Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonu ərazisində Türkiyə ilə birgə keçirilən xüsusi taktiki təlimlər barədə məlumat yayıb. Məlumatda deyilir ki, iki ölkə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.
Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub. Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.
Laçında hər iki ölkədən komandosların cəlb edildiyi Azərbaycan-Türkiyə birgə təlimi sentyabrın 6-da başlayıb və 10-na qədər davam edəcək. Bu, işğaldan azad edilmiş ərazilərdə Türkiyənin iştirakı ilə keçirilən ilk təlimlərdir. Təlimlərin keçirilməsi üçün məhz Laçın rayonunun seçilməsi də görünür təsadüfi deyil. Bir neçə gün əvvəl Rusiya sülhməramlı qüvvələri də Laçın dəhlizində təlimlər keçirmişdilər.
Müstəqil.Az