Fövqəladə hadisə baş verməsə, Ermənistan dekabrın 1-də Laçını Azərbaycan Ordusuna təhvil verməlidir. Üçtərəfli razılaşmanın 6-cı bəndində deyilir ki, Laçın koridoru Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək. Bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün də Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulur.
Bu o deməkdir ki, xoşumuza gəlsə də, gəlməsə də, yaxın 3 ildə Azərbaycan vətəndaşları və Qarabağda yaşayan erməni əhali Laçın yolundan birgə istifadə etməlidirlər. Burada heç bir alternativ yoxdur.
Məlumdur ki, İrəvandan Xankəndiyə (və ya əksinə) gedən ən qısa yol Laçın dəhlizindən keçir. Burada bir mühüm məqama da aydınlıq gətirmək lazımdır. Razılaşmada deyilir ki, Laçın koridoru Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq. Qarabağı Ermənistanla birləşdirən yola bələd olmayanlar bu məqamla bağlı bəzi haqlı suallar verirlər. “Şuşaya toxunmayacaq” razılaşması nə deməkdir?
Məlumat üçün deyək ki, İrəvandan Xankəndiyə getmək üçün (və ya əksinə) Şuşa şəhərinə daxil olmağa zatən ehtiyac yoxdur. Bu sovet dönəmində də belə idi. Yerli əhalinin “Alt yol” dediyi yol Laçın istqamətindən gələndə Şuşanın girəcəyindədir (Həmin fotonu təqdim edirik). Xankəndidən İrəvana gedənlər (və ya İrəvandan gələnlər) Şuşaya daxil olmağa ehtiyac duymurdular. Amma bildirək ki, “Alt yol”dan istifadə edənlər – həm Ermənistana gedənlər, həm Xankəndiyə gələnlər – faktiki Şuşanın inzibati ərazisindən keçirlər. 10 noyabr anlaşmasında “Şuşaya toxunmayacaq” deyəndə məhz söhbət ondan gedir ki, ermənilərin bu tarixi şəhərimizin içərisinə daxil olaraq Laçın yoluna çıxması (və ya Xankəndiyə getməsi) qadağındır. Hələ dinc dövrlərdə də ermənilər Şuşada işləri olmazsa, heç vaxt şəhərin içindən keçərək Laçın yoluna istiqamətlənməzdilər.
Amma burada bir maraqlı məqam da var. Bu, Xankəndi-Şuşa arasındakı 11 kilometrlik məsafənin kimin nəzarətində olması ilə bağlıdır. Şuşa ilə Xankəndini birləşdirən “Yeddi dolama” deyilən yol Şuşanın inzibati ərazisi sayılır. Şuşanın işğalınadək də bu yol Azərbaycanın nəzarətində olub. İndi Xankəndi-Ağdam yolu bağlıdır. Şuşaya isə alternativ yol çəkilişinə başlanıb. Belə olduğu halda, Xankəndidən gedən (və gələn) həmin 11 kilometrlik ərazinin də sülhməramlıların nəzarətində olacağı aydınlaşır. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən infoqramadan da görünür ki, Laçın koridorundan Şuşanın girişinədək sülməramlıların 6 nəzarət postu qurulub.
Noyabrın 27-nə olan rəsmi məlumata görə, sülhməramlılar Laçın koridorunu nəzarətə götürəndən (noyabrın 14-dən) bu yolla Xankəndiyə 24 avtobus və 201 avtomobil keçib. Amma həmin 11 kilometrlik məsafədə neçə post qurulduğunu təəssüf ki, infoqramda müəyyənləşdirmək mümkün olmur.
Amma Rusiya Müdafiə Nazirliyinin sülhməramlılarla bağlı yaydığı rəsmi məlumatdan çıxan nəticə budur ki, sülhməramlı hərbi polis bölmələri Laçın dəhlizindən Xankəndiyə gedən yola bütün marşrut boyu nəzarət edirlər.
Şuşaya alternativ yol çəkildiyi və Xankəndi-Ağdam yolunun açılmasının hələ gündəmdə olmadığı üçün 11 kilometrlik dolamaların əslində, bizim üçün xüsusi strateji əhəmiyyəti qalmır. Şuşaya çəkilən yolun ilkin projekti də onu deməyə əsas verir ki, Azərbaycanın işğaldan azad olunmuş Füzuli, eləcə də Hadrut daxil olmaqla Xocavəndin bir hissəsi də məhz bu yoldan istifadə edərək Şuşaya və əksinə hərəkət edə biləcək. Amma şübhəsiz sözügedən dolamalar da Azərbaycan Ordusunun ən azı müşahidə postlarının nəzarətində olacaq.
Rusiyalı jurnalist Andrey Borodulin də ridus.ru layihəsi üçün hazırladığı reportajda Laçın yolundakı son vəziyyətdən bəhs edib. Bildirilir ki, indi Rusiya ordusunun azı 10 blok-postundan keçməklə və erməni polisinin nəzarəti altında Ermənistandan Dağlıq Qarabağa gedib-gəlmək mümkündür. “Bu yolda trafik son ay yarımla müqayisədə xeyli canlanıb. Məsələ bundadır ki, indi Dağlıq Qarabağa aparan iki yoldan biri açıqdır. Noyabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Vardenis-Mardakert (Ağdərə) yoluna nəzarəti tam ələ aldı” – reportajda deyilir.
Rusiyalı jurnalist qeyd edir ki, şimal yolunun bağlanmasından sonra ermənilər “Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün yanından ötüb keçməlidirlər”. Jurnalist daha sonra yazır: “Ermənilərin həyat yolunun” bir hissəsi sözün əsl mənasında Azərbaycan əsgərlərinin mövqeyi ilə kəsişir, hündür hasarın arasından onları görmək olur. Lakin burada təxribat və ya münaqişələr baş verməyib, Şuşadan çıxışda qurulmuş blok-posta məsul olan Azərbaycan zabiti də bunu təsdiqləyir. Habelə zabit qeyd edib ki, Azərbaycan əsgərləri gözləyirlər: artıq dekabrın 1-də Qarabağa gələn cənub yolu onlar üçün də açıq olacaq”. Jurnalist belə bir sual da edir: “Erməni Qarabağına” aparan yeganə yolda “dinc sakinlər” (ermənilər nəzərdə tutulur – red) və Azərbaycan ordusunun məsələn, Şuşa qarnizonuna gedən hərbi texnikası necə bir yerdə gedəcək”.
Razılaşaq ki, maraqlı sualdır…
Musavat.com