Lal oğru

Lal oğru

Ruhiyyə Abbaszadə

(hekayə)

Neçə müddətdi şəhərə bir lal oğru dadanmışdı. Bu oğru necə oğru idisə,hiyləgərlikdə deyəsən, tülküdən də betər idi.Şəhər caamatı onun əlindən səksəkə içində yaşayırdı. Heç kim ev-eşiyini yiyəsiz qoyub uzaq bir yerə getmək istəmirdi.

Çünki, bu oğru ancaq yiyəsiz evlərə girərək evdə olan pulları və bahalı əşyaları aparırdı. Evi soyulmuş adamlar hadisəylə bağlı polisə dəfələrlə şikayət etsələr də, polislər bu oğrunu hələ də tuta bilməmişdilər. Söz gəzirdi ki guya bu oğru lal bir adamdır. Üç-dörd ayın içində on-on beş evi eyni üsulla talayan bu lal “qəhrəman” təəssüf ki,bu günəcən azadlıqda gəzirdi. Hüquq mühafizə orqanları hər yeri ciddi nəzarətə götürsələr də,bütün axtarışlar hələ ki, nəticəsiz qalmışdı.
Bu gün səhər açılanda eşitdik ki, lal oğru qonşumuz Vaqif müəllimin də evini qarət edib. Bundan əməlli-başlı qorxuya düşdük. Düşündük ki, bu gün qonşunun evini soyan imansız oğru sabah da haram əlini bizim evə uzadacaq. Beş-altı qonşuyla yığışıb Vaqif müəllimgilə getdik. Müəllimin arvadı bizim üzümüzə baxıb yazıq-yazıq deyirdi:
– Ay başınıza dönüm, bu təpəsinə daş düşən oğru evimizdə bahalı bir şey qoymayıb e… Elə bil dədəsinin halalca malıymış,qamarlayıb hamısını aparıb.
Vaqif müəllimi yaxşı tanıyırdıq, bu işi kim cəzasız qoysa da, Vaqif müəllim yerdə qoymayacaqdı. O, hər gün polis şöbəsində idi. Müstəntiq də eyni sözü elə bil əzbərləyib durmuşdu: “Vaqif müəllim,zəhmət çəkib  hər gün polisə ayaq döymək lazım deyil. Bu müəmmalı oğurluq hadisəsiylə bağlı bizə müraciət edən təkcə siz deyilsiniz.Biz boş oturmamışıq. Əməliyyat qrupu hər saat axtarışdadı. Onu həbs edən kimi zərər çəkən bütün şikayətçiləri özümüz polis idarəsinə çağıracağıq”.
Eyni cavabı eşitməkdən boğaza yığılan Vaqif müəllim  get-gedə əsəbini güclə cilovlayırdı.
Günlərin bir günü o,polis rəisinin qəbuluna gedərək deyəcəyi sözünü çəkinmədən onun üzünə dedi:
-Bəsdirin də eyni nağılı dinləməkdən qulaqlarım döyənək oldu. Siz necə polissiniz ki,dilsiz bir oğruyla da bacara bilmirsiniz.. Yox, yoldaş rəis,mən bu işi daha belə qoymayacağam. Elə bu saat gedib Daxili işlər Nazirliyinə teleqram vuracağam. Qoy onlar özləri gəlib bu “Şimal ayısı”nın əncamını çəksinlər.
Polis rəisi kürsüdən qalxıb əlini Vaqif müəllimin kürəyinə qoyaraq onu dilə tutmağa başladı:
-Paho, a kişi,mən səni belə kəmhövsələ bilmirdim. Əşi,müəllim adamsan,hərəkətinə bax.İstəyirsən nazirlik bizə töhmət yapışdırsın? Bu qədər səbr etmisiniz,xahiş edirəm bir azca da səbrli olun. Mən sizi şəxsən əmin edirəm ki, oğru tezliklə tapılaraq cəzasını alacaq.
Bu söhbətin üstündən iki gün keçdikdən sonra,doğrudan da,polis rəisi şəxsən özü Vaqif müəllimə zəng edərək gümrah səslə dedi:
-Gözünüz aydın, Vaqif müəllim,saldıq oğrunu tələyə. Beş-on dəqiqədən sonra polislər o iki qıçlı tülkünü gətirəcəklər hüzuruma…
Vaqif müəllim oğrunu görəndə bir anlıq duruxub qaldı. Oğru bığ yeri təzəcə tərləmiş arıq bir yeniyetmə idi. Kənardan baxanda deməzdin ki, bu oğrudur,sifətindən fağırlıq tökülürdü. O, çiyinlərini qısaraq başını yuxarı qaldırmadan günahkar bir görkəmdə dayanmışdı. Vaqif müəllim əsəblərinə hakim kəsilə bilməyib onu vurmaq istədi. Müstəntiq-lazım deyil,belə işlər dövlətin qanunları ilə həll olunur,-deyərək müəlliminin qolundan yapışıb geri dartdı.
İstintaq zamanı müstəntiqin,- evə hansı yolla girdin?- sualına oğru belə cavab verdi:
-Mən onları izləyirdim. Həmin gün evlərində heç kəsin olmadığına əmin olduqdan sonra plastik pəncərəni üstümdə gəzdirdiyim xüsusi alətlə açaraq içəri daxil oldum. Sonra da evdəki pul daxılı ilə birlikdə bir ədəd kompyüteri və iki ədəd mobil telefonu da götürərək ordan qaçdım.
Oğlan danışdıqca onun əl-ayağı əsirdi,elə bil indicə dözməyib yerə səriləcəkdi.Müstəntiq istintaqın sonunda həmişə olduğu kimi ona belə bir sualla müraciət etdi:
– Tutduğun bu pis əməlindən indi peşmansanmı?
– Bəli,yoldaş müstəntiq.Etdiyim bu çirkin hərəkətdən çox peşmanam…
Bayaqdan qıraqda dayanıb istintaqın gedişini diqqətlə izləyən Vaqif müəllim nədənsə, bu oğlanın dediklərinin heç birinə inanmırdı. O bu işin başında başqa bir cinayətkarın dayandığını və bu yazıq cavanın da onun güdazına getdiyini fikirləşirdi.Vaqif müəllim müstəntiqə dedi:
– Yoldaş müstəntiq,siz suallarınızı verdiniz indi də icazə verin, mən də bir-iki sual verim.
– Buyurun,amma qısaca edin.
Vaqif müəllim təmkinini pozmadan oğlandan soruşdu:
– De görüm, sən telefonları haradan götürmüşdün?
– Komyüterin yanından. İkisi də ora qoyulmuşdu.
-Vallah-billah,yoldaş müstəntiq,bu biznən düz danışmır.A bala, telefonlar komyüter olan otaqda olmayıb axı.Mən bilirəm e,sən oğurluğu tək eləməyibsən,başqası da olub.Sən onu ələ verməkdən qorxursan.Qulaq as,oğul,hələ cavansan,gələcəyin var, nə qədər ki,gec deyil,gəl düzgün ifadə ver. Əgər həbsə girmək istəmirsənsə,onda sən lal oğrubaşının adını bizə deməlisən. Düz danışsan,mən də səni bağışlayaram.
Oğlan dodağını çeynəyə-çeynəyə dilləndi:
-Mən lal oğru-zad tanımıram. Hər şeyi özüm eləmişəm,heç kəs mənimlə olmayıb.
Bunları eşidən Vaqif müəllim artıq, qəzəbini boğa bilməyib bağırdı:
-Rədd eləyin bu əclafı! Zindanda ağlı başına gələr…
Oğru tutulsa da,müəmmalı oğurluq hadisəsi hələ də davam edirdi.Eyni soyğuna məruz qalan evlərin sayı günbəgün çoxalırdı.Demək,Vaqif müəllim öz ehtimalında haqlı imiş  Polislər də hər yerdə lal oğrunu axtarırdı.Bir axşam telekanalların birində verilən xəbər proqramında eşitdik ki,neçə vaxtdı evləri qarət edərək əhalini qorxu içində saxlayan cinayətkar oğrubaşı, nəhayət ki,dünən gecə polislər tərəfindən həbs edilib.Bu xəbəri eşidən, bilən hər kəsin ürəyi rahatlaşdı.Hamı lal oğrunun ələ keçirilməsində polis əməkdaşları ilə yanaşı qızılçı Ziba arvada da əhsən deyirdi.İndi deyəcəksiniz ki, Ziba arvadın bu məsələyə nə dəxli? Baş verənləri biləndə bəlkə də,çoxunuzun çöhrəsində bir balaca təbəssüm də yaranacaq.
Qızılçı Ziba arvad yaşı ötsə də hələ ərə getməmiş qızı Zümrüdlə yaşayırdı.Əri cavan ölsə də,halal zəhmətlə özünə var-dövlət yığan bu qadın ehtiyatını möhkəm tutub evin hasarını o qədər hündür tikdirmişdi ki,kimsə oradan aşa bilməsin.Ziba arvad yay aylarında həyətlərindəki taxtında yatmağa adət etmişdi.Özü də yatmazdan qabaq həmişə əyninə ağappaq gecə paltarı geyərdi. Ağ gecə donunda nədənsə,özünü çox rahat hiss edirdi.Bir gecə yenə Ziba arvad taxtın üstünə uzanaraq asta-asta xoruldayırdı. Birdən yaxınlıqda tappıltı eşidərək yatağından dik atıldı.Qaranlıq olduğuna görə ətrafı yaxşı görmək olmurdu. Ziba arvad qarşısında donub qalan adamı görən kimi hay-həşir salıb qonşuları köməyə çağırdı:
-Ay camaat, kömək eləyin! Ay qonşular, köməyə gəlin… evimə oğru girib… ay camaat…
Ziba kəfəni xatırladan ağ gecəlikdə elə bil bu saat qəbirdən xortdamışdı. Oğru onu gördüyü anda özünü necə itirdisə:-Ə…ə…ə, ə..b..ə., ə..bbə..ə…-deyə  bağıraraq qəribə səslər  çixarmağa başladı.
Ziba arvad dərhal məsələni anlayıb ona köməyə gələn qızına dedi:
-Qaç, Zümrüd, tez 102-yə zəng vur! Polislərə xəbər ver evimizə oğru girib…
Ziba arvad bunu deyib əlinə keçən nə varsa,hamısını qəzəblə lal oğrunun təpəsinə endirdi.
– İndi gəbər,lal köpəy oğlu… Qadir Allah özü sənin cəzanı verəcək…
Səs-küyə yuxudan duran qonşular da küçəyə qaçdılar. Polis maşını həyəcan siqnalı verə-verə hadisə yerinə yaxınlaşırdı. Lal oğru darvazaya tərəf cumub canını qurtarmağa çalışdı. Lakin onun çoxdan başladığı bu qorxunc oyun bitmişdi artıq. O polislər tərəfindən mühasirədə idi…

Share: