Korotçenko: “Xankəndidəki hərbi parad regiondakı dəyişikliklərin əbədi olduğuna işarədir”

Korotçenko: “Xankəndidəki hərbi parad regiondakı dəyişikliklərin əbədi olduğuna işarədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“8 noyabr – Zəfər Günü Azərbaycanın milli tarixində çox mühüm gündür. Bu, Azərbaycan xalqının yaralarına son qoyduğu, suverenliyini bərpa etdiyi gündür. Bu, o gündür ki, işğalçının ayağı birdəfəlik Azərbaycan torpağından kəsilib”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr – Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

O, Rusiyanın ekspert cəmiyyəti və 10 milyonlarla Rusiya vətəndaşının simasında Azərbaycan xalqını, rəhbərliyini, Prezident İlham Əliyevi İkinci Qarabağ müharibəsində qazanılan Qələbəyə həsr olunan Zəfər Günü münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyün tam bərpa edib.

“Azərbaycan bu gün gələcəyə istiqamətlənən güclü, effektiv və müasir dövlətdir. Azərbaycan Silahlı Qüvvələri öz effektivliyi ilə həm 2020-ci ilin müharibəsi zamanı, həm də bu ilin sentyabrında keçirdiyi antiterror tədbirləri ilə hər kəsi heyran edib. Azərbaycan Ordusu 1 sutkadan az çəkən antiterror tədbirləri ilə öz effektivliyini bütün dünyaya göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi bir daha ölkəsinin güc və xarici siyasət xəttində triumf nümayiş etdirdi. Xankəndidəki hərbi parad keçən müddətdə baş verən dəyişikliklərin toxunulmazlığını göstərir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ona görə də Xankəndidəki hərbi parad regionda baş verən dəyişikliklərin əbədi olduğuna işarədir. Bu, həm də ona işarədir ki, Azərbaycan güclü və effektiv ölkədir və Azərbaycanın suverenliyinə göz dikməyə cəhd edən hər hansı aqressor məhv ediləcək. Bu mənada, düşünürəm ki, buna heç kəsin şübhəsi yoxdur.

Bəli, Azərbaycanın nüfuzlu düşmənləri var. Biz onların səsini, yalanlarını, böhtanlarını eşidirik. Lakin Azərbaycanın qələbəsi və effektiv dövlət quruculuğu ilə müqayisədə bu düşmənlər uğursuzluğa, məhv olmağa məhkumdur. Azərbaycan güclü, özünə əmin ölkədir. İlham Əliyev kimi prezidentlə Azərbaycan kimi ölkə ancaq uğura layiqdir”, – Korotçenko fikrini yekunlaşdırıb.

Share: