“Təəssüf ki, Bakıda və respublikamızın ayrı-ayrı rayonlarında yaşamış bir sıra şəhidlərin adları hələ də əbədiləşdirilməyib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bunun üçün imkanlar, boş küçələr çoxdur: “Elə küçə adları var ki, nəyi ifadə etdiyini, ümumiyyətlə, anlamaq olmur. Məsələn şəhidimizin Binəqədidə yaşadığı küçənin adı “İzvidnoy” adlanır. Bu nə deməkdir?! Heç kim başa düşmür. Bunun kimi bir çox adlar var – “Xutor”, “Sallaqxana”, “Vorovski” və s., hansı ki saymaqla bitməz. Bu məsələyə baxılmalı, küçələrə şəhidlərimizin adları verilməli, əbədiləşdirilməlidir”.
Zaur Mirzə