Lent yazıları yandırıldı, heç vaxt ailə qurmadı, Bakıdan küsüb getdi – Nisə Qasımovanı efirə niyə buraxmadılar?

Lent yazıları yandırıldı, heç vaxt ailə qurmadı, Bakıdan küsüb getdi – Nisə Qasımovanı efirə niyə buraxmadılar?

Müstəqil.Az Xalq artisti Nisə Qasımova haqqında on maraqlı faktı təqdim edir.

Nisə Fətulla qızı Qasımova 1954-cü il 13 fevralda Bakı şəhərində anadan olub. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından səhnəyə bağlayır.

***

Bəstəkar Ələkbər Tağıyev Nisə Qasımovanı “Lalə” qızlar ansamblında “Sədaqətim var” mahnısını oxuyanda dinləyir və səsini çox bəyənir. Bir gün Zeynəb xanımla məşq edəndə Ələkbər Tağıyev deyir ki, bu qızın səsindən xoşum gəlir. Zeynəb xanım ansamblın rəhbəri Ceyran Haşımovaya zəng edir. Deyir, Ələkbər Tağıyev Nisə Qasımovanı yanına çağırır. Nisə xanımı bəstəkarın yanına Zeynəb Xanlarovanın özü gətirir. Deyilənlərə görə bundan sonra Ələkbər Tağıyev və Zeynəb xanım arasında inciklik başlanır. Bəstəkar ancaq Nisə xanımla işləməyə başlayır.

***

1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur. Şöhrətin zirvəsində olan gənc müğənni xalqın sevgisini qazansa da bununla bərabər bəzi kolleqalarının qəzəbini də qazanır.

Tez bir müddətdə belə başdöndürən uğurlar qazanan gənc və prespektivli sənətçi elə öz sənət yoldaşlarının sifarişi ilə dəfələrlə təqiblərə və qadağalara məruz qalırdı. Növbəti qalmaqal isə 1975-ci ildə baş verdi. “Leyli və Məcnun” operasının televiziya versiyasında Leylini məharətlə ifa edən Nisə xanım tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Melikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrında Leyli rolunu ifa etmək üçün dəvət alır. Nisə xanımın hələ tele versiyadakı uğurundan xoflanan səhnəmizin bəzi “Leyli”ləri bu səhnələşdirmənin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Artıq yaradıcı heyətlə məşqlərə başlamalarına baxmayaraq yuxarı orqanların göstərişi ilə layihə dayandırılır. Dövrü mətbuatda bu layihəylə bağlı dərc olunan sifarişli yazılar və təzyiqlər sonda Azərbaycan Televiziyası arxivindən Nisə xanımın ifa etdiyi versiyanın yandırılması ilə nəticələnir.

Nəhayət 1979-cu ildə yeni plastinkası satışa çıxan muğəninin bu dəfə də mahnıları dillər əzbəri olur və Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertleri baş tutur. 1980-ci ildə isə Sovetlər Birliyinin “S pesnyami po jizni” beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırır. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSSR Ali Sovetinin Fəxri Fərmanını alır. Bu sevindirici olayın ardından Nisə xanıma “Özbəkfilm”də çəkilən “Alovlu yollarla” bədii filminə çəkilmək üçün təklif gəlir. Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında yenə də xoşagəlməz hallar baş verir. Əvvəlcə Ələkbər Tağıyevin daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır.

***

Deyilənlərə görə məşhur bəstəkarla müğənni arasında işbirliyindən əlavə həm də çox böyük sevgi yaşanıb. Onların bir-birini sevməsi uzun illər dillər əzbəri olub. Hətta bəstəkar son nəfəsini verən anda belə Nisə Qasımovanı görmək istəyib. Bəstəkarın oğlu Xaliq müsahibələrinin birində həmin günü belə xatırlayır:

“Ürəyi xəstə idi, Nardaranda bağda gül əkəcəkdi, anam dedi ki, halın yaxşı deyil, getmə. Dedi yox, getməliyəm. Nisə xanım da bizdə idi. Qəfildən halı pisləşdi, həkim çağırdıq. Hər kəsi otaqdan çıxardı. Yalnız qardaşımı yanına buraxdı. Qardaşıma deyib ki, məndən sonra evin böyüyü sənsən, onara böyüklük elə. Bir də Nisə Qasımovanı ona tapşırıb, deyib ki, o qızdan muğayat ol”.

***

Nisə Qasımova bəstəkarı xatırlayarkən deyir:

“O, şəxsən məni həbsxana şəraitində saxlayırdı. Filan yeməyi yemək olmaz, isti, yaxud soyuq su içmək olmaz. Dükan, bazar, dayı, bibi evinə gedib-gəlmək olmaz. Məhbus həyatından sonra mən ekrana çıxanda çox azad olurdum. İnsanlarla ünsiyyət üçün can atır, onlara sevgimi göstərmək istəyirdim. O zamana görə kraliçalar kimi yaşayan, dolanan bir sənətçi idim. O vaxt haqqımda az qala rəvayətlər dolaşırdı. O qədər əzizlənirdim ki, biri alman gəlinciyi, biri “ukraynka”, biri kraliça deyirdi mənə. Bir sözlə “pəmbə dövrü” yaşayırdım. Sonra tək qaldım. Nağıl bitdi. Mənim “pəmbə” dövrüm bitdi yəni. Və sonunda mən tək qaldım. Ağır olanı bu idi. O zaman dərdimdən ölənlər, mənə ailə qurmaq təklifi edənlər, filanlar birdən yoxa çıxdılar. Ələkbər Tağıyev öləndən sonra. Təsəvvür edin ki, bəstəkarlara müraciət edirdim, mənə mahnı belə vermirdilər. Adlarını çəkmək istəmirəm amma soruşmayın. Səbəbi zamanında ancaq Ələkbər Tağıyevlə işləməyim idi. Deyirdilər, onunla oxuyanda bizi saymırdın. Onun ölümündən sonra siqaret mənim aksesuarlarımdan birinə çevrildi. Bu ölüm mənim siqaretə başlamağım üçün ciddi səbəblərimdən biri idi”.

Deyilənlərə görə Nisə Qasımova və Zeynəb Xanlarova arasında hələ gənclik illərində müəyyən problemlər yaranıb. Onların münasibətlərinin pozulması isə Nisə xanımın Ələkbər Tağıyevlə işləməyə başlamasından sonra baş verib. Nisə Qasımova müsahibələrinin birində deyir:

“O vaxtı məni bu sənətdə görmək istəməyənlər çox idi. Özümə yaraşdırmıram bu sözü deməyi, lakin mənə paxıllıq edənlər çox oldu. Bu sənətdə hər bir kəs bir-birinə rəqibdir. Bəzi insanlar elə bilirlər ki, Zeynəb mənim düşmənim olub. Lakin səmimi sözümdür, bizim aramızda heç vaxt münaqişə olmayıb. Bir-birimizə hörmət edirik. Mən onun xətrini çox istəyirəm”.

Nisə xanım 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirir və Moskvaya köçür. Müğənni vətəndən uzaq düşür. Ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönən müğənninin gəlişindən xəbər tutan televiziya nümayəndələri onu hava limanında qarşılayıb birbaşa dövlət televiziyasında o zamanlar uğurla yayımlanan “Gəl səhərim” verilişinin çəkiliş meydançasına gətirirlər. Bakıda olduğu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hökmü ilə vətəndə bir müddət qalmağı qərarlaşdırır.

***

Çox sevdiyi anasını itirən xalq artisti Nisə Qasımovanın əzizi üçün axıtdığı göz yaşı artıq onun səsində problemlər yaradır. Müğənni əvvəlki kimi oxuya bilməyəcəyindən ehtiyat edir. Bir müddət səhnə fəaliyyətini dondurur. Namaz qılıb, oruc tutur.

***

Nisə Qasımova heç vaxt ailə qurmayıb. Özünün sözlərinə görə hələ gənc yaşlarımda bir qohumunu sevsə də, onların ailə qurması alınmayıb. Tale onları ayırır. Müğənni oxuduğu mahnıların bəzilərində onun ünvanına sevgi mesajları göndərir. Ümumiyyətlə, sevgi, ailə qurmaq haqqında düşünəndə Nisə xanım həmişə məyus olduğunu dilə gətirir. Ailə qurmadığı, dünyaya övlad gətirmədiyi üçün peşman olduğunu deyir. Müğənni açıqlamalarında qardaşının övladını saxladığını, ona nəvə dediyini bildirib.

Kulis.az
Share: