Azərbaycan Ordusunun Naxçıvanda mövqelərimizi irəliyə daşıması və ümum hərbi yüksəkliyə nəzarət etməklə iki kəndin üzərində suveren haqlarımızı bərpa etməsi çox mühüm tarixi hadisədir.
Bunu Axar.az-a Azərbaycan Ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib. O bildirib ki, 90-cı illərdə ermənilər bütün cəbhəboyu hücuma keçmişdilər və bu da bir taktiki məqsəd daşıyırdı:
“Yəni Azərbaycanın qüvvələrini parçalamaqla Gədəbəy, Tovuz, Qazaxdan ta Naxçıvana qədər əsas gücün Qarabağa yönəlməsinə imkan verməmək və bu parçalanmanın üzərində müxtəlif siyasi oyunları hesablamaq, hakimiyyəti toparlanmaq imkanından məhrum etmək niyyətində idilər. Çox təəssüf ki, o strategiya həmin dövrdə ermənilər üçün bəhrə verdi. Ulu öndər Heydər Əliyev Naxçıvana gəlməzdən öncə ermənilər orada müəyyən ərazilərdə möhkəmlənə bildilər. Bu, nəinki həmin ərazinin təhlükəsizliyini, eyni zamanda, bütöv Naxçıvan camaatının həyatını sual qarşısında qoyurdu. O biri yandan həmin ərazilərin itirilməsi fonunda ümumən Türkiyə və Azərbaycan arasında əlaqələr tamamilə qapana bilərdi. Baxmayaraq ki, həmin illərdə kimsə Qars müqaviləsindən bəhs edə və onun gücündən faydalanmağa ümid bəsləyə bilərdi. Reallıq elə idi ki, SSRİ-nin dağılmasından sonrakı dövrdə də Türkiyə Qafqazlara doğru siyasətini tam formalaşdıra bilməmişdi və bu təkcə bir bölgəyə münasibətdə deyil, ümumən regionda sonrakı illər ərzində qərarlaşmaqda çox ciddi çətinliklər törətdi. Yalnız Prezident İlham Əliyevin liderliyi altında qardaş ölkə ilə hərbi, siyasi, iqtisadi münasibətlərimizi ən yüksək səviyyəyə qaldırmağa nail olduq. Bu, 2009-cu ildən sonra məlum strateji tərəfdaşlıqla bağlı imzalanan sənəd və keçirilən görüşlərdə ifadə olunmaqdadır. Bunu ayrıca vurğulamağımın səbəbi var. Çünki bir çoxlarında belə bir illüziya mövcud idi ki, o dövrdə bu qorunma tədbirləri həyata keçirilmədən türk əsgəri gəlib Naxçıvanı xilas edəcəkdi. İstəklərimizə rəğmən belə bir düşüncənin olması təbii idi. Ancaq reallıq tamamilə fərqli idi. Heydər Əliyevin liderliyi, gücü, istedadı ilk növbədə Naxçıvanda öz bəhrəsini verdi və Ali Məclisin rəhbəri seçilməyi ilə bir neçə kəndin itirilməsi, yaxud da hərbi mövqelərə ermənilərin nəzarət imkanlarının qarşısı alındı. Paralel şəkildə rus ordusunun hərbi dəstələri və zastavaları da o ərazilərdən dinc qaydada çıxarıldı və mahiyyət etibarilə həmin ərazilərdə “ikinci Qarabağ” törədə bilmədilər. Lakin Heydər Əliyevin xilaskarlığı bir ərazi miqyasında deyil, bütövlükdə millətimizin həyatında nümayiş olundu. Təəssüf ki, o dövrdə Naxçıvan təkcə ermənilərin təxribat və hücumlarına cavab vermirdi, eləcə də Bakıdan müxtəlif xəyallar quran, Heydər Əliyevi arzuolunmaz şəxs kimi görən, onun hakimiyyətə gələcəyi ehtimalı əsasında bəziləri hər cür hücum və təxribatları ora yönəltməkdəydi. Doğurdan da həddindən artıq yardıma ehtiyacı olan əraziyə qarşı partiya istəklərindən yanaşıb, ora hücumlar təşkil etmək tarixin son dərəcə böyük bir qara səhifəsidir. Əvəzində Heydər Əliyev bütün o mübarizənin qalibi oldu və həmin adamlar siyasi səhnəni tərk etdilər”.
Millət vəkilinin sözlərinə görə, hazırkı dövrdə Azərbaycan Ordusunun hərbi uğurunu ilk növbədə tarixi kontekstdən qiymətləndirilməlidir:
“Açıq deməliyik ki, bu gün bir kəndin deyil, bir evin, bəzən bir vətəndaşımızın burnunun qanaması, erməni tərəfindən olan hücumların hansısa nöqtədə nəticə verməsi dərhal ümumxalq düşüncəsində şok doğurur. Ancaq əksinə, qazanılan uğur bəzən istənilən reaksiyanı tapmır. Bu, çox təəssüf doğurur və bu fenomeni araşdırmaq lazımdır. Analtik, siyasətçi və politoloqlarımız bu məsələnin üzərində çox ciddi şəkildə işləməlidirlər. Məsələnin başqa bir tərəfi odur ki, Naxçıvan çox strateji bir bölgədir və orada əldə olunmuş uğur yalnız lokal bir miqyasda qalmır, bu, Qarabağ uğrunda müharibəmizin tərkib hissəsidir. Naxçıvanda bir addım irəli getmək Qarabağda on və ya yüz addıma bərabərdir. Bu, Cocuq Mərcanlı hadisəsindən sonra ərazicə kiçik, lakin hərbi və siyasi əhəmiyyətinə görə çox böyük hadisədir. Hesab edirəm ki, bu hadisələrin yaxşı mənada uğur zənciri yaranır. Sizi əmin edirəm ki, bu, informasiya məkanında, xüsusilə də virtual seqmentdə ermənilər tərəfindən çox ciddi psixoloji ağrılar kimi yaşanmaqdadır. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin bütün – transmilli, iqtisadi, siyasi, regional, benəlxalq siyasəti Qarabağın azad edilməsinə xidmət edir. O cümlədən Naxçıvanda Ümumqoşun ordu birləşmələrinin bu addımı yalnız bir strateji yüksəkliyi qazanılması fonunda bir-iki kəndin üzərindən erməni buludunun dağılması deyil, eləcə də Xankəndinin işğaldan azad edilməsi uğrunda apardığımız savaşın tərkib hissəsidir. Naxçıvan nə qədər güclü və möhkəm olacaqsa, bu 90-cı illərdə əleyhimizə olan siyasəti onların ziyanına döndərməyə şərait yaradacaq. Bizim qabağımızı Qarabağla alırdılar, indi Naxçıvan vasitəsilə bu təhlükəni onlara qarşı törətməliyik”.
Z.Oruc bildirib ki Prezident İlham Əliyevin hərbi istiqamətdə atdığı addım mahiyyət etibarilə bütövlüyümüz uğrunda mübarizənin tərkib hissəsidir:
“Xatırlayırsınızsa, bir müddət öncə bir əsgərimizi qətlə yetirdilər. Görünür, bu, inqilabi Paşinyan hökumətinin hərbi sferadakı niyyəti idi. Azərbaycan ən qısa müddətdə onlara cavab verdi və bəlli oldu ki, bir erməni əsgərinin qeyri-məlum şəraitdə ölməsini fiksasiya edirlər. Açıq şəkildə gördülər ki, bu məsələnin qarşılığında Azərbaycanla toqquşmaya getmək real deyil. Paşinyan o zaman birbaşa real vəziyyəti bilmək üçün xarici işlər və müdafiə nazirini həmin əraziyə göndərmişdi, yəqin ki, başqa addımlarından da o səbəbdən daşındı.
Naxçıvan bu gün Türkiyə və Azərbaycanın gücüdür, forpostudur, ön cəbhəsidir. Oradan İrəvana olan məsafə 62 km-dir və bəllidir ki, ermənilər nə qədər KTMT-dən qabağımıza sipər çəkmək istəsələr də, o ərazidə Azərbaycan Ordusu yetərincə müasir silahlara malikdir və hərbi təlimlərin də mühüm bir hissəsi orada keçirilir. Bu yerdə ölkə başçısının siyasəti Naxçıvanda uğurla işləməkdədir. Hərbi məsələdə Ali Baş Komandanın iradəsindən kənarda heç bir addım atıla bilməzdi. Bu gün belə bir reallıq qarşısındayıq ki, hər bir addım, uğur mahiyyət etibarilə toparlanaraq vahid bir xəttə çevrilir. Bu da ondan ibarətdir ki, biz Qarabağda ermənilərə həlledici zərbəni vurmaq üçün müxtəlif istiqamətlərdə, bəzən düşmənin proqnozlaşdıra bilməyəcəyi bir səviyyədə qarşı tərəfə yönəlik zərbələrimizi vurmaqdayıq. Ermənilər üçün gözlənilməzlik effekti, qəfil zərbə ən ucqar bölgədə də ola bilər, o cümlədən də Naxçıvanda. Ona görə bu hadisənin tarixi əhəmiyyətini xüsusi vurğulamalıyıq. Hətta öz ərazilərimiz içərisində bir qədər neytral kimi görünən, bir çoxlarına qayalıq, daşlıq anlamına gələn yerlər həlledici anda qarşı tərəfə vurula biləcək zərbə üçün çox önəmli işlər görür. Bunun əhəmiyyətini gələcək dönəmdə dərk edəcəyik. Erməni tərəfi buna münasibətdə hansısa kontur addımlar atmaq üçün müəyyən bəyanatlar səsləndirir, yaxud da cəmiyyətdəki şoku, yaxın ərazilərdə Azərbaycan tank, topunun hədəfinə çevrilən kəndlərdə panikanı yatırmaq üçün müxtəlif önləyici tədbirlər görmək istəyir. Lakin bu panikalar uzun müddət davam edəcək”