Cəmiyyət fərdlərdən ibarətdir. Fərdlər cəmiyyətdə lazımsızlığını anlayanda faciə başlanır. Əslində bu ən böyük faciədir! Ən böyük tənhalıqdır! Kimisi intihar edir, kimisi əl-qolunu sallayıb laqeydcəsinə yaşayır.
Kimisi də yenə də lazımlılığını göstərmək üçün cinayətlərə əl atır. Kimisi isə bütün bunları unutmaq üçün narkotik qəbul edir, içkiyə qurşanır. Kimlərsə də özünü dini təriqətlərdə axtarmağa başlayır və fərd kimi əriyir. Bu zaman o ancaq imamına, mollasına lazım olur.Fətva verildikdə onu düşünmədən həyata keçirməyə çalışır.Cahillik və xurafat da belə yaranır. Yenə də apatiya! Bununla da cəmiyyətin deqradasiyası başlayır. Yaxşı ki, hələ də mental hisslərimiz qalır, yəni övlad böyütmək, oxutmaq,toylarını etmək, nəvə-nəticə görmək tam silinib getməyib. Bu da lazımlılığın təsəllisidir. Ya da çoxları özlərini cəmiyyətə elə göstərirlər ki, guya cəmiyyətə doğrudan da lazımdırlar.Başını qaldırıb gözlərinin içinə baxanda anlayırsan ki, özü də bunu başa düşür, amma üzə vurmur. O ömrünü beləcə başa vurur.Təəccüblüdür ki, bunu bəziləri heç başa düşmürlər. Belə cəmiyyətlərdə yaltaqlıq, yalan danışmaq, mədhiyyə demək, rüşvətxorluq, satqınlıq, xainlik, qohumbazlıq, maliyyə dostluğu lazımlılığın ən yüksək pilləsi olur. Beləcə lazımsızlığın sindromu yaranır.
Yunus Oğuz