Düzü, yatsam yuxuma da gəlməzdi ki, son otuz ildə müxtəlif problemlərimizin həlli üçün üz tutduğumuz bir ünvanda, doğma Laçına qayıtmaq məsələsini müzakirə edəcəyik. Heç mənimlə birlikdə tədbirə təşrif buyuran digər laçınlılar da belə bir görüşü ağıllarına gətirməzdilər.
Amma bu, reallıq idi. Həm də bu görüş əsasən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verilmiş Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı keçirilirdi. Söhbət Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı gedən ərazi vahidləri ilə bağlı məlum çıxışında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə verdiyi göstərişlə əlaqədar təşkil olunan görüşdən gedir.
Məsələnin təfərrüatını bilməyənlər üçün izah edək ki, Qarabağ qələbəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan tərəflərinin imzaladığı üçtərəfli müqaviləyə əsasən Qarabağda yaşayan ermənilərin hərəkət etmələri üçün Xankəndi-Gorus magistralının Laçın şəhərindən və Zabux kəndindən keçən hissəsi müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətinə verildi. Eyni zamanda, yaxın illərdə alternativ yolun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux kəndi və Sus kəndinin sülhməramlıların nəzarətindən çıxarılması razılaşdırıldı. Ermənistan tərəfi həmişəki kimi yenə əhdinə xilaf çıxdı. Özü imzaladığı müqavilənin şərtlərini pozaraq təxribata əl atdı. Azərbaycan tərəfdən itkilər oldu. Nəticədə müzəffər ordumuz qısamüddətli “Qisas” əməliyyatına başladı və bir neçə strateji əhəmiyyətli yüksəklik separatçı qüvvələrdən təmizləndi.
Hadisələr bu dəfə də axıracan eyni ssenari üzrə getdi. Ermənilər dərsini alandan sonra başladılar qaraqışqırıq salmağa. Azərbaycanın ölkə başçısı haqlı olaraq çox sərt davrandı və sözü gedən şəhər və kəndlərin boşaldılması üçün qarşı tərəfə bu ayın sonunacan möhlət verdi. Bundan az sonra ermənilərin köç kadrları onlayn mətbuatda və sosial şəbəkələrdə yayıldı. Onlar yenə də tərk etdikləri evlərə və meşələrə od vururdular. Nə qədər hiddətlənsək də, baş verənləri soyuqqanlı qarşıladıq. Çünki Vətən müharibəsindən dərhal sonra Ağdamın, Kəlbəcərin və Laçının boşalan ərazilərində eyni vandallığın şahidi olmuşduq. Törədilən iyrənc əməllərin qanunauyğun məntiqini də tapmışdıq: adam özününkü olmayanı asanlıqla məhv edir!
Laçın tarixən ölkəmizin ən əhəmiyyətli nöqtələrindən biri olub. Bu gün də belədir. Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsi yalnız burdan keçən yol vasitəsi ilə mümkündür. Belə deyək, həyat-məmat məsələsidir. Azərbaycan hər zaman öz sülhməramlı mövqeyini bütün dünyaya, eləcə də yerli dinc erməni əhalisinə göstərmək üçün çox korrekt və humanist davranır. Elə buna görə Şuşa yaxınlığından başlayaraq Qayğı qəsəbəsindən keçən alternativ yolun çəkilişi az bir zamanda yüksək keyfiyyətlə həyata keçirildi. Heç Ermənistan dövlətinin ərazisində bu keyfiyyətdə və rahatlıqda avtomobil yolu yoxdur. Ölkə başçısı bu barədə danışarkən maraqlı bir fakt söylədi. Sən demə, tikinti işlərinin təhlükəsiz aparılması üçün rus sülhməramlıları bir müddət nəzarəti həyata keçirsə də, sonralar buna ehtiyac olmadığı üçün çıxıb gediblər və yerli ermənilər Azərbaycan tərəfdən yol inşaatında işləyənlərə yaxınlaşaraq təşəkkürlərini bildiriblər. Hətta onlara kömək də ediblər. Şəxsən mən bu faktı doğma Qarabağımızda bütün varlığımızla arzuladığımız qalıcı sülhün qaranquşu hesab edirəm. Bu fakt göstərir ki, sərhədlərimiz daxilində yaşayan dinc ermənilər də eynən bizim kimi müharibə istəmirlər. Onlar da otuz iləcən uzanan və heç bir əhəmiyyətli nəticə verməyən bu konfliktdən beziblər. Axı, nə qədər müharibə, qan, ölüm-itim və yoxsulluq içərisində yaşayacaqlar? Onları çıxılmaz oyuna salanlar öz rahat kabinetlərində oturarkən burada günahsız insanlar ölür, qocalar, qadınlar, uşaqlar müharibənin dəhşətli nəticələrinin qurbanı olur. Bəs deyilmi? Əgər Xocalı boyda faciə yaşayan Azərbay-can müharibədəki təntənəli qələbəsindən sonra da dinc erməni əhalisinin Qarabağda qalıb yaşamasına razılıq və onların təhlükəsizliyinə təminat verirsə, bunun adı mənəvi böyüklükdür. Qarşılığında ermənilər yalnız təşəkkür etməlidir. Nəinki oyunpozanlığa və təxribata əl atmaq.
Bütün bu fikirlər Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən görüşdə də səsləndi. Tədbiri komitənin sədri Rövşən Rzayev açdı və dövlətimizin Böyük Qayıdışla bağlı perspektiv planlarından danışdı. Sonra o, ilk çıxışlar üçün sözü laçınlı ağsaqqallara verdi. Ağsaqqallar daha çox qələbə sevincini bölüşdülər və son otuz ildə hər gün Laçına qayıtmaq ümidi ilə yaşadıqlarını bildirdilər.
Hamıda yüksək əhval-ruhiyyə vardı. Təkcə dünyanın hər üzünü görmüş yaşlı və təcrübəli insanlar deyil, əslən Laçından olan gənc müəllimlər, alimlər, jurnalistlər, yazıçılar və digər peşə sahibləri də oxşar fikirlər səsləndirdilər. Qayıdış üçün konkret təkliflər verənlər də oldu. Bunlardan ən başlıcası Laçın şəhərində yeni tipli elm, təhsil və tədris müəssisələrinin formalaşdırılması idi. Təklifi yüksək qiymətləndirən Rövşən müəllim qərara aldı ki, laçınlı gənc alimlərlə ayrıca görüş təşkil etsin və bu istiqamətdə daha konkret məsələlər müzakirə olunsun.
Görüşə birbaşa Laçından gələnlər vardı. Onlardan biri – laçınlı həkim Orxan Cəbrayıl İşıqlı dağından, Qırxqızdan, yenicə azad edilmiş Sarıbaba yüksəkliyindən, Buzluqdan tədbir iştirakçılarına salamlar çatdırdı.
Birinci Qarabağ müharibəsində iştirak edən Laçın qaziləri ikinci müharibəyə də könüllü qoşulduqlarını, əsgərlərimizlə birlikdə Hadruta, Şuşaya, Laçına qədər gedib çıxdıqlarını söylədilər. Bu gün də ərazi bü-tövlüyümüz üçün canlarından-qanlarından keçməyə hazır olduqlarını dilə gətirdilər.
Görüşün ümumi rəyi bundan ibarət idi: laçınlılar öz doğma yurd-yuvalarına qeydsiz-şərtsiz qayıdacaqlar. Ordakı həyat və yaşayış şəraitinin bu məsələyə heç bir aidiyyatı yoxdur və olmamalıdır. Bu gün qərar verilsə, hər kəs gedib çadırda da olsa yaşamağa hazırdır.
Səmimi ortamda üç saatdan artıq davam edən tədbir elə bu ovqatla da başa çatdı. Komitə sədri Rövşən Rzayev tədbirə son verərək, rəhbərlik etdiyi qurumun qayıdışla bağlı əhəmiyyətli təkliflərə hər zaman açıq olduğunu bildirdi.
vetensesi.az