Koronavirusun pandemiya elan olunmasından 1 il keçdi

Koronavirusun pandemiya elan olunmasından 1 il keçdi

2019-cu ilin sonuna yaxın Çində meydana gələn koronavirus epidemiyasının sürətlə dünya ölkələrinə yayılması ilə 11 mart 2020-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olundu. Bu isə öz növbəsində ölkələrdə sərt karantin məhdudiyyətləri, uçuşların dayandırılması və bunun fonunda qlobal iqtisadi tənəzzüllə müşayiət olundu.

“Qafqazinfo” son bir ildə koronavirus pandemiyası və onun ətrafında cərayan edən hadisələrə dair icmalı təqdim edir:

Son statistikalara görə, dünya üzrə ümumilikdə 118 milyon 663 min 21 insan koronavirusa yoluxub, onlardan 2 milyon 632 min 587 nəfəri xəstəlik səbəbindən həyatını itirib. 94 milyon 270 min 748 nəfər isə sağalıb.

Yoluxma və ölüm sayına görə ABŞ (29 milyon 862 min 124 yoluxma və 542 min 191 ölüm halı) birinci yerdə qərarlaşıb. İlk beşlikdə yer alan digər ölkələr: Hindistan (11 milyon 285 min 561 yoluxma, 158 min 213 ölüm), Braziliya (11 milyon 205 min 972 yoluxm, 270 min 917 ölüm) Rusiya (4 milyon 351 min 553 yoluxma, 90 min 275 ölüm), Birləşmiş Krallıq (4 milyon 234 min 924 yoluxma, 124 min 987 ölüm).

Pandemiya fonunda tətbiq olunan və dünya ölkələrinin iqtisadiyyatına ən çox təsir edən məhdudiyyətlərdən biri də beynəlxalq uçuşların dayandırılması oldu. Bu isə öz növbəsində neft bazarındakı tələb-təklif balansını pozaraq neft qiymətlərinin sürətlə çökməsinə və hətta mənfiyə enməsinə yol açdı.

Dünyanın bir sıra böyük iqtisadi sahələrində, xüsusilə xidmət sektorunda rekord iqtisadi tənəzzülə səbəb olan pandemiya ÜDM göstəricilərinin rekord səviyyədə geriləməsi ilə nəticələndi. Xüsusilə kiçik və orta biznesə ciddi zərbə vuran karantin məhdudiyyətləri işsizlik səviyyəsinin də artmasına gətirib çıxardı. Belə ki, dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da 2020-ci ilin aprel ayında işsizlik rekord səviyyəyə – 14,7 faizə yüksəlmişdi.

Virusun mənşəyi olmasına baxmayaraq, Çin pandemiyanın öhdəsindən ilk gələn ölkə kimi tanındı. Ölkədə bu günə qədər 90 min 18 yoluxma faktının aşkarlandığı açıqlansa da, bir çox ekspertlər Çinin təqdim etdiyi statistik məlumatların doğruluğuna şübhə ilə yanaşır.

Dünyanı ələ keçirən bioloji təhlükənin həll edilməsi istiqamətində ölkələr vaksin istehsalı üzrə yarışa girdi. Çin alimləri “SARS-Cov-2”nin genetik kodunu açıqladıqdan iki gün sonra ABŞ-ın Boston şəhərində yerləşən “Moderna” dərman şirkəti “COVID-19”a qarşı “mRNA-1273” adlı potensial bir peyvənd hazırladıqlarını elan etdi. 2020-ci il martın 17-si bu vaksin ilk dəfə insanlar üzərində sınaqdan keçirilməyə başlandı.

Bir müddət sonra Rusiyada yerli istehsal olan “Sputnik V” vaksininin qeydiyyatdan keçməsi ilə dünyada ilk kütləvi istifadəsinə icazə verilən peyvənd oldu.

Avropada istifadəsinə icazə verilən ilk vaksin isə Almaniyada yaşayan türk alimlər Uğur Şahin və Özlem Türeci tərəfindən inkişaf etdirilən “Pfizer/Biontech” peyvəndi oldu. Hazırda bu vaksin dünyanın 69 ölkəsində vaksinasiya proqramlarında tətbiq olunur.

Digər peyvəndlərdən İngiltərə istehsalı “Oxford/Astrazeneca” 62, ABŞ istehsalı “Moderna” 30, Rusiya istehsalı “Sputnik V” isə 18 ölkədə kütləvi vaksinasiyada istifadə olunur.

Vaksinlərin sürətlə inkişaf etdirilməsi və istehsala buraxılması pandemiyanın həlli istiqamətində müəyyən ümidlər bəsləsə də, bu preparatların dünya ölkələrinə ədalətli şəkildə paylanmasında ciddi problemlərin olduğunu ortaya çıxardı.

Bu isə bir sıra inkişaf etmiş ölkələrin lazım olduğundan artıq sayda vaksin tədarük etməsi və bu prosesdə üçüncü dünya ölkələrinin diqqətdən kənar qalmasından qaynaqlanır.

Hazırda bir çox ölkədə, həmçinin Azərbaycanda kütləvi vaksinasiya kampaniyaları başladılıb.

Yanvarın 18-də ölkəmizdə başladılan kütləvi vaksinasiya proqramında Çin istehsalı “CoronaVac” peyvəndindən istifadə olunur. Eyni zamanda ölkəyə “AstraZeneca”  və “Sputnik V”  vaksinlərinin də gətirilməsi planlaşdırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436,849 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Share: