“Leonardo Da Vinçinin sələfi”-Hümbət Quliyevin hekayəsi…

 Hümbət Quliyev

 

Leonardo Da Vinçinin sələfi

 

Telefon dəstəyini yerinə qoyub oturduğu kresloya yayıldı.

“Bu da son!” – düşündü.

Böyük, təmtəraqlı kabinet gözlərinə çox bayağı göründü. Onu vururdular. Artıq, yuxarıdan “düyməni” basmışdılar. Mexanizm işə düşmüşdü. O “düyməyə” daha heç kimin əli çatmazdı. Hərdən belə bir günün gələcəyini ağlına gətirsə də, özünü hər şeyin yaxşı olacağına inandırmışdı. Oyunun qaydalarını gözəl bilirdi. Özünə haqq verə-verə çox haqsızlıqlar eləmişdi. “Həyatın qanunu belədir – etmisənsə edəcəklər. Və mütləq haqq-hesab günü gələcək”. Zidiyyət ondadır ki, başqalarına qarşı ədalətsizlik edənlər bir-birlərindən ədalət tələb edir və bunun əksini xəyanət kimi dəyərləndirirlər. Bu praktika oğru aləmindən gəlmişdi. Oğrular bir-birindən oğurluq edə bilməzdilər. Digər qaydalar da elə oğru qaydaları idi. O “içəri” gedə biləcəyini gözünün qabağına gətirdi.

Selektorda köməkçisinin “düyməsi” işıqlandı, ağır düşüncələrdən ayırlıb baxdı.

– Əhməd müəllim, aşağıdan polis xəbər verib, rəssam yenə sizi görmək istəyir.

Cavab vermədən geri oturdu. Uşaqlıqda o da şəkil çəkməyi, plastilindən müxtəlif fiqurlar düzəltməyi xoşlayırdı. Ən böyük arzusu heykəltaraş olmaq idi. Aşağıda gözləyən rəssamla bir dəfə ayaqüstü  görüşmüşdü. Rəssam onu maşınına yaxınlaşanda haqlamışdı. Özünü Mahmud Şükürbəyli kimi təqdim etmişdi. Öz yaddaşından razı idi. Bir dəfə eşitdiyi adı heç vaxt unutmurdu.

Rəssamın sifətini də yaxşı xatırlayırdı. Qoca sifətindəki gözləri çox cavan görünürdü. Elə bil yaşlı bir sifətə cavan insanın gözlərini köçürtmüşdülər. Sifətindəki bu ziddiyyət onun baxışını müəmmalı, qeyri adi edirdi. Mahmud Şükürbəyli özü üçün canfəşanlıq etmirdi. Darısqal zirzəmidə emalatxanası olan heykəltaraş dostu üçün xahişə gəlirdi. Onun münasib bir yerlə təmin olunmağını istəyirdi. Heykəltaraş dostunun uğurlarını həvəslə sadalayırdı.

Nədənsə, çoxsaylı mülkləri yadına düşdü. Hər mülkün arxasında bir haqsızlıq olduğunu düşündü. Heykəltaraş öz arzusunun arxasınca axıra qədər getmiş, o isə arzusunu vəzifəyə, pula, mülkə qurban vermişdi. Son qazancı isə gözəl ilğım oldu. Fikirləşdi, bəlkə bu sonluqda heykəltaraşa kömək etsin? Bəlkə öz arzusuna çatmış insana dəstək olsun? Bəlkə buy olla uzun illər qəlbində nisgil qalmış arzusuna rahatlıq bəxş etdin?!

O, ötən əsrin 90-cı illərində başlayan kooperasiya hərəkatının ilk iştirakçılarından biri idi. Bakıda tikilən ilk özəl çoxmərtəbəli binanın tikintisində payçı olmuşdu. Ona pay olaraq binanın alt mərtəbəsində kifayət qədər böyük yer düşmüşdü. Həmin yer heykəltaraşa tam yarayardı. Geniş və işıqlı yer idi. Bu yer onun halal mülkü idi. O qətiyyətlə köməkçisinin selektordakı düyməsini basdı.

– Rüfət, onunla özün görüş, sonra nə etmək lazım olduğunu sənə deyərəm.

…Həbsxananın metal qapısı arxasınca bağlandı. Üzünü səmaya tutdu. Düz on bir il idi həsxana divarları ilə çərçivələnməmiş bu genişlikdə göy üzünü görmürdü.

“Deyəsən qarşılamağa heç kim gəlməyib”, – fikrindən keçdi.

Həyat yoldaşını üç il qabaq itirmişdi. Oğlu xaricdə yaşayırdı və geri dönmək fikri yox idi.

Yanında bir minik maşını dayandı. Sürücü maşından düşüb ona yaxınlaşdı.

–Salam, Əhməd müəllim.

Keçmiş sürücüsü Həsəni tanıdı.

–Salam, Həsən. Necəsən?

Əl verib salamlaşdılar. Həsən onun yanına da gələrdi. Hərdən xırda xahişlərini də yerinə yetirirdi.

Maşından cavan bir oğlan da düşdü.

– Salam, Əhməd əmi.

– Oğlum Cəbrayıldır, – Həsən aydınlıq gətirdi. – Cəbrayıl Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Sankt-Peterburq Rəssamlıq Akademiyasını, Vyana Sənətşunaslıq İnstitutunu bitirib. Hamısını da müvəffəqiyyətlə. İstanbulda, Berlində sərgiləri olub. Rəssamlıqla yanaşı, həm də bu sahə üzrə ekspertdir. Ekspert kimi də xarici muzeylərdən dəvətlər alir. Altı dil bilir, əmisi.

– Nə yaxşı, sevindim! Allah saxlasın.

Maşına oturdular. Təxminən bir saat sonra Həsən maşını beşmərtəbəli binanın yanında saxladı. Onun ilk yaşadığı ev də bu binada  idi. İkinci mərtəbədə yerləşən evin qapısını Həsən açdı. Üçü də evə daxil oldular.

– Əhməd müəllim, bizimkilər dünən buranı silib-süpürüblər.

Böyük otaqdakı masaya milli yeməklər düzülmüşdü. Çoxdan idi belə masa görmürdü. Otaqdakı rəfin qabağına qoyulmuş rəsm əsəri diqqətini çəkdi. Əvvəllər bu şəkli görməmişdi.

– Həsən, bu nə şəkildi? – soruşdu.

– Əhməd müəllim, yadınızdadır, son günlər yanınıza bir rəssam gəlirdi. Bu şəkli o mənə verdi, dedi, sizə çatdırım. Sizdən çox razılıq edirdi. Minnətdarlıq rəmzi olaraq bu şəkli qəbul etməyinizi xahiş etdi.  Onda başınız qarışıq idi, imkan tapıb sizə çatdıra bilmədim. Elə o vaxtdan gətirib bura qoymuşam.

Yaddaşına baş vurdu. Hə, yəqin Mahmud Şükürbəyli imiş. Özlüyündə hələ də yaddaşının dəqiqliyinə sevindi. Cəbrayıl da yaxınlaşdı. Şəklə baxmaq istədiyini dedi.  Gənc rəssam əlindəki tablonu pəncərədən ən çox işıq düşən yerə tutdu, diqqətlə baxmağa başladı. Hərəkətlərindəki peşəkarlıq hiss olunurdu. Bir müddət sonra o əvvəl pıçıltı, sonra ucadan dedi:

– Bu, inanılmazdır! – Hər ikisini şəklə baxmağa dəvət etdi. – Bu, dahi rəssamımız Mahmud Şükürbəylinin məşhur əsəridir. Bir  baxın! – Şəklin arxasını göstərdi. – Burda imzası var. Çərçivədə öz xətti ilə yazıb: “Əhməd müəllimə ən xoş arzularla!” İndi tabloya baxın. Şahə qalxmış dəniz dalğası üç yerə bölünüb – ortada bir böyük, ikisi də yanlarda. Bir baxın bölünmüş dalğalar, eyni zamanda üç dağ zirvəsidir. Dalğanın başındakı ağ rəngli ləpələr zirvədəki qar kimi görünür. Rəssam rənglərdən və işıqdan məharətlə istifadə edib, bir tabloda iki rəsm əsəri yaradıb. Ayrılıqda hər mənzərə o qədər inandırıcıdır ki, insan beyni onu bir görünüş kimi qəbul edə bilmir. Bu səbəbdən gözlərimiz əvvəl bir, sonra o biri şəkli görür. Seyrçi gah üç dalğanı, gah da üç zirvəni görür. Xarici xüsusi ədəbiyyatda buna “Şükürbəyli effekti” də deyilir. Onun bu əsərini dahi italyan rəssamı Leonarda da Vinçinin məşhur “Mona Liza” əsəri ilə də müqayisə edirlər. Şəklin digər adı “Cakonda”dır. Bu Mona Lizanın həyat yoldaşı, ipək ticarəti ilə məşğul olan italyan Cakondanın famliyasıdır. Da Vinçi bu əsəri dörd ilə çəkib. Beş yüz il bundan qabaq çəkilmiş və dünyanın ən bahalı şəkli hesab edilən “Mona Liza” Parisin Luvr muzeyində xüsusi təhlükəsizlik  tədbirləri altında saxlanılır. Beş əsr bundan qabaq çəkilməsinə baxmayaraq, bu əsər hələ də qızğın mübahisələrin mövzusudur.  Ən böyük müzakirə mövzusu isə Mona Lizanın sirli təbəssümüdür. Şəklə baxan insana əvvəl elə gəlir ki, Mona Liza ona gülümsəyir. Bir az da diqqət etdikdə, onun üzündəki təbəssüm itir və o seyrçiyə ciddi baxır. Seyrçi axıra qədər də ayırd edə bilmir – xanım ona gülümsəyir, ya ciddi baxır. Da Vinçidən fərqli olaraq Şükürbəyli bir tabloda iki bərabər güçlü mənzərə yaradıb. Seyrçi şəkildə əvvəl üç dalğanı görür. O dalğalara diqqət etmək istədikdə bu dəfə dağ zirvələri görür. Dağ zirvələrinə gözünü zilləyən kimi onlar başı ağ köpüklü dalğalara çevrilir. Dahiyanə! Bu şəklin repraduksiyaları bütün məşhur dünya muzeylərində nümayiş olunur.  Bu əsərin əslinin axtarışına, hətta İnterpol da qoşulub, Azərbaycanın hər yerini axtarıblar. Kim düşünə bilərdi ki, bu əsər burada, bu otaqda on bir il qalıb. “Sotbis auksionu”na çıxarılsa məşhur museylər bu əsər uğrunda mübarizə aparar. Əsərin bazar qiyməti milyonlarla dollardır.

Fikrində Mahmud Şükürbəyli ilə olan yeganə görüşünü canlandırdı.  Rəssamın yaşlı sifətindəki cavan gözləri gülümsəyirdi, elə Mona Liza  kimi…

 

Share: