”Müstəqil.Az -ın DSD İB-yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı Xəzər Dəniz Neft Donanmasının DTİX rəisi Natiq Hümbətovdur
-Natiq bəy, Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Bu gün sizin doğum gününüzdür, bu münasibətlə də sizi “DSD” İB-nin idarə heyyəti adından təbrik edirik, uğurlar arzulayırıq. Çox yaşayın, xoş yaşayın.
-Təşəkkür edirəm. Çox sağ olun, təbrikə görə sizin təşkilata da oxucularınıza da, məni tanıyanlara da xüsusi təşəkkürümü bildirirəm.
-Natiq müəllim, həyatınızın çox hissəsi dənizlə, dənizçiliklə bağlıdır. Bilirik ki, dənizçinin spesifik yaşam tərzi var. Layihəmizin adı da elə “Dənizçi həyatı” adlanır. Sizin baxışlarınızda bu həyat necə görünür və özəllikləri haqda nə deyərdiz?
– Artıq 40 ildən çoxdur ki, bu sahədə çalışıram. Matorçu vəzifəsindən xidmət rəisinə qədər yüksəlmişəm. Dənizçi həyatı özünün fərqliliyi ilə seçilir. Ağır, lakin məsuliyyətli bir həyatdır, hər kəs bu həyatın, bu yolun yolçusu ola bilmir. Bu baxımdan ömrünü dənizə bağlayanlar, bu həyatı yaşayanlar digərlərindən əlahəddə xüsusiyyətləri ilə seçilir. Mən də onlardan biri.
-Ucarda doğulmusuz, burada orta məktəbə getmisiz. Sonra Bakı həyatı, tələbəlik illəri. Oxucularla sizi daha yaxından tanış etmək istəyirəm. Özünüz haqqında oxucularımıza bir qədər məlumat versəniz yaxşı olar.
– 1963-cü ilin avqust ayının 25-də Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşam. 1980-cı ildə orta məktəbi bitirmişəm. Həmin ildə də Bakı şəhəri 95 saylı dənizçilik məktəbinə daxil olmuşam. 1981 – ci ildə həmin məktəbi bitirib XDND motorçu kimi əmək faliyyətinə başlamışam. 1882 -1984-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişəm. Xidməti başa vurduqdan sonra yenidən XDND-də əmək faliyyətimi davam etdirmişəm. Təhsilimi davam etdirib mexanik vəzifəsinə yiyələnmişən. XDND müxtəlif tip gəmilərində mexanik, baş mexanik vəzifələrində işləmişəm. 2017 ci ilin 27 dekabrda isə cənab sədrin müvafiq əmrinə əsasən XDND DTİX rəis təyin olunmuşam.
– Bəs sizdə dənizə maraq haradan və necə yarandı, bu bir təsadüf idi, yoxsa elə məktəbli illərinizdən bu peşənin xəyalını etdiniz?
-Kənddə qonşuluğumuzda dənizdə, XDND işləyən biri var idi. Hər dəfə kəndə gələndə gəmidən, dənizdən danışardı. Mənim üçün çox maraqlı idi. Xahiş etdim ki, köməklik etsin dənizçilik məktəbində oxuyum. Valideyinlərim isə buna qəti etiraz etdilər. Onların tövsiyəsi ilə Kooperasiya insitutuna daxil oldum. Lakin 10 gündən sonra təhsili yarımçıq qoyub 95 saylı dənizçilik məktəbinə getdim. Bax beləcə mənim dənizçilik həyatım başladı və bu gün də davam edir.
– Bəzən yaşlı, təcrübəli dənizçilərimizlə həmsöhbət oluram, onların həyat tərzini, dənizçi həyatını gənc dənizçilərə çatdırıram. Sizin dənizçilik həyatından nələri örnək olaraq göstərmək olar?
-Özlərinə, seçdikləri sənətə tələbkarlıqla yanaşsınlar. Öyrənməyə ərinməsinlər, öyrətməyə, bildiklərini başqalarına çatdırmağa qısqanclıq etməsinlər. İşlədiyim dövr ərzində çalışmışam ki, dənizçiliyimizin inkişafı yolunda gənc dənizçilər bilik səviyyələrini artırsın. Dənizçilik peşəsini sevməyi, özlərini inkişaf etdirməyi onlara daima tövsiyə etmişəm.
-Dənizdən baş çıxarmaq, karyera qurmaq, müxtəlif dövrlərdə və şəraitdə işləmək sizin üçün çətin olmadı ki?
-Mən dənizlə dostluq etməyi öyrəndim. Bütün məhrumiyyətlərə, ağır iş şəraitinə, çətinliklərə dözdüm. Məqsədimə çatmaq üçün mücadilə etdim, təhsil aldım. Çətinlikləri dəf etdikcə hər şeyin asan olduğu qənaətinə gəldim.
-XDND də çalışmısız. Sıravi dənizçidən xidmət rəisi vəzifəsinə qədər bir yol keçmisiz. Dənizçi olaraq da karyeranızda və ictimai həyatınızda nələrə nail ola bildiniz?
– XDND mənim könül verdiyim, bağlı olduğum, dost qazandığım, ailəmi dolandırdığım, balalarıma təhsil, yaxşı savad və tərbiyə verməyi öyrəndiyim bir kolletivdir. Bu idarədə mübarizliyi öyrəndim. XDND Yerli-yersiz olunan tənə və təzyiqlərə sinə gərmək, haqqın yanında olmağı bacarmağı öyrənə bildiyim təşkilatdır, idarədir.
-Gənc nəslə əsas nələrə sahib çıxmağa, hansı keyfiyyətləri mənimsəməyi məsləhət görərdiz?
– Gənc dənizçi nəslinə savadlarını artırmağı tövsiyə edirəm. Baxın, mən bu gün xidmət rəisi işləməyimə baxmayaraq bu gündə özümü gəmidə olan dənizçilərdən ayırmıram. İnandırım sizi ki, güclü külək əsəndə rahat ola bilmirəm. Özümü onların yanında hiss edirəm, çünki dənizdə işlədiyim 36 il ərzində, bir çox dəniz və okeanlarda dəfələrlə fırtınalı hava şəraitində həyacanlı anlar yaşamışıq. Bu həyacanlı hadisələr heç vaxt yadımdan çıxmaz. Gənc nəslə əzmkar, dözümlü olmağı arzulayıram.
-Keçmiş Dənizçilərimizin həyatından bəhs edən müxtəlif hekayətlər, lətifələr, macəra dolu xatirələr danışılır. Yəqin ki eşitmisiz. Daha çox hansı söhbətlər dənizçi həyatına rəng qatır?
-Dənizçinin həyatı macəra və ağla gəlməyən hadisələrin mərkəzində olmaqla keçir. Yumor hissi güclü olur və yaradıcı olurlar. Hadisələrdən baş açırlar və bütün bu yaşantılar dənizçi həyatının bəzəyidir. sonradan yaşananlar xatirələrə çevrilir, həyata yenidən möhkəm bağlı olarsan.
– Təcrübəli dənizçi, rəhbər işçisiz . Bu gün Azərbaycan gəmiçiliyi yeni mərhələyə qədəm qoyur, desək yanılmarıq. Bu xüsusda sizin təcrübəniz nə deyir, daha nələri inkişaf etdirmək olar?
– Sözün həqiqi mənasında Azərbaycanda gəmiçilik, dəniz nəqliyyatı özünün tərəqqi dövrünü yaşayır, inkişaf edir və yeni-yeni layihələrə imza atılır. Dövlət başçısının gəmiçiliyə göstərdiyi qayğı nəticəsində artıq öz gəmilərimizi özümüz tikirik, istismar edirik. Rəhbərlik yerindədir, demək bu rəhbərlik tərəfindən dövlətin, gəmiçiliyin marağı hər şeydən üstün tutulur. Bu baxımdan da gəmiçiliyimizin dünya gəmiçilik ailələri içərisində seçilməsi, fərqlənməsi sevindiricidir.
-Natiq Müəllim, sizinlə bu yubiley gününzdə sağollaşırıq. Bir daha doğum gününüz mübarək.
– Çox sağ olun. “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi olaraq sizin bütün fəaliyyətlərinizdə uğurlar əldə etməyinizi arzulayıram.
Söhbətləşdi: Faiq Balabəyli