Kütləvi peyvəndlənmə ölkəmizin mədəni həyatıda…

Kütləvi peyvəndlənmə  ölkəmizin mədəni həyatıda…

Peyvəndlənmə nəyə görə vacibdir? Bu gün demək olar ki, hər birimiz bu sualla tez-tez rastlaşırıq. Çünki artıq “COVİD 19”-la mübarizənin sonuncu – peyvəndlənmə mərhələsinə gəlib çıxmışıq. Və bu mərhələyə bütün bəşəriyyət olaraq hansı həyəcanları, nə kimi narahatlıqları, itkiləri, riskləri adlayaraq keçib gəldiyimizi də bu günləri hamımız yaxşı xatırlayırıq.

“COVID-19” bəlası bütün Yer kürəsini qəfil və hazırlıqsız yaxaladı. Bir çox ölkələr belə bir fövqəladə situasiyaya, pandemiya fəlakətinə hazır deyildi. Açığı, Azərbaycan əhalisi və rəsmi qurumlarımız da belə bir fors-major halla üzləşəcəyini gözləmirdi. Lakin dövlətin dövlətliyi, işləkliyi, çevikliyi və səriştəliliyi məhz belə kritik məqamlarda bariz şəkildə üzə çıxır. Bu mənada Azərbaycan dövləti pandemiya fəlakətinin ilkin mərhələsində kifayət qədər adekvat davrandı.
Pandemiya təhlükəsi başlayanda dövlətimiz təcili preventiv tədbirlər gördü, bir sıra vacib addımlar atdı. İlk növbədə Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Eləcə də, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah (OQ) yaradıldı, koronavirusun yayılması nəzarət altına alındı. Görülən bütün bu tədbirlər isə heç şübhəsiz ki, pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Biz pandemiyanın bütün dalğalarını minimum itkilərlə adlamağı bacardıq. Həmçinin, pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi, sosial yardımlar ödənildi, sahibkarlığın ayaqda qalması üçün dövlət səviyyəsində gərəkən addımlar atıldı. Bütün bunlar təbii ki, Prezident İlham Əliyevin qayğısı və iradəsi ilə həyata keçirilirdi. Cənab Prezidentin 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söylədiyi bu fikiri yəqin ki, hamı yaxşı xatırlayır: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. Vaksinasiya məsələsində Azərbaycanın göstərdiyi xüsusi fəallıq da məhz bundan irəli gəlir. Prezidentin rəhbərliyi ilə qəbul edilən uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunması sıradan bir hadisə deyil. Bu Azərbaycanın vaksinasiya məsələsinə nə dərəcədə böyük önəm verməsinin və ciddi yanaşmasının göstəricisidir. Bu Strategiya, bu “yol xəritəsi” Azərbaycana imkan verdi ki, dünyanın müxtəlif vaksinasiya platformalarında yer alsın. Odur ki, biz bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları artıq öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ peyvənd seçimi var. Onu da qeyd etməliyik ki, bu peyvəndlərin hər biri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiqindən keçmiş effektiv və təhlükəsiz peyvəndlərdir.
Bir sıra iri dövlətlərin hazırda “peyvənd millətçiliyi” siyasəti yürütməsinin və öz ehtiyacından dəfələrlə çox peyvənd dozları əldə etməyə çalışmasının fonunda bəzi ölkələrin peyvənd qıtlığı ilə üzləşdiyi bir məqamda Azərbaycan dövləti isə bu problemi uğurla həll etməyi və ölkəyə kifayət qədər peyvənd dozu gətirməyi bacardı. Bəli, bu da bir uğurdur və bu uğur xüsusi olaraq qeyd edilməlidir. Eyni zamanda əhali də bu fürsəti düzgün dəyərləndirməli və vaxtında peyvənd olunmağa səy göstərməlidir. Çünki yalnız ölkə əhalisinin 70-80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Məlum məsələdir ki, əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və peyvənd vurduranlar hesabına yaranır.
Bəs kütləvi peyvəndlənmənin həyata keçirilməsi və kütləvi immunirtetin yaradılması nəyə görə vacibdir? Bu sualın cavabı əslində hər kəsə gün kimi aydındır. Bu, ilk növbədə normal həyata dönüşümüz üçün vacibdir. Eyni zamanda təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün hava-su kimi vacibdir. Çünki məhz “COVID-19” virusunun kütləvi yayılması səbəbindən dünyanın hər yerində olduğu kimi bizim ölkəmizdə də şagird və tələbələrin ənənəvi qaydada təhsili məhdudlaşıb. Digər sahələrdə də zaman-zaman, mərhələli şəkildə ciddi məhdudlaşdırmalar tətbiq edilib, qapanmalara gedilib. Bu da istər-istəməz iqtisadiyyatımıza bir xeyli ziyan vurub. Heç kimə sirr deyil ki, məhz “COVID-19” pandemiyası səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Heç bir ölkə bu cür labüd itkilərdən özünü sığortalaya bilmədi. Ancaq indi kütləvi peyvəndlənmə prosesinə başlamaqla biz bu itkiləri minimuma endirə bilərik. Peyvənd olunmaqla perspektivdə iqtisadiyyatımıza dəyəcək ziyanların qarşısı hissolunacaq dərəcədə alına bilər. Odur ki, hazırda istər dünyada, istərsə də ölkəmizdə iqtisadi itkilərə məruz qalmış sahələrin bərpa olunması üçün kütləvi peyvəndlənmə ən optimal həll yoludur. Daha doğrusu, yeganə səmərəli yol sayılır.
Kütləvi peyvəndlənmə eyni zamanda ölkəmizin mədəni həyatının da canlanmasına stimul verəcək, zəmin yaradacaq. Ölkənin konsert zalları, kinoteatrları, teatr və sərgiləri, kitabxana və muzeyləri yenidən öz əvvəlki, ənənəvi iş rejiminə qayıtmaq imkanı əldə edəcək. İnsanların yaradıcılıq potensialı bərpa olunacaq, işgüzarlığı artacaq, gündəlik həyatda sosial aktivliyi öz əvvəlki tempinə qayıdacaq.
Yeri gəlmişkən, hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Lakin bu yetərli nəticə sayıla bilməz. Peyvənd olunmaq istəyənlərin sayında artımı təmin etməliyik. Başa düşməliyik ki, peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən vəsaitlərin azaldılması üçün yeganə üsul olmaqla bərabər, həm də ilk növbədə özümüzün sağ qalmağımızın və doğmalarımızın, dostlarımızın, iş yoldaşlarımızın ölüm təhlükəsindən qorunmasının əsas vasitəsidir. Odur ki, özümüzü, doğmalarımızı və dünyamızı qorumaq istəyiriksə mütləq peyvənd vurdurmalıyıq. Və həmişə olduğu kimi indi də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə hərəkət etməliyik. Bu bizim milli həmrəyliyimizin fəlsəfəsidir. Biz pandemiya ilə mübarizənin ilk mərhələsində və 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də milli həmrəylik nümayiş etdirməliyik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: