Kreml HƏRƏKƏTƏ KEÇDİ, Saakaşvili həbs ediləcək, Gürcüstan… – MÜSAHİBƏ

Bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda iqtidar və müxalifətin favorit namizədlərinin eyni səs toplaması seçkilərin taleyini ikinci tura buraxıb. Seçkilərdə böyük rəqabətin olacağı isə istisna deyil.

Siyasi analitik Natiq Miri mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

– Müxalif partiyadan prezidentliyə namizədliyini irəli sürən Georgi Vaşadzenin ikinci turda qələbə çalmaq ehtimalını necə dəyərləndirirsiniz?

– Georgi Vaşadzenin prezident seçkilərində qələbə qazanmaq məsələsi təkzibolunmaz vəziyyətə gəlib çıxıb. Çünki həm nəzəri, həm də praktiki cəhətdən düşünəndə, Vaşadzenin sorğu-sualsız ikinci mərhələdə qalib gələcəyi qənaətinə varırıq. Niyə? Çünki Bidzina İvanişvili rejiminin bütün saxtakarlıqlarına rəğmən, rəsmi olaraq Mərkəzi Seçki Komissiyasının verdiyi rəqəmlərə görə, Vaşadze 38 faizə yaxın səs toplayıb. Birinci turda müxalif partiyalardan prezidentliyə namizəd olan David Bakradze də 10,8 faiz səs toplamışdı. O isə seçkidən dərhal sonra ona səs verən seçicilərdən Vaşadzeyə səs vermələri üçün rica etmişdi. Bu günə qədər də bu istiqamətdə təbliğat davam edir. Ayrıca, bu seçkilərdə iştirak edən digər müxalif partiyalardan birinin namizədi də seçkidə dörd faizə yaxın səs toplamışdı. O da müəyyən danışıqlardan sonra bütün tərəfdarlarına Vaşadzeyə səs verməsi çağırışını etdi. Bu, isə toplamda artıq 52 faizdən çox səs deməkdir.

Bunun qarşılığında İvanişvili hökuməti də cavabsız qalmadı. Hökumət 500 minə yaxın insanın bank borclarının dondurulması ilə bağlı müəyyən göstərişlər verdi. Ancaq bu qərar Gürcüstan ictimaiyyətində anlaşmazlıq yaratdı. “Nəyə görə bu qərar seçkilərə qədə yerinə yetirilmədi” formasında suallar ortaya atıldı. Çünki bu qərarın icrasına seçkidən 15 gün sonra başlanılacaq. Ayrıca, nədənsə, digər qisim əhalinin bank borclarının bağlanılması haqqında qərar verilmədi. Bu da ictimai rəydə mənfi istiqamətdə reaksiyalar doğurdu. İvanişvili hökumətinin bu addımının da onun xeyrinə işləyəcəyini qətiyyən demək olmaz.

Ən əsas məsələ ondan ibarətdir ki, son 10 il ərzində İvanişvili hakimiyyəti Gürcüstana müsbət mənada heç bir şey qazandırmadı. Bu faktı Gürcüstan toplumuna bələd olan və Gürcüstana gedən bütün azərbaycanlılar da təsdiq edə bilər ki, orada ciddi şəkildə mövcud hakimiyyətə qarşı qəzəb formalaşıb. Çünki məhz Mixail Saakaşvilinin prezident olduğu dövrdə Gürcüstan iqtisadi çiçəklənmə prosesi yaşadı. Çox maraqlıdır ki, Saakaşvili hakimiyyətdən gedəndən sonra Gürcüstanda iqtisadi sıçrayışlar gözləyən toplum qarşısında İvanişvili rəhbərliyində bir kriminal rejim dayandı. Heç kimə sirr deyil ki, mövcud hakimiyyət narkotik satışının Gürcüstanda qanuniləşməsi prosesini tətbiq etmək istəyir. Bunu qanun çərçivəsində həll etməklə, narkotikin apteklərdə satılmasına şərait yaratmaq istəyirlər. Əbəs yerə veriləcək qərar deyil. Çünki Gürcüstanda bütün narkotik alveri bazarına, narkotik daşıyıcıları və istifadəçilərinə İvanişvilinin yaxın ətrafı və qohumları nəzarət edir.

Bütün bu amillərdən yola çıxaraq düşünürəm ki, əgər ikinci turda total saxtakarlıq olmasa, Vaşadzenin qələbəsi qaçılmazdır.

Bu istiqamətdə təkcə iqtidar deyil, Saakaşvilinin yenidən hakimiyyətə qayıda biləcəyi narahatlığı ilə Kreml də hərəkətə keçib. Seçkidən öncə Rusiyameyilli gürcü siyasətçilərin böyük hissəsi Moskvaya dəvət edildi və toplantılar keçirildi. Vladimir Putinin ən yaxın adamı təcili şəkildə Tbilisiyə ezam olundu ki, seçki prosesi ilə ciddi məşğul olsun. Bütün bunlara rəğmən, nisbətən demokratik seçki keçirilsə, proses Vaşadzenin qalibiyyəti ilə başa çatacaq. Əks təqdirdə, İvanişvili hakimiyyətinin növbəti parlament seçkilərinə qədər hakimiyyətdə qalmasına böyük şübhələr yaranacaq. Çünki ciddi etirazlarla qarşılanacaqlar. Bu reallığı Qərb dünyası da qəbul etməyəcək. Paralel olaraq seçkilərdə alternativ səs sayılması mövcuddur. Amerikadan xüsusi təşkilatlar dəvət edilib ki, bu təşkilatlar seçkilərdə səsləri sayaraq, demək olar ki, reala yaxın nəticə ortaya qoymuşdular.

– Vaşadzenin seçilməsi təqdirində parlamentlə prezident institutu arasında qarşıdurma yarana bilərmi?

– Əlbəttə. Belə bir qarşıdurma gözlənilir. Ancaq hər şey prezident olacaq şəxsdən asılıdır. Əgər müxalifətin namizədi Vaşadze prezident olarsa, onun topluma nə qədər liderlik edib-edə bilməyəcəyi məsələsi əsas olacaq. Vaşadze əvvəlcədən bəyan etmişdi ki, bütün kiçik səlahiyyətlərinə rəğmən, hakimiyyətə gələn kimi Saakaşvili həbs ediləcək və bununla da o, dərhal Gürcüstana gələcək. Bu prosesin qarşısını almaq üçün parlament prezidentin qarşısında müəyyən məhdudiyyətlər qoya bilər. Bu da prezident ilə parlament arasında ciddi qarşıdurma yarada bilər. Ancaq hər bir halda, belə qarşıdurma yaransa belə, müxalifətin namizədi hakimiyyəti ələ alarsa, liderliyi öz boynuna götürərsə, onda əmin olmaq olar ki, hətta parlament seçkilərinə qədər bu iqtidar hakimiyyətdə qalmaya bilər.

– Hakim partiya seçkilərin nəticələrini öz xeyrinə çevirmək üçün hər hansı siyasi resursdan istifadə edə bilərmi?

– Açığı, siyasi resurslardan ciddi şəkildə istifadə olunmuşdu. Edilən saxtakarlıqlarla bərabər, hakimiyyətin nəzarətində olan bütün avtobazalar xüsusi göstərişlə insanları məntəqələrə daşıdırlar. Hətta “karusel” sistemindən dəfələrlə istifadə edildi ki, bu da inzibati resurslar hesabına başa gəldi. Bütün bunların müqabilində belə müxalifətin namizədi Vaşadze Salome Zurabişvili ilə eyni səsi topladı. İkinci turda digər müxalif namizədlərin səslərini Vaşadzeyə verəcəyi təqdirdə, növbəti prezidentin müxalifətdən olacağına şübhə qalmır. Prezident müxalifət partiyasından seçilməsə, bu, Gürcüstan hökumətində növbəti siyasi böhranın olacağı deməkdir. Bu da cəmiyyətdə qarşıdurma, parçalanma və qütbləşməyə gətirib çıxara bilər.

– Saakaşvili nə zamansa yenidən Gürcüstanın lider ola bilərmi?

– Əslində, bütün məsələlərin kökündə dayanan hədəf budur. Saakaşvili özü prezident seçkilərində iştirak etmədiyi və bu posta maraqlı olmadığı üçün 10 partiyanın birliyi ilə Vaşadzenin namizədliyi irəli sürüldü. Vaşadze isə digər namizədlərdən fərqli olaraq, özü üçün müəyyən imic formalaşdıra bilib. Keçmişində də hər hansı qaranlıq məqamlar olmadığı üçün gürcü toplumunda böyük nüfuza malik siyasətçidir. Vaşadzenin bu məhdud səlahiyyətlərlə prezident olması gələcəkdə Saakaşvilinin hakimiyyətə gəlməsi yolunda bir addımdır.

Share: