Kukla teatrında qadın zorakılığına qarşı tamaşa – FOTO

Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan “O qadın” adlı dramatik tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşa son vaxtlar qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox onların zərər çəkməsi, ən əsası kütləvi şəkildə fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.

Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır.

Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa ediblər.

Sənədli teatr üslubunda hazırlanan tamaşa adından da göründüyü kimi real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında səhnələşdirilib.

Qeyd edək ki, bu layihə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınlara və qızlara qarşı zorakılığla mübarizəyə həsr olunmuş fəallıq kampaniyasına dəstəyini də ifadə edir.

Share: