Kür adaları, Pirəzə narko-milyarderi, “Kalaşnikov”lu qoruqçular

397 min manatın üstünə 3 min də qoysan, 400 min manat edər. Hələ gərək bu 400 minin üstünə 100 min də gələsən ki, o pula yarım milyon demək olsun.

Ona görə də şişirtməyə yol vermək düzgün deyil. Adamın falçıya qapdırdığı pulun miqdarını, “yarım milyon”  deyənlər də var, “1 milyon” deyənlər də.

Nə işdirsə, bizim “1 milyon” rəqəminə xüsusi sevgimiz var. O vaxt 650 min civarında qaçqın-köçkünümüz vardı, şişirdib, yuvarlaqlaşdırıb “1 milyon” dedik (belə lazım idi, yoxsa tərəqqipərvər bəşəriyyətin bizə yazığı gəlmirdi). Allah tərəfi, gənc qaçqın-köçkünlərimiz partiya və dövlətimizin etimadnı layiqincə doğrultdular, 5-6 ilə həmin sayı düzəltdilər. İndi “1 milyon qaçqınımız var” demək düzgün deyil, real sayı azaltmış oluruq.

Dünən bir usta şəyirdi (dəmirçi) söhbət əsnasında ictimai-siyasi-kriminal mövzuda yekə bir şişirtməyə yol verdi. O, Kür çayının Bərdə və Ağdaş rayonlarının arasından keçən hissəsində, Pirəzə kəndi yaxınlığında, çayın ortasındakı adalarda narkotik maddə yetişdirilməsindən danışdı, plantasiyanı əli avtomatlı adamların qoruduğunu dedi və İmişli şəkər zavodunda istehsal olunmuş qənd parçasına and içdi ki, o plantasiyanın sahibləri milyarderdir.

Müqəddəs qənd qırığına and işməsinə baxmayaraq, hiss olunurdu ki, gənc usta açıq-aşkar şişirtməyə yol verir. “Əli avtomatlı qoruqçular” məsələsi – bir,  Kürün ortasında ada – iki, “marixuana plantasiyasının sahiblərinin milyarder olması” – üç. Ona görə də sonuncudan başladım, dedim, “milyarder olmazlar e, qaqa, milyonçu-zad olarlar”. O, bir saniyə tərəddüd etmədən belə cavab verdi: “Yoo, əmi, vallah, pullarını balta kəsmir. Oralar Kolumbiyaya dönüb”.

O, belə deyəndə inanan kimi oldum, çünki analoji işlə məşğul olan kolumbiyalı Pablo Eskobar milyarder idi. Bizimkilər ondan əskik kişinin oğlu deyillər ki. Yeri gəlsə… Yadınızdadırsa, 4-5 il öncə Gürcüstanda 2950 litr maye heroin tutulmuşdu və elan edilmişdi ki, bu narkotik partiyası Azərbaycandan keçirilib, amma sahibi ortaya çıxmadı, bu gün də yükün kimə məxsus olduğu bilinmir. Bəlkə o mal da pirəzəli milyarder narkobarona məxsus imiş, nə biləsən.

115.JPG (16 KB)

Hər halda, əlim kompüterə yetəndə xalqdan gələn siqnalı dəqiqləşdirmək istədim, dedim, hələ görək, Kürün Pirəzə kəndinin yaxınlığından keçən hissəsində, çayın ortasında həqiqətən də ada varmı. Google.map-da həmin nahiyənin xəritəsini kompüterdə böyüdüb baxdım. (Siz də edə bilərsiniz, Google-nin axtarış pəncərəsinə “Pirəzə” yazın, elektron xəritə çıxacaq – https://www.google.com/maps/@40.4050194,47.3312916,14.04z). Həqiqətən orada iki uzunsov ada var, biri böyükdür, o biri balaca. Ondan bir az aşağıda, Kürün qıvrım yerlərində daha iki böyük ada var, amma həmin adalarda çətənə plantasiyası olması haqda xalq siqnalı yoxdur.

Düzü, dəmirçi ilə söhbətin əsas yerində qəfildən maşın siqnalı gəldi və yol polisi mikrofonla gur və boğuq səslə hansısa sürücüyə “sağa ver, saxla” dedi, arada bizim maraqlı söhbətimiz kəsildi. Yoxsa dəqiqləşdirəcəkdim ki, o narkotik bitki plantasiyasını əli avtomatlı qoruqçulara qorutduran kimdir, nəçidir, kimə arxayındır, kəndin sahə müvəkkili hara baxır, o iki rayonun hüquq-mühafizə orqanlarının bu işdən xəbəri varmı, yoxmu.

İndi işverənlik kimi çıxmasın, hüquq-mühafizə orqanlarının əməkdaşları Kür çayının Bərdə və Ağdaş rayonlarının arasından keçən hissəsində, Pirəzə kəndinin yaxınlığında, çayın ortasındakı adalara baş çəksələr yaxşı olar. Hərəsi öz tərəfindəki sahildə durub adalara binoklla tamaşa eləsələr, bir şey görərlər. Kim bilir, bəlkə orada heç çətənə əkib-becərmirlər, ucuz yemiş yetişdirirlər və yol qırağına çıxarıb kilosu 1 manatdan satırlar?

Əslində ehtimal verirəm ki, dəmirçi qardaş yanılmış ola bilər, bəlkə də Kürdəki adalarda nanə, kəkotu becərirlər. İndi şəkkak adamlar deyəcək ki, nanə plantasiyasını “Kalaşnikov”la qorumazlar. Nə bilim, vallah. Əfqanıstanda bütün plantasiyaları avtomatla qoruyurlar. Onsuz əmələ gəlmir.

Ən yaxşısı 1995-96-cı illərdə Masallıdakı narkobaronların etdiyidir. Onlar meşəlik sahədə çətənə plantasiyası əkmişdilər, sonra insanlar qorxub meşəyə getməsinlər deyə xalq arasında söz yaymışdılar ki, guya Hindistandan 1 milyon kobra gətirib meşəyə buraxıblar.

“1 milyon kobra”. Görürsünüzmü, burada da şişirtməyə yol verilib.

Share: