L.N. Tolstoyun müəllim A. İ. Dvoryanskiyə məktubu

L.N. Tolstoyun müəllim A. İ. Dvoryanskiyə məktubu

13 dekabr 1899-cu il. Moskva.

Aleksandr İvanoviç, məktubunuzu alandan sonra, o andaca, sizin mənə verdiyiniz çox əhəmiyyətli, – özümün də olduqca vacib hesab etdiyim bu suala, ən yaxşı bir cavab tapmağı qət etdim, ancaq cavab axtarışı ara vermədən fikrimi məşğul etsə də, müxtəlif səbəblər üzündən sizə yalnız indi cavab yazıb hər ikimizin arzusunu yerinə yetirə bilirəm.

20 il öncə, mən insanlığın olduqca xoşbəxt yaşaya biləcəyini, ancaq bunun əvəzində onun özünü necə bir mənasızlıqla əzablara düçar etdiyini, biri-birini əvəz edən nəsillərin necə məhv olduğunu, habelə bunun səbəblərini bütün aydınlığı ilə gördüyümü düşünürdüm, ancaq zaman keçdikcə insanlığın qapıldığı bu ağılsızlığın köklü səbəbi ilə bağlı düşüncələrim getdikcə daha uzaqlara aparıb çıxarırdı: öncə, bunun səbəbinin yalançı iqtisadi quruluş olduğunu sayırdım, sonra başlıca səbəbin bu quruluşu qoruyub saxlayan dövlət zorakılığı olduğunu hesab etmişdim; indi isə mən belə bir qəti etiqada gəlib çıxmışam ki, bütün bunların əsas səbəbi – tərbiyə vasitəsi ilə nəsildən nəsilə ötürülən yalançı dini təlimdir.

Bizi əhatə edən bu dini yalana elə alışmışıq ki, kilsə təlimində özünü çox aydın bir şəkildə göstərən dəhşətlərə, sərsəmliklərə və amansızlıqlara diqqət yetirmək ağlımıza gəlmir; ancaq bizdən fərqli olaraq uşaqlar bunu duyur və onların ruhu bu təlimin təsiri ilə islaholunmaz bir eybəcərliyə düçar olur. Axı bizim uşaqlara öyrətdiyimiz İlahi qanun deyilən təlimin nə demək olduğuna açıq gözlə baxıb onu yetətincə anlamaq kifayətdir ki, bu kimi tədrislə necə bir dəhşətli cinayət işlədiyimiz aydınlaşsın. Saf, günahsız, hələ aldadılmamış və aldatmağın nə olduğunu bilməyən körpə uşaq sizin, insanlığa bəlli olan bilikləri öyrənmiş və ya bunu etmək imkanı olan bir şəxsin yanına gəlir və insanın bu həyatdakı ömründə hansı prinsiplərə əsaslanaraq yaşamalı olduğunu soruşur. Biz ona hansı cavabı veririk? Çox vaxt, hətta, cavab belə vermirik, əvəzində ona elə düşüncələr aşılayırıq ki, gələcəkdə belə suallarla qarşılaşanda onun bu suallara hazır cavabları olsun. Bu suallara konkret şəkildə cavab verəndə isə, ona qaba, rabitəsiz, çox vaxt sadəcə axmaq və ən başlıcası amansız yəhudi əfsanələri danışmağa başlayır və bütün bunları ya onların yazıldığı kitabdan birbaşa oxuyur, ya da daha pisi, öz sözlərimizlə danışırıq. Biz əslində özümüzün diqqət yetirəcəyimiz halda heç bir anlamı olmadığını ilk andaca duya biləcəyimiz bu əfsanələri ona müqəddəs həqiqət kimi təlqin edərək bunları deyirik: 6000 min il öncə, bizim tanrı adlandırdığımız hansısa əcaib və vəhşi bir varlıq dünyanı yaratmağı düşünmüş və onu, həmçinin insanı yaratmışdır; sonra insanın günah işlətməsindən qəzəblənən tanrı onu və onun sonrakı nəsli olan insanları cəzalandırmış, daha sonra isə, öz oğlunu insanların əli ilə öldürtməklə onları günahdan təmizləmək üçün qurban vermişdir və biz insanların başlıca vəzifəsi bu tanrıya yalvarıb onu rəhmə gətirmək, bizə qarşı düşündüyü pisliklərdən çəkindirməyə çalışmaqdır. Bizə elə gəlir ki, bütün bunlarda pis heç nə yoxdur və hətta, bunlar uşaq üçün çox faydalıdır, habelə, uşağın bütün bu deyilən dəhşətli əhvalatları təkrar etməsindən həzz alır, ancaq bu vaxt onun, mənəvi aləmi olan bu körpənin ruhunda hansı çevrilişin olduğunu anlamırıq. Biz düşünürük ki, uşağın ruhu təmiz lövhə kimidir və biz ora istədiyimiz bütün şeyləri yaza bilərik. Ancaq bu doğru deyildir, uşaqda dumanlı şəkildə olsa da, belə bir təsəvvür vardır ki, hər şeyin başlanğıcı olan, elə bu uşağın özünün də yaranma səbəbi və hakimiyyəti altında olduğu bir güc vardır və o hər şeydən yüksəkdə dayanmaqla, sözlə müəyyən edilə, ifadə oluna bilməsə də, şüurlu insanların hamısında onun haqqında təsəvvür vardır. Və birdən ona deyirlər ki, bu başlanğıc hansısa ağılsız və dəhşətli bir varlıqdır, başqa sözlə desək, yəhudilərin tanrısıdır. Uşaqda yaşadığı həyatın məqsədi ilə bağlı da dumanlı təsəvvürlər vardır və o həyatın məqsədini xoşbəxtlikdə, başqa insanlarla sevgiyə əsaslanan münasibətlərdə görür. Bunun əvəzində isə ona deyirlər ki, həyatın ümumi məqsədi özbaşına və azğın tanrının istəkləri ilə müəyyən edilir və hər bir insanın şəxsi məqsədi bu Tanrının keçmişlərdən başlayaraq, kiminsə günahı ucbatından bütün insanların üzərinə qoyduğu əbədi cəza və əzablardan xilas olmağa çalışmaqdan ibarətdir. Hər bir uşağın şüurunda belə bir təsəvvür vardır ki, insanın vəzifələri çox mürəkkəbdir və onun həlli mənəvi aləmlə bağlıdır. Bunun əvəzində ona deyirlər ki, insanın vəzifəsi istisnasız olaraq kor-koruna inancda və onun tələb etdiyi dualardadır, o gərək bəlli sözləri bəlli vaxtlarda dilə gətirsin, bəlli bir zamanda çaxıra batırılmış çörəyi dadsın ki, bu da Tanrının əti ilə qanını təmsil edir. Hələ ikonaları, möcüzələri, Bibliyadakı – davranış normaları kimi təqdim edilən əxlaqsız əhvalatları, habelə İncildəki – mahiyyəti  əxlaqsızlıqdan ibarət olan möcüzələri demirəm. Axı bu ona bənzəyir ki, kimsə rus folklorundakı Dobrınya, Dyukom və başqa qəhrəmanlar haqqında danışılan əhvalatları bir yerə toplayır, onların üzərinə Eruslan Lazareviç barədə əhvalatı da əlavə edir və bütün bunları uşaqlara ağıllı və ibrətverici əhvalatlar kimi tədris edir. Bütün bunlar bizə əhəmiyyətsiz görünür, ancaq bizim aramızda baş verən İlahi qanunun uşaqlara öyrədilməsi hadisəsi təsəvvür edilə bilən ən qatı cinayətdir. İşgəncələr, qətllər, uşaqların cinsi zorakılığa məruz qalması belə, bu cinayətlə müqayisə edilə bilməz.

Hakimiyyət üçün, dövləti idarə edən siniflər üçün, bu yalan çox gərəklidir, onların iqtidarda olması bu yalanla qırılmaz surətdə bağlıdır və buna görə də, hakimiyyətdə olan siniflər həmişə, bu yalanın uşaqlara təlqin edilməsinin, həmçinin, onun savadsız olan yaşlı insanlara hipnoz vasitəsi ilə aşılanmasının tərəfdarıdır; bu yalançı ictimai quruluşun qalmasını istəməyən, əksinə, onun dəyişilməsinə çalışan və ən başlıcası, ünsiyyətdə olduqları uşaqların gələcək rifahını arzu edən insanlar, bütün gücləri ilə, onları bu yalana uymaqdan xilas etməyə çalışmalıdır. Ona görə də, uşaqların dini məsələlərə laqeyd olması və ya mövcud dini baxışların yerinə yeni bir dini etiqad qoymadan onları inkar etməsi, mövcud yəhudi-kilsə təliminin, hətta, ən mükəmməl formada tədris edilməsi ilə müqayisədə daha yaxşı hesab edilməlidir. Mənə elə gəlir ki, yalançı təlimə müqəddəs həqiqət mənası verildiyini anlayan və uşağa dini məzmunlu müsbət bir şey öyrədə bilməyəciyini başa düşən hər bir kəs üçün bu vəziyyətdə nə etməli olduğu sual doğurmamalıdır. Əgər mən yalanın yalan olduğunu bilirəmsə, onda heç bir vəziyyətdə bu yalanı sadəlövh və mənim dediklərimə sözsüz inanan uşağa deməməliyəm. Yaxşı olardı ki, mən kilsənin yalançı cavablarının hamısını ifşa edəm və bu sualların doğru cavabını söyləyəm, ancaq bunu bacarmıramsa, onda gərək heç bir halda ağ yalanı həqiqət kimi qələmə verməyəm, çünki istənilən kimsəni həqiqətdən uzaqlaşdırmağın yaxşı heç bir nəticə verməyəcəyi şübhəsizdir. Bundan başqa da, insanın  etiqad etdiyi dinlə bağlı hansısa bir müsbət söz deyə bilməməsi də ədalətsizlik sayılmalıdır. İstənilən səmimi insan hansı  yaxşılıqlar naminə yaşadığını çox gözəl bilir. Qoy o bunu uşağa danışsın və ya göstərsin, bununla o xeyirxahlıq etmiş olacaqdır və yəqin ki, uşağa heç bir ziyan verməyəcəkdir.

Mən “Xristian təlimi” adında bir kitab yazmışam və orada nəyə inandığımı bacardığım qədər sadə və aydın şəkildə deməyə çalışmışam. Bu kitabı yazanda onu məhz uşaqlar üçün nəzərdə tutsam da, ancaq bu əsər onların anlaya bilməyəcəyi şəkildədir.

Əgər mənə həqiqi saydığım dini təlimin mahiyyətini hansısa uşağa başa salmaq lazım gələrdisə, onda ona deyərdim ki, dünyaya gəlişimiz və burada yaşamağımız özümüzün deyil, Tanrı adlandırdığımız bir varlığın iradəsindən asılıdır və buna görə də, yalnız onun iradəsini yerinə yetirəndə bizim üçün yaxşı olacaqdır. Onun iradəsi isə bizim hamımızın xoşbəxt olmasından ibarətdir. Bizim hamılıqla xoşbəxt olmağımız üçün yalnız bir vasitə vardır: gərək hər bir şəxs başqalarının  özü ilə necə davranmağını istəyirsə, özü də onlarla məhz bu cür davransın. Dünyanın necə yaranması və ölümdən sonra bizi nəyin gözlədiyi kimi suallara gəlincə, mən birinci sualla bağlı heç nə bilmədiyimi etiraf edər və ümumiyyətlə belə bir sualın düzgün olmadığını qeyd edərdim (buddizmin hökm sürdüyü aləmdə belə bir sual ümumiyyətlə yoxdur); ikinci suala isə belə bir fərziyyə ilə cavab verərdim ki, bizi bu həyata xoşbəxt olmağımız üçün gətirən iradə, çox güman, ölümdən sonra da, bizi bu məqsədə uyğun gələn bir yerə aparacaqdır.

Dediklərim işinizə yarayarsa, buna çox sevinərəm.

 

Lev Tolstoy.

13 dekabr 1899-cu il.

Лев Толстой  Польное собрание сочинений. Том 72. Письма 1899-1900 гг.

 

*Peterburq universitetinin tələbəsi, inqilabi fəaliyyətinə görə universitetdən qovulmuş Aleksandr İvanoviç Dvoryanski 20 oktyabr 1899-cu ildə Tolstoya məktub yazıb ondan kömək istəmişdi. Varlı bir ailənin 12  yaşlı oğlunun təhsili və  tərbiyəsi ilə məşğul olan Dvoryanski belə bir çətinliklə üzləşmişdi: onun çox istedadlı şagirdi elmi biliklərə kifayət qədər yiyələnə bilsə də, ancaq  din haqqında elementar təsəvvürü belə yox idi, çünki uşağın tərbiyəsini istiqamətləndirən anası onu daima kilsədən uzaq saxlamışdı. İndi ana da, Dvoryanskinin özü də, uşağa dini təlimlərlə bağlı nəyi və necə öyrətməyin üzərində baş sındırmaqda idilər və Dvoryanski Tolstoydan  bu məsələdə onlara öz məsləhətləri ilə kömək göstərməyi xahiş edirdi.

Rus dilindən tərcümə etdi : Araz Gündüz

 

 

 

 

Share: