“Liderləri Tanrı seçir…” -Elman Eldaroğlu yazır

Liderləri Tanrı seçir…

Bəlkə də liderlik arzusunda olanların heç biri bilmir ki, liderləri Tanrı seçir. Onların hakimiyyətə gəlməsi üçün şərait yaradır, yol açır. Necə deyərlər, Allahın izni olmasa bir kəs belə yerindən tərpənə bilməz…

1976-cı ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərində ki 9 N-li orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də yazırdım. İnşaatşılar qəsəbəsindəki barak evin bir otaqlı mənzilində altı nəfərdən ibarət ailəmizlə kirayədə qalırdıq…
Bir gün kirayə sözünün mənasını atamdan soruşub, anlayanda, məyus oldum. Allahdan gəlibmiş kimi, ondan xahiş etdim ki, bizə mənzil verilməsindən ötrü Heydər Əliyevə məktub yazmağıma icazə versin. Atam o vaxt mənim xahişimi bir uşaq şıltaqlığı sanıb, gülümsədi və:
– Ay oğul, sən hələ uşaqsan, sən nə bilirsən məktub nədir? Yaşayaq görək nə olur- deyə icazə vermədi.
Amma mən bir neçə gün sonra, anamdan on bir ildir kirayədə qaldığımızı, atamın iş yerinin dəqiq adını öyrənib, gizlində məktubu yazdım. On yaşında uşağın düşündüyü, arzuladığı, bildiyi kimi…
Xülasə, ev istədim. Zərfin üstünə “Azərbaycan SSR Mərkəzi Komitənin birinci katibi yoldaş Heydər Əliyevə” sözlərini yazıb, qonşuluqda yaşayan sinif yoldaşım Lətiflə birlikdə qəsəbənin mərkəzinə getdik və mən Trest deyilən yerdə onun köməyi ilə zərfi poçt qutusuna atdım…
Bu hadisədən 20-25 gün keçmişdi ki, atam növbəti dəfə günorta fasiləsində evə qayıdıb, məni yanına çağırdı. Səsinin tonundan hiss etdim ki, danlayacaq. Amma həmin gün danlandığım qədər də əzizləndim. Sən demə, işlədiyi müəssisənin rəhbəri atamı yanına çağıraraq, MK-dan gələn rəsmi göstərişə əsasən bizə iki otaqlı mənzil verildiyini söyləyib. Heç vaxt unutmaram, həmin mənzilə köçəndə özümü ilk dəfə dünyanın ən xoşbəxti sandım. Artıq o vaxtdan 43 il keçir. İndi həmin mənzildə mən öz ailəmlə birgə yaşayıram…

Bütün bunları söyləməkdə məqsədim özümü nəsə yeni bir söz deyirmiş kimi göstərməkdən ibarət deyil, mən çox yaxşı bilirəm ki, Heydər Əliyevin dövründə milyonlarla adam ev-eşik sahibi olub. Amma, o vaxtdan məndə Heydər Əliyevə inam, saf bir etibar yarandı və mən onu həmişə televiziya ekranlarından xüsusi maraqla izlədim…

Onu ilk dəfə canlı 1984-cü ildə, Sumqayıt Politexnik texnikumundan Volqaqrad Traktor zavoduna göndərildiyim diplomqabağı istehsalat təcrübəsində olarkən gördüm. Səhv etmirəmsə, hansısa xarici dövlətin rəsmiləri ilə birlikdə sexləri gəzirdilər. İçimdən bir istək keçdi ki, ona yaxınlaşıb minnətdarlıq edim. Amma onlara bələdçilik edən zavod rəhbərliyindən ehtiyyat etdiyimçin istəyim baş tutmadı. Yəqin qismət deyilmiş…
1988-ci ilin fevral ayında Sumqayıt təlatümlər şəhərinə bənzəyirdi. O vaxt mən Ç.İldırım adına AzPİ-nin axşam şöbəsinin birinci kursunda təhsil almaqla yanaşı, Sumqayıt Superfosfat zavodunda sex rəisinin müavini vəzifəsində çalışırdım və zavod komsomol komitəsinin büro üzvüydüm. Bir gənc kimi azərbaycanlıların Ermənistandan deportasiya edilməsi məni də hiddətləndirmişdi. Həmin vaxtlar hamı kimi mən də soydaşlarımızın başına gətirilən müsibətlərə etiraz mitinqlərində iştirak edir, ermənilərin şəhərdən çıxmasını tələb edənlərin arasında olurdum…

Fevralın 28-də növbəti mitinqi dağıtmaq əmri almış əsgərlər, mitinq iştirakşılarını döyə-döyə maşınlara mindirib, müvəqqəti təcridxanalara daşıyır, oradan da türmələrə aparırdılar. O vaxt məni on səkkiz gün Bayıl türməsində saxlayandan sonra, cinayət tərkibli əməlim olmadığı üçün, həbsdən azad etdilər və mitinqlərdə iştirakıma görə inzibati qaydada cəzalandırdılar…
Mitinqlərdə iştirak edəndə, Bayıl türməsində olanda da xalq bütün bu hadisələrin səbəbini mənfur Qarbaçovun Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan sonra azərbaycanlıların təklənməsində və ermənilərin bu fürsətdən istifadə edərək fəallaşmasında görürdü. Xalq yaxşı bilirdi ki, Heydər Əliyev Sov.İKP Siyasi Büronun üzvü olarkən azərbaycanlıların yeganə güvənc yeri olmuş, erməni təcavüzünün dəfələrlə qarşısını almışdı…

İllər keçdi. 1990-cı il yanvar günlərində biz, eyni binada yaşayan gənclər, hər gün piyada Bakı şəhərinə gedirdik. Axşamlar qayıdan kimi həyətimizdə təzə inşaa olunmuş xeyir-şər evində yaşlıları, cavanları başımıza yığıb, ölkədə baş verən hadisələrdən danışırdıq. Yaxşı yadımdadır, qonşu uşaqlardan kimsə hardansa Heydər Əliyevin Bakıda baş verən hadisələrə münasibətini əks etdirən Moskvadakı çıxışının video lentini əldə etmişdi. Və biz lazımi avadınlıqları tapıb, həmin video lenti dəfələrlə nümaiş etdirir, insanlara ümid verirdik. Heç vaxt unutmaram, o vaxt hamı nicatı Heydər Əliyevdə görürdü…

Bu belə də oldu, Ulu Öndər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Azərbaycan od tutub yanırdı. Bir yandan müharibə, bir yandan anarxiya-özbaşınalıq ölkəni ağuşuna almışdı. Çox keçmədi ki, Heydər Əliyevin müdrik siyasəti və yüksək idarəçilik qabliyyəti nəticəsində Azərbaycanda əminamanlıq bərqərar oldu…

…Bəli, Heydər Əliyev Allahın seçdiyi LİDER idi. Və Azərbaycan xalqı zaman-zaman onun böyüklüyünü dərk edib, əbədi olaraq xatirələrdə yaşadacaqdır…

Elman Eldaroğlu
ABŞ, Miçiqan

La imagen puede contener: 1 persona, traje
Share: