Küməsi qurudu ümidlərimin…

Fərqanə MİSGƏRQIZI

…ÜŞÜYÜRSƏN, BİLİRƏM…

Gəl sənə göz yaşımdan
Bir bulaqlıq pay verim.
ÜrƏyin darıxanda
Səslə məni, hay verim.

Qışın oğlan çağıdı
Üşüyürsən, bilirəm.
Ruhunu isitməyə
Bir gecəlik yay verim.

Günlər təsbeh daşıdı
Qarası var, ağı var.
Hansını istəyirsən
Bircə-bircə say, verim.

Qaralıb gün işığın
Gün sənə lazım olmaz.
Sevdiyin gecələrə
Ulduz verim, ay verim.

Gəl sənə göz yaşımdan
Bir bulaqlıq pay verim.
Ürəyin darıxanda
Səslə məni hay verim…

YÜZ İLDİ ÖLMÜŞ KİMİYƏM…

Sevincindən pay görmədim,
Qəmindən doymuş kimiyəm.
Ruhumu sən olan yerdə,
Unutmuş, qoymuş kimiyəm.

Xəbərin varmı özündən,
Yağişlar yağir gözündən?!
Bu qara sevda üzündən,
Yüz ildi ölmüş kimiyəm…

TUT ARACI
(Atamın ölümündən sonra həyətimizdəki tut ağacı qurudu)

Sən niyə qurudun, sən niyə soldun,
Könlümün çiçəkli baharı kimi.
Öpüb oxöayıram budaqlarını,
Atamın əlinin qabarı kimi.
Tut ağacı.

Dərdini çəkdiyin dərd belə olmaz,
Sən kədər gətirdin kədərim üstə.
Pərən-pərən olmuş xəyal kimisən,
Sərilib qalmısan çəpərin üstə.
Tut ağacı.

Sən mənə bir ata yadigarıydın,
Deyirdim olarsan təsəlli yerim.
Küməsi qurudu ümidlərimin,
Yerində göyərdi qüsəlli şeirim.
Tut ağacı.

Dərdlərə dözümlü daşıqmış demə,
Min dərdi bir qəlbdə saxlaya billik.
Sənintək həsrətdən qurumuruq ha,
Sıxıb gözümüzü ağlaya billik.
Tut ağacı.

QƏRİB BİR QUŞAM…

Qərib bir quşam, ana,
Qonmağa budarım yox.
Canım elə ağrıyır,
Canımda bir sağım yox.

Sağım düşmən, solum yad,
Tanrıdan ola imdad.
Atılmışı sən də at,
Getməyə ayağım yox.

Barlı yollar açıla,
Qaranlıqlar qaçıla.
Üstümə gün saçıla,
Yanmağa çırağım yox.

Döz deyirsən, dözərəm,
Söz deyirsən, düzərəm.
Ürəyimi üzərəm,
Ürəyimdə yağım yox.

Bu dərdə gülmək asan,
Sirrimi bilmək asan.
Ölərəm, ölmək asan,
Bükülməyə ağım yox.

ANA, QONARIMSAN DƏRDI-SƏRINLƏ

Ana, qonağımsan dərdi-sərinlə,
Danış həzin-həzin, din həzin-həzin.
İşığa qərq eylə ümidlərimi,
Deyirəm bu gecə yuxum gəlməsin.

Dönək xəyallara, baş alıb gedək,
Dünya sahilsizdi, dünya böyükdü.
Vaxtsız itirdiyin atam qəlbinə,
Mənim qayğılarım çiyninə yükdü.

Sıxma ürəyini qurbanın olum,
Köçürsən, həyatda hələ varam mən.
Alıb kədərini atıb üstündən,
Yanına sevinclə qayıdıram mən.

Share: