Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə
Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup şəxsin
BƏYANATI
Artıq 28-ci ildir, 1992-ci il may ayının 18-dən 70 min əhali Respublikanın 60-a yaxın rayonuna səpələnərək acınacaqlı şəraitdə (yataqxanaların 2 nəfərlik tələbə üçün nəzərdə tutulmuş otaqlarında, tikintisi bitməmiş binaların həyat üçün təhlükəli olan künc-bucağında, Ağcabədi rayonunda sovet dövrü heyvandarlıq üçün ayrılmış “Qış yataqları” adlanan ilan mələyən düzlərdəki yeraltı qazmalarda) əziyyət və əzablara dözərək “bu gün torpaqlarımız alınar, sabah torpaqlar azad olar yurdumuza qayıdarıq” ümidiylə ömür-günlərini çürütdülər. Bu 27 ildə Laçından gələn əhalinin az qala yarısı, yaşlı nəslin demək olar hamısı Laçın həsrəti ilə dünyasını dəyişdi. Laçından kənarda doğulan, eləcə də Laçından çıxanda uşaq olan nəslin artıq Laçın haqqında təsəvvürləri yoxdur.
Son illər Laçında doğulan ermənilərin sayı, laçınsızlıqda doğulan biz Laçınlıların sayından gümanki çoxdur. Özümüzü aldadılmış hesab edirik. Aparılan danışıqlar, beynəlxalq vasitəçilərin, xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar sanki əhalinin başının altına yastıq qoymaqla onları yatızdırıb vaxtı keçirmək üçündür. Bizdə belə təəssürat yaranır ki, qəsdən vaxtı uzadılrlar ki, Qarabağda doğulub və zorla qovulmuş əhali hamısı ölüb qurtarandan sonra ermənilər torpaqları de fakto ələ keçirdiyi kimi, de yure də asanlıqla ələ keçirə bilsin.
Artıq 27 ildir dözdüyümüz bəsdir. Bundan o tərəfə dözümümüz yoxdur. Dünyanın gözü baxa-baxa ermənilər heç bir beynəlxalq hüquqa, qanun-qaydaya məhəl qoymadan bizim yurdlarımıza sahib çıxır, məskunlaşma işləri aparırlar. Bunu ATƏT-in fakt araşdırıcı missiyası da təsdiq etdi. Fakt araşdırıcı missiyanın hesabatına görə 11min erməni artıq Laçında yerləşdirilib. Ancaq həqiqətdə rəqəmlər bundan daha çoxdur. Acınacaqlı odur ki, ATƏT-in fakt araşdırıcı missiyasının səfərlərindən sonra ermənilərin Laçında məskunlaşdırılması daha sürətli və intensiv həyata keçirilir.
Özlərini insanların hüquq və azadlıqlarının müdafiəçisi adlandıran, demokratiyanın qarantı sayan dövlətlərin, beynəlxalq qurumların və təşkilatların gözü qarşısında artıq sayı bir milyona çatan Qarabağ – ocümlədən 70 mindən çox Laçın didərginləri 21-ci yüzillikdə səfil-sərgəndar duruma salınıb. Açığı heç Azərbaycan dövlətinin də Qarabağ münaqişəsinə dair fəaliyyəti bizi qane etmir. Sanki Bişkək Protokolu, Madrid Prinsipləri kimi sənədlərə imza atmaqla Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək yolunda öz əl-qolunun bağlanmasına imza atıb.
Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətindəki fəaliyyətzilik bizi razı sala bilməz. Bu necə məşğul olmaqdır ki, ermənilər iddiasında olduqları DQMV-nin ərazisindən iki dəfə artıq ərazini, daha yeddi rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Ağdam – cəmi 8809,8 kv.km) işğal edir onlara gözün üstə qaşın var deyən olmur. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyəndə isə onu işğalçı adlandırmaq kimi absurd fikir ortaya atılır. Açığı bizim münaqişənin dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını müstəqil həll etmək prinsipi çərçivəsində həllini tapacağına inamımız yoxdur. Proses dönüb toyuq-yumurta məsəlinə – hansı əvvəl yaranıb. Düzdü, yenilənmiş “Madrid Prinsiplərində” əhalinin öz yaşayış yerlərinə qaytarılması məsələsi əksini tapır. Ancaq yenə bu bəndin yerinə yetirilməsi üçün Ermənistan dövlətinə heç bir təsir edilmir. Hər şey yenidən kağız üzərində qalır. Minsk Qrupunun üzvləri qaydasız döyüş yarışının hakimləri kimi tərəfləri yenidən döşəyin üzərinə çıxarırlar ki, özünüz həll edin. Belə vəziyyətdə əlbətdə ərazisi işğal olunmuş, bir milyon əhalisi öz doğma yurdundan çıxarılmış Azərbaycan zəif olur. Azərbaycan məcbur edilir ki, Laçın və Kəlbəcər rayonları DQMV ermənilərinə Ermənistana açıq olmaq üçün koridor verilsin. Onda Azərbaycanın ərazi bütövlüyü harada qalır?! Sülh əldə edildikdən sonra DQMV-nin əhalisi daxil olduğu Azərbaycan dövlətinin paytaxtı ilə, digər bölgələri ilə gediş-gəliş etməyəcəklərmi, əlaqədə olmayacaqlarmı? Əslində bu koridor oyunu Laçının Ermənistana peşkəş edilməsi oyunudur. Biz laçınlılar bu oyuna qəti etiraz edirik və öz doğma yurdlarımıza qaytarılmağımızı tələb edirik. Əgər bizim dinc yolla doğma torpaqlara qayıtmaq istəyimiz nəzərə alınmasa, Azərbaycan ordusundan torpaqlarımızı azad etməyi qətiyyətlə tələb edəcəyik. Əgər bu da olmasa elə bu il kütləvi şəkildə, Laçına doğru qayıdış edəcəyik.
Odur ki, Laçınlılar olaraq ilk növbədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən xahiş və tələb edirik:
1.ATƏT-in “Minsk Qrupu”nun vasitəçiliyi ilə danışıqları intensiv və səmərəli olaraq davam etdirsin. Mümkünsə, biz laçınlıların Minsk Qrupunun həmsədrləri ilə görüşünü təmin etsin.
2.Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyi ilə danışıq xatirinə danışıqlara getməsin.
3.Bizim öz doğma yurdumuza, Laçına qayıtmağımız tezliklə, sülh yolu ilə həll edilsin.
4.Biz qaytarılana qədər ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Laçında məskunlaşdırılmasına son qoyulsun. Bu günə qədər qanunsuz məskunlaşdırılmış ermənilər həmin ərazilərdən köçürülsün.
5.Əgər tələblərimiz yerinə yetirilməsə Azərbaycan dövlətindən, Azərbaycan ordusundan tezliklə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi və zorla qovulmuş əhalinin yerinə qaytarılmasını tələb etməyi haqqımız olaraq qarşımıza məqsəd kimi qoyuruq.