Külək və yağış Gəncədə infrastruktura ziyan vurub.
Bu barədə -nın yerli bürosuna Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov deyib.
İlqar Əsədov bildirib ki, dünən qərb bölgəsində baş verən güclü külək və yağış Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan vurub: “Səhər saat 8-ə olan məlumata görə 12 yaşayış binasının dam örtüyünü tam və ya qismən dağılıb. Bundan başqa şəhərin yaşıllıq təsərrüfatına da ciddi zərər dəyib. Belə ki, 39 ədəd iri və xırda gövdəli ağaclar küləyin nəticəsində aşıb. Bu zaman səkilərə və bardürlərə, yol təsərrüfatı da ziyan çəkib. Küçə və prospektlərdə məhəccər və hasarlar aşıb, bunun nəticəsində də vətəndaşların 5 avtomobili zədələnib”.
Onun sözlərinə görə, küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib: “Dünən güclü küləkdə 8 işıq dirəyi sıradan çıxıb, kərpicdən hörülmüş bir neçə barı uçub. Gecə təcili olaraq Gəncə icra hakimiyyəti yanında fövqəladə hallar komissiyasında qərargah yaradılıb və gecə ərzində küləyin fəsadları aradan qaldırılıb”.
Gəncənin mərkəzində olan süni küknar ağacının aşmasına münasibət bildirən MKTİB rəsmisi qeyd edib ki, küknar ağacı bərkidilsə də, küləyin güclü olması dəmir konstruksiyanı yıxıb.