LİMON AĞACI – Cəbrail Həşimovun hekayəsi

LİMON AĞACI – Cəbrail Həşimovun hekayəsi

Kəndin yuxarı başında iki qonşu yaşayırdı. Xasiyyətcə bir-birinin tam əksi idilər. Xasiyyətləri barədə danışmazdan əvvəl bir məsələni də deyim. Onları birləşdirən bir ümumi cəhət var idi ki, bu da hər ikisinin fiziki cəhətdən qüsurlu olması idi. Birinci qonşu danışanda kəkələyirdi, bəzən demək istədiklərini deyə bilmirdi. Bu zaman öz acizliyini başa düşür və gözləri yaşarırdı. Hərdən də dili ilə deyə bilmədiklərini əlləri ilə başa salmağa çalışırdı. Kəkələmək onda anadangəlmə idi. Buna görə də elə uşaqlıqdan adının əvvəlinə bir “kəkəc” sözü də yapışdırmışdılar. Hamı onu Kəkəc Nəsir deyə çağırırdı. Əlbəttə, üzünə yox.
İkinci qonşunun fiziki qüsuru axsaq olması idi. Amma Nəsirdən fərqli olaraq onun bu qüsuru anadangəlmə deyildi. Cavan vaxtlarında qonşuların toyuğunu, qazını, ördəyini oğurlayır, yediyini yeyir, yemədiyini də aparıb bazarda sataraq pul eləyirdi. Bir gün gözünə döndüyüm qonşulardan biri eləmə tənbəllik, Məlikməmməd kimi gecəni yatmayaraq barmağını kəsmiş, yaraya duz basaraq oğrunu güdmüş və əlindəki bellə vurub onun ayağını şikəst eləmişdi. Elə o vaxtdan da bu yaramazın adı Çolaq Məsim qalmışdı.
İndi gəlirəm bunların xasiyyətlərinin üstünə. Əvvəl dediyim kimi, Nəsir danışanda kəkələyirdi, yəni bizim tərəflərdə deyildiyi kimi kəkəc idi. Amma buna baxmayaraq, çox gözəl xasiyyəti vardı. Hamı ilə mehriban idi. Əlindən də hər iş gəlirdi. Kimin hansısa bir işdə köməyə ehtiyacı olurdusa, Nəsirə müraciət edirdi. Nəsir də dinməz-söyləməz düşürdü onun qabağına, gəlib bütün işlərini yoluna qoyurdu. Hələ indiyə qədər bir nəfər də olsun ondan inciməmişdi. Ona görə də, hamı onu sevirdi.
Nəsirin bir-birindən gözəl üç qızı vardı. Böyüyü artıq yetişmiş qız idi. Yavaş-yavaş elçilər qapını döyməyə başlamışdı. Ancaq Nəsir hələ heç kimə “hə” demirdi. Səbəb də bu idi ki, elçi düşənlərin heç biri bir sənət sahibi deyildi, axşama qədər avara-sərgərdan gəzən oğlanlar idi. Nəsir isə deyirdi ki, mən qızlarımı ancaq əlində bir sənəti olan oğlana verəcəm. Nə sənəti olursa olsun, təki ailəsini dolandıra bilsin.
Nəsirdən fərqli olaraq Məsimdən heç kimin xoşu gəlmirdi. Çünki bu adamın işi-gücü ancaq adamları acılamaq, söz gəzdirmək, ara vurmaq, yalandan üzə durmaq və bu kimi digər pis əməllər idi. Əgər iki qardaşın arasında cüzi bir narazılıq vardısa, Məsim o saat çolaq ayağını sürüyə-sürüyə ora cumurdu. Xırda bir narazılığı qısa müddətdə böyüdüb həlli müşkül bir məsələyə çevirir, qardaşları ömürlük düşmən edirdi. Necə deyərlər, yeddi evil qonşunun heç biri ilə də danışmırdı, Hamının işinə qarışdığı üçün bütün qonşular ondan gen gəzir, verdiyi salamı da dilucu alırdılar.


Məsimin də üç oğlu var idi. Söz gəzirdi ki, böyük oğlu Nəsirin böyük qızı ilə maraqlanır, yəni bir növ vurulub ona. Nəsirin də qulağı çalmışdı bu söhbəti. Evdə qızlarının yanında arvadına demişdi ki, mən heç həyətimdəki ölü pişiyi Məsimin oğluna vermərəm, nəinki qızımı. Düzdür, Nəsir bu sözləri arvadına başa salana qədər çox əziyyət çəkmişdi, kəkələyə-kəkələyə, əl-qolunu ölçə-ölçə, qan-tərə bataraq, nəhayət, onu birtəhər başa sala bilmişdi. Qız da bu söhbəti eşitmişdi və qəlbində oğlana qarşı baş qaldırmaq istəyən sevgini tez öldürüb atmışdı dərin bir sandığa, sandığın da ağzını qıfıllayıb quylamışdı dəryanın dibinə. Yəni atam nə deyirsə, o da olacaq. Çünki o məndən ağıllıdır və nəyi necə etməyi çox gözəl bilir.
… Bir gün səhər tezdən qonşular bərk səs-küyə yuxudan ayıldılar. Gözlərini ovuşdura-ovuşdura toplaşdılar bir yerə və gördülər ki, Nəsirlə Məsim az qalıblar əlbəyaxa olsunlar. Məsim dayanmadan söyürdü:
-Ay kəkəc kopoyoğlu, nə qırsaqqız olub yapışmısan yaxama? Əl çəksənə! Səhər tezdən xeyir-şər eləməmiş hücum çəkmisən üstümə…
Nəsir isə danışmağa çətinlik çəkiridi. Əsəbiləşdiyi üçün heç danışa bilmirdi. Güc-bəla ilə nəsə deməyə çalışır, bacarmadıqda gözlərindən yaş sel kimi axırdı.
-Ağ-ağ-ağaac-c… Mə-mə-məən ağ-ağ…
Qonşular onun sözlərindən heç nə başa düşmədikdə Məsimə üz tutub soruşdular:
-Ay Məsim, yenə nə hoqqa çıxarmısan? Bu yazıq Nəsirdən nə istəyirsən? Nə baş verib?
Məsim qonşular arasında sanki özünə bir dayaq tapıbmış kimi tələsik dedi:
-Ay kişilər, ay başuza dönüm, bilmirəm, bu kəkəc niyə dəli olub. Səhər tezdən hücum çəkib üstümə ki, həyətindəki bu limon ağacı mənimdir. Ay qardaş, qurban olum sizə, həyətimin ortasında əkdiyim ağacdan yapışıb ki, mənimdir. Bu boyda da həyasızlıq olarmı? Qoparın bunu mənim yaxamdan, siz Allah.
Nəsir isə kəkələməkdə davam edir, nəyisə sübut etməyə çalışırdı:
-Va-va-valla… ağ-ağac-c… mə-mə-mən…
Qonşular başa düşdülər ki, Nəsir, doğrudan da, ağacın özünün olduğunu deyir. Ancaq bu necə olardı ki, başqasının həyətinin ortasında olan ağacdan yapışıb deyəsən, mənimdir. Ona görə də hərəsi bir tərəfdən onun qolundan tutub kənara çəkməyə başladı. Nəsir isə bundan bir az da hirsləndi və dartınıb onların əlindən çıxmağa çalışdı.
Qonşular güc-bəla ilə Nəsiri hasarın kənarına gətirib bir daşın üstündə oturtdular. Yazıq Nəsir adamların üzünə baxır, bir söz deməyə çalışır, bacarmadığı üçün gözlərinin yaşını axıdırdı. Adamlar Çolaq Məsimə inanmırdılar, bilirdilər ki, ondan heç vaxt yaxşı iş baş verməz. Nəsir də ki, indiyə qədər bir dəfə də olsun, nahaq iş tutmamışdı. Ancaq kor kor, gör gör. Ağac bu çolağın həyətinin ortasında, Nəsirlə aralarındakı hasardan on metr kənarda idi. Bu fağır da indi şirə dönüb yapışmışdı ki, ağac mənimdir. Axı bu necə ola bilərdi?
Qonşuların içərisində ən yaşlısı Qədiməli kişi idi. İndi bütün gözlər ona dikilmişdi. Hamı onun nə deyəcəyini gözləyirdi. Bilirdilər ki, bu məsələni çözsə, ancaq o çözə bilər.
Qədiməli kişi boynunun ardını qaşıyaraq susur, gözaltı gah qəzəbindən fısıldayan Nəsirə, gah da bir kənarda dayanıb əlindəki belə söykənərək bığaltı gülən Məsimə baxırdı. Bax elə çolağın bu kinayəli gülüşü idi ki, qonşuların qəlbinə şübhə salmışdı. Hamı başa düşürdü ki, burada bir hiylə var. Ancaq nədir o hiylə, bax bunu hələ də anlaya bilmirdilər.
Qədiməli yavaş-yavaş sözə başladı:
-Qardaşlar, ürəyim mənə deyir ki, burada nəsə bir hiylə var, vallah, var. Bu çolaq başıbatmış heç vaxt şər işlərdən uzaq olmayıb. Nəsiri də ki, şükür Allaha, hamımız yaxşı tanıyırıq. Bu adam fağırın biridir. İndiyə qədər bir qonşunun toyuğuna “kiş” deməyib. Amma hiylə nədədir, başa aça bilmirəm. Ağac Məsimin həyətinin ortasındadır. Bunu görürük. Nəsir də boş yerə belə hay-küy salmaz. Heyif ki, yazıq bizi əməlli-başlı başa sala bilmir. İndi biz neyləyək?!
Qonşular bu dava-qovğanın həll olunmasını Qədiməlidən gözləyirdilər. İndi bu kişi də əlacsız olduğunu etiraf etdiyi üçün yazıq-yazıq Nəsirə tərəf baxdılar. Yəni “əlvida” deməlisən limon ağacına, ay Kəkəc Nəsir. Bu çolaqla, deyəsən, heç tanrının özü də bacarmaz. Nəsir də vəziyyətinin əlacsız olduğunu başa düşmüşdü. Odur ki, gözlərindən yaş dayanmadan axırdı. Artıq qırıq-qırıq da olsa, danışa bilmirdi, beləcə, səssiz-səmirsiz ağlayırdı.
Bu zaman Məsimin böyük oğlu toplaşanlara yaxınlaşdı. Dayanıb bir xeyli atasını süzdü. Birdən heç kimin gözləmədiyi halda bərkdən dedi:
-Ay ata, ayıb deyilmi bu qədər adamı girinc-giriftar etmisən? Niyə bu yazıq kişiyə əzab verirsən? İndi o danışmaqda çətinlik çəkir deyə sən pis əməllərindən əl çəkməyəcəksən? Axı mən öz gözlərimlə gördüm ki, Nəsir kişi dünən bu limon ağacını bazardan alıb gətirdi, sevinə-sevinə həyətində əkdi. Sonra da gözlərimlə gördüm ki, sən gecəyarısı gedib o ağacı yerindən çıxarıb gətirdin, bizim həyətimizdə əkdin. Bunların hamısını mən görmüşəmsə, Allah məndən də qabaq görüb axı. Sən bu adamları aldada bilərsən, bəs sabah Allaha nə cavab verəcəksən?
Adamların üzərinə elə bil su ələndi. Heç kim dinmirdi. Məsim isə dodağının altında nəsə mızıldandı. Deyəsən, “sənin südünə lənət” dedi.
Qədiməli kişi ayağa durub üst-başını çırpdı, sonra gəlib Məsimin qarşısında dayandı.
-Tfu sənin üzünə, çolaq əclaf, – dedi, – sonra üzünü hasarın yanında toplaşanlara tutdu: -Durun, durun ayağa, bu ağacı çıxarıb aparın, əvvəlkin yerində əkin.
Nəsir bayaqdan bəri bütün bu olanları heyrətlə süzür, ancaq heç bir söz demirdi. İndi ağacın yerindən çıxarıldığını görüb birdən sevincək qışqırdı:
-Ve-ve-veydim! Veydim qı-qı-qızı sə-səyə! Veey-diim!
Bunu deyib oğlanı qucaqladı, bərk-bərk öpüb sinəsinə sıxdı.
Məsim isə yenə də yavaşdan donquldandı. Deyəsən, bu dəfə də oğlanınn südünə söyürdü.

Cəlilabad

Müstəqil.az

Share: