Kriminallarla adı hallanan azərbaycanlı müğənnilər – SİYAHI

Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın bu gün həbs olunub. İfaçı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

 

Qeyd edək ki, Fədayə Laçın adı kriminal aləmdəki şəxslərlə hallanan ilk müğənni deyil.

 

Müstəqil.Az a24.az-a istindaən xəbər verir ki, əvvəllər də bir neçə tanınmış ifaçının, hətta xalq və əməkdar artistlərin belə bu tip xəbərlərdə adı keçir.

 

Bundan öncə, mərhum xalq artisti İlhamə Quliyevanın, xalq artisti Briliant Dadaşovanın, əməkdar artistlər Mətanət İsgəndərlinin, Manana Çaparidzenin, Eyyub Yaqubovun da adları kriminal şəxslərlə yanaşı çəkilib.

 

Xalq artisti İlhamə Quliyevanın adı əvvəlcə Hacı Məmmədovla, daha sonra isə ləğv edilmiş MTN hadisələrində hallanıb. Mərhum müğənninin Hacı Məmmədovla olduğu kimi, sabiq MTN rəhbəri ilə də şəxsi münasibətlərinin olduğu deyilirdi. İ.Quliyeva son hadisələrlə bağlı açıqlama verməsə də, Hacı Məmmədovla dostluğunu özü də təkzib etmirdi, ancaq “qara işlər”indən xəbərsiz olduğunu vurğulayırdır. Onu da bildirək ki, Hacı Məmmədovun “Qarabulaq”deyilən istirahət məkanının girişində İlham Quliyevanın böyüdülmüş fotosu asılmışdı.

 

Hacı Məmmədovun daha bir “qurbanı” xalq artisti Brilliant Dadaşova olmuşdu. Həmin ərəfədə sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü “cavanlaşdırması” idi. Belə ki, həmin sənəddə müğənninin adı “Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində onunla birgə fotosu yayılmış müğənni Eyyub Yaqubovun da adı hallanmışdı. İfaçının H.Məmmədovun “dost” siyahısına düşməsinə səbəb də məhz həmin foto olmuşdu. Eyyub Yaqubov özü isə bu barədə açıqlama verməkdən yayınmışdı.

Hacı Məmmədovla yanaşı adı çəkilən digər müğənni isə Manana Çaparidzedir. Çaparidzenin də adının hallanmasına məhz 2006-cı ildə Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdiyi fotolar səbəb olmuşdu. Eyyub Yaqubovdan fərqli olaraq M.Caparidzeyə H.Məmmədovun “Mercedes” markalı avtomobil hədiyyə etdiyi də iddi edilirdi.

 

Məlum MTN hadisələrində əməkdar artist Mətanət İsgəndərlinin də adı hallanıb. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev dəfələrlə ifaçını “MTN agenti” olmaqda günahlandırıb. Qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia edib. Bildirib ki, Mahir Abdullayev Mətanət İsgəndərli ilə israrlı dəvətlərdən sonra görüşüb, həmin görüşdə dava düşüb, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

 

“MTN işi”ndə adı çəkilən digər müğənni Manaf Ağayevdir. İfaçı Akif Çovdarovun məhkəməsində də iştirak edib. Müğənni Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb və dindirilib. Müğənni özü isə mətbuata açıqlamasında Akif Çovdarovla heç bir əlaqəsi olmadığını bildirib.

 

Ləğv edilən MTN olaylarında müğənni Şəbnəm Tovuzlunun da adı hallanıb. Şəbnəm Tovuzlunun da sabiq MTN Akif Çovdarovun qurbanlarından biri olduğu deyilirdi. İddia olunurdu ki, ifaçı qadın alverində ittihamı olunaraq MTN-ə aparılıb.

 

Müstəqil.Az

Share: