Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın işçiləri hakim qarşısına çıxarılır. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edilirlər.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq. Təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 sabiq işçisi var.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Leyla Şıxlinskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi üçün materiallar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.
İlkin məlumatda klinikadan yayındırılan verginin məbləğinin iki milyon manatdan çox olduğu göstərilirdi. Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü. Cinayət işi açılan ərəfədə Leyla Şıxlinskaya mətbuata açıqlama vermişdi.
O, keçmiş işçilərini 700 minlik mənimsəmədə ittiham etmişdi: “Klinikanın baş mühasibi, kassiri, administratoru və daha 3 nəfər vergidən yayınaraq külli miqdarda vəsaiti ələ keçirib. Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər – baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.
İ.Muradov