Kreml Sarkisyanla vidalaşır

Ermənistan prezidenti Serj Sarkisyanın bir neçə gün əvvəl Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi barədə məlumat vermişdik.

Görüşdən sonra KİV-lərdə yayılan ilkin təəssürat  bu idi ki, Sarkisyan və Putin bağlı qapılar arasında ikitərəfli siyasi-iqtisadi münasibətlərlə yanaşı, Ermənistan – Azərbayca (Dağlıq Qarabağ) münaqişəsi ətrafında müzakirələr aparıblar. Lakin yenidən Putin – Sarkisyan görüşünə qayıdan Ermənistan KİV-ləri və politoloqlarından bununla bağlı ilginc iddialar ortaya atıblar.

Putin – Sarkisyan görüşünün ilginc məqamları

Erməni mənbələrin iddiasına görə Sarkisyan uzun müddət idi ki, Putinlə görüşmək istəyirdi və bununla bağlı dəfələrlə Kremlə etdiyi müraciətlər geri çevrilib. Lakin Putinin qəbuluna düşməyə imkan tapan Sarkisyanın bu istəyinin arxasındakı məqamlar da kənardan qəribə görünən bu təkidi qədər maraqlı imiş. Artıq bağlı qapılar arxasında keçirilmiş görüşü örtən sirr pərdəsi çəkilməyə başlayıb. Erməni mənbələr Putin və Sarkisyan arasında bağlı qapılar arxasında davam edən bir neçə saatlıq görüşün qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olduğunu iddia edirlər. Qeyd olunur ki, Putindən 2018-ci ilin mart ayında keçiriləcək seçkilərədək hazırkı baş nazir Karen Karapetyanı tutduğu postdan uzaqlaşdırmağı xahiş edən Sarkisyan seçkilərdən sonrakı dönəmdə baş nazir postuna gəlmək üçün Rusiya başçısından yardım istəyib. Ermənistan KİV-ləri Serj Sarkisyanın bu istəyinin təsadüf olmadığını və bunu Kremlin “Qazprom”un keçmiş başçısı Karen Karapetyanın baş nazir postunda qalmasında maraqlı olması ilə əlaqələndirirlər. Nəzərə alsaq ki, Sarkisyan Ermənistan qanunvericiliyinə görə prezident seçkilərində iştirak edə bilməyəcək və gələn ildən Konstitusiya dəyişikliyinə əsasən ölkəyə rəhbərlik baş nazirə keçəcək. Seçkilərə az vaxt qalmış Rusiyanın Karapetyanı yola salmağa tələsməməsi isə baş nazir olmağı hədəfləyən Sarkisyanın narahatlığını artırıb.

“Döyülmüş it” atmosferində keçirilən görüş

Erməni politoloq Manvel Sarkisyan Ermənistan prezidentinin Moskvaya səfərini şərh edib. O, bağlı qapılar arxasında keçən görüşdə Serj Sarkisyanın Putin qarşısında ağladığını iddia edib: “Putinlə Sərkisyanın Moskvada qapalı keçirilən görüşü “döyülmüş it” atmosferində baş tutdu. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Lakin Putinlə Sarkisyan daha çox Ermənistanın daxili məsələsinə kökləndi. Sarkisyan Putindən “Ermənistanın sahibi mənəm, yoxsa yox?” deyə soruşub. Ermənistan daxilində dəyişikliklər gözlənilir. Rusiya prezidenti ola bilsin ki, bu dəyişikliyin Sarkisyanın başçılığı ilə baş verəcəyini düşünür. Lakin Sarkisyan Putindən soruşdu: “Bu ölkənin sahibi mənəm, yoxsa yox?”. Sarkisyan çox şey haqda qərar verə bilmir, onun əvəzində başqaları qərar verir. Ölkənin siyasəti məhv edilib. Həmişə güzəşt etməklə o, şəxsi mövqelərini itirir. Buna görə də o, Putinin qarşısında ağlayaraq, soruşdu: “Sahib mənəm, yoxsa yox?!. Əlbəttə, Rusiyanı Ermənistanda onun problemlərini kimin həll edəcəyi maraqlandırır”.

Manvel Sarkisyan iddia edir ki, Kreml Serj Sarkisyandan imtina edəcək: “Əgər Sarkisyan yaxşı vəziyyətdə olsaydı, Karen Karapetyanı bura göndərməzdilər. Bu, oliqarxiya sistemidir və bu sistemdə yeganə güc puldur. Aydınlaşdı ki, pul artıq yoxdur, onu tamamilə qarət etdilər, təbii ki, Sarkisyan Rusiya kapitalına doğru əyilməli və ona ümid bəsləməli idi. Təbii ki, kimdə pul var, sahib də odur. Oliqraxiyanın zəifliyi də pulun yoxluğu ilə bağlıdır. Bu gün Rusiyada “Ermənistan investorlar klubu” Ermənistana doğru hərəkət edir. Bu, Rusiyanın gedişidir və aydındır ki, siyasi məsələlər bu prosesdə həll olunur. Bu, dövlət və xalqdan yuxarıda baş verən prosesdir”.

Kremlin “Karapetyan planı”

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda dövlət başçısı postunu tutan Serj Sarkisyanın üçüncü müddətə seçilmək hüququ yoxdur. Politoloq xatırladıb ki, bu ilin aprel ayının 2-də keçirilmiş parlament seçkilərində Sərkisyanın lideri olduğu Respublika Partiyası 49.12% səs toplayaraq qələbə qazanıb: “Parlamentdə təmsil olunan Daşnaksütyun bloku da hakim partiyaya dəstək verir. Yəni, hazırda Respublika Partiyasının parlamentdə öz namizədini prezident seçmək problemi yoxdu. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda baş nazir əsas siyasi fiqura çevrilir. Hökumətə rəhbərliyi də baş nazir edəcək, əsas siyasi və iqtisadi qərarlar da onun tərəfindən veriləcək.

Hazırkı baş nazir Karen Karapetyan isə birbaşa Moskvanın adamı sayıla bilər. Rusiyanın nəhəng “Qazprom” şirkətinin mencmentində çalışan Karapetyanın 2016-cı ildə baş nazir təyin edilməsi də məhz Moskvanın planı idi. Məqsəd Ermənistanda parlament idarəetmə sistemini bərpa etmək və kənardan idarə etməkdir. Kremlin komandası bu tapşırığın öhdəsindən yaxşı gəldi”.

Z.İbrahimli hesab edir ki, yeni prezident də Karapetyanın və Moskvanın təmsilçisi olacaq:“Karapetyan isə baş nazir postunu saxlayacaq. Yaxud, Karapetyan prezident olarsa belə, baş nazir postuna ondan və Kremldən birbaşa asılı olan şəxs təyin ediləcək. Sarkisyanla Kremlin məsləhətləşmələri isə bu çərçivədə optimal qərarların verilməsi üçün aparılır. 

Hakimiyyətdən getsə də siyasi və iqtisadi eliatnın böyük hissısini Sarkisyanın adamları təşkil edir. O, hələ bir müddət öz təsirini saxlaya biləcək. Bu baxımdan Kreml onunla müvafiq ssenarilərin müzakirəsini məqbul sayır. Böyük ölçüdə Ermənistanda böyük dəyişiklikllər baş verməyəcək. Çünki yenə bütün siyasi rıçaqlar Kremlin əlində qalacaq. Karapetyan isə zamanla sırf öz komandasını yaradacaq”.   /Cebhe.info/

Share: