk qardaşı cənab Ərdoğan!
Əzdin düşmənlərdə ağızı, əngi,
Sayəndə çalınır yurdumda cəngi.
Haqq işində dostum nə usan, ləngi,
Türkün türk qardaşı cənab Ərdoğan!
Başına and içir Bakı, Naxçıvan,
Səninlə var oldu böyük Türkbaycan.
Vətənlə qövr edir damarında qan,
Türkün türk qardaşı cənab Ərdoğan!
“Bir millətik, iki dövlət” bilirik,
Səninlə qəmlənib, sənlə gülürük.
İlhamın yanında səni görürük,
Türkün türk qardaşı cənab Ərdoğan!
Düşmənin qanını dondurur sözün,
Hər vaxt qalib kimi qoy gülsün üzün.
Hey sevinc yaşları axıtsın gözün,
Türkün türk qardaşı cənab Ərdoğan!
Atatürk oğlusan, Qorqud nəvəsi,
Səsin haqq səsidi, səsin el səsi.
Kəlamdı dilindən çıxan kəlməsi,
Türkün türk qardaşı cənab Ərdoğan!
İlhamla Ərdoğan
Türkə türkdən başqa yox kömək, həyan,
Əzəldən bu belə olub hər zaman.
İki qardaş kimi həmişə, hər an,
İlhamla Ərdoğan yenə də qoşa,
Gəlirlər, qarşıla Qarabağ, Şuşa!
Ən çətin işləri görməyə qadir,
Birləşib olublar qardaştək əlbir.
Haqq yolunda daim bir görünür, bir,
İlhamla, Ərdoğan yenə də qoşa,
Gəlirlər, qarşıla Qarabağ, Şuşa!
Xalqımın sönməyən iki ziyası,
Amalı, əməli, birdi dünyası.
Qurudub gözlərdə axan göz yaşı,
İlhamla, Ərdoğan yenə də qoşa,
Gəlirlər, qarşıla Qarabağ, Şuşa!
Şuşada bağçalar, park salmaq üçün,
O gözəl yerləri dolaşmaq üçün.
Keçmişi yenidən yaşamaq üçün,
İlhamla, Ərdoğan yenə də qoşa,
Gəlirlər, qarşıla Qarabağ, Şuşa!
O yaşıl yaylağa, çiçəkli bağa,
Dumanlı, vüqarlı, o çənli dağa.
Suyundan içməyə İsa bulağa,
İlhamla, Ərdoğan yenə də qoşa,
Gəlirlər, qarşıla Qarabağ, Şuşa!
Müəllif: Fuad Biləsuvarlı