Küləyin Vüqar Məmmədlə nə ədavəti?

Təxminən 10 il əvvələ – “Qarabağ” gözümüzdən “qorxu odu”nu götürənə qədər avrokuboklar üçün Azərbaycana gələn istənilən komandanın baş məşqçisinə jurnalistlərimiz bu sualı verirdilər: “Bakının istisindən çəkinirsiniz?”

Komandaların baş məşqçiləri bu suala candərdi cavab verirdilər və səhəri gün də onların futbolçuları meydanda 90 dəqiqə at kimi qaçırdılar, bizimkilər də 60-cı dəqiqədən sonra ləhləyirdilər. Və məlum olurdu k, əslində, Bakının istisi elə bizimkilərə “düşməndir”.

Bəlkə də o sualı verən jurnalist bilirdi ki, fiziki cəhətdən hazırlıqlı olan komanda üçün istinin, soyuğun fərqi yoxdur. Fiziki cəhətdən hazırsansa, istiyə də, soyuğa da davam gətirəcəksən. Amma yenə də bir təsəlli tapmaq lazım idi axı.

Qarşılaşmadan əvvəl məğlub olacağımızı bilirdik, ona görə də, təsəlli axtarırdıq. Amma təsəlli bildiyimiz isti də bizə qənim kəsilirdi. “Qarabağ” gözümüzdən “qorxu odu”nu götürəndən bəri o sualı eşitmirik daha.

Amma əvəzində Vüqar Məmməd adlı məşqçimiz yeni “düşmən” tapıb. Adı da küləkdir. Azərbaycanın U-17 yığması Belarusla iki oyun keçirib və hər ikisində məğlub olub. Vüqar Məmməd də hər iki qarşılaşmadan sonra deyib ki, külək bizə mane oldu. Küləyin futbolla heç bir ədavəti yoxdur. Bunu ingilis alimlər sübut ediblər, finlər də təsdiqləyiblər. Ola bilsin ki, küləyin elə Vüqar Məmmədlə ədavəti var. Ya da Azərbaycanla oyundan əvvəl Aleksandr Lukaşenko küləyin boğazına Belarus arağı töküb. Küləkdir də, boğazını yaşlayandan sonra ədalət hisini itirib və başlayıb Vüqar Məmmədlə ədavət aparmağa.

Vallah, billah, mən Azərbaycan futbolunun problemi qismində heç vaxt məşqçiləri, futbolçuları görməmişəm. Bizim futbolun Rövnəq Abdullayev boyda bəlası, Elxan Məmmədov kimi problemi varsa, futbolçunu, məşqçini qınamaq yersizdir. Amma Vüqar müəllim özü deyir, məcbur edir ki, ondan yazaq.

Vüqar müəllim, vallah, billah, küləyin futbolla heç bir ədavəti yoxdur. Amma sizinlə ədavət aparmadığını da iddia etmirəm. Ancaq bunu araşdırmaq üçün U-17-nin baş məşqçi postu münasib yer deyil. Yaxşı olardı ki, Coğrafiya İnstitutuna üz tutardınız. Gedin orda araşdırma aparın, görün, bu vələdüzna külək sizdən nə istəyir…

Nə istəyir ki, sizə görə uşaqlarımızı belarusların qarşısında başıaşağı edir. Gedin araşdırın, küləklə ədavəti yoluna qoyun. Narahat olmayın, problemi həll edən kimi AFFA rəhbərliyi sizə yenə də iş verəcək. Sizin kimi mütəxəssislər heç vaxt işsiz qalmırlar. Maraqlıdır ey, görəsən, küləyin Vüqar Məmmədlə nə ədavəti?

Natiq Muxtarlı

Share: