Siftə eləyib bir-iki müəllifin yazılarına fikir bildirmişdim ki, digər yazarlar email , whatsapp, messenger ünvanlarımı əsərləriylə doldurdular: şeirlər, esselər , hekayələr, poemalar, povestlər, romanlar… hamısı da xahiş edir ki, yazıları barədə fikir bildirim. Sanki yazdıqlarını həkim müayinəsindən keçirmək istəyirlər. Əlbəttə , kim canı ağrıyanda özünü savadlı , çoxbilmiş həkimə göstərmək istəməz?!
Müraciət edənlərin çoxluğunu nəzərə alıb “Literature Medical Centre “ adlı müalicəvi diaqnostika klinikası açdım . Adını da ingiliscə ona görə qoydum ki, dəbdən geri qalmayım. Qoy görsünlər ki, bizim də ingilisdilli obyektimiz var.
Günün bu günü də yazar və yazılar əlindən tərpənmək olmur klinikamızda . Müəlliflər xəstə yazılarını qəbula gətirmək üçün iki-üç həftə öncədən növbəyə yazılırlar. Vətən, millət mövzusunda yazılar istisna olmaqla , qalanlarının qəbulu ödənişlidir. Mərkəzdə hər bir yazarın imza və yazısının gizliliyi tərəfimizdən elə ciddi şəkildə qorunur ki , heç İsveçrə bankı öz müştərilərinin məlumatlarını bele qoruya bilmir. Hər gün fərqli xəstəliklərlə müraciət edən xəstələrin çoxluğu adamı lap gic eləyir. Bircə günün xəstəlik vərəqələrini sizinlə tanış etsəydim, başınıza hava gələrdi. Məsələn, elə dünən baş verənləri danışsam bəsinizdir.
Səhər saat doqquzda qəbula yazılanlardan biri qolunda sarğı içəriyə keçərək başladı dərdini danışmağa. Demək , bir neçə müddət öncə kəndə gedibmiş. Kəndə çatar- çatmaz yolda eşşək görür və istəyir onu minsin . Eşşək də buna necə şıllaq atırsa , binəva yıxılır , qolu sınır və qasıq nahiyəsindən çox ağir zədə alır. Sən demə, eşşəyi minərkən başında şeir olduğu üçün misralara da xəsarət toxunur. Sınıqçı onun qolunu bağlasa da , şeir həkimi olmadığından misraların müalicəsini boynuna çəkmir. Bu da şeirini klinikamıza müalicəyə gətirib. Müayinə edərkən aydın oldu ki, şeirin ilk bəndinin biləyi və sonuncu misrasının bazu sümüyü sınmaqla yanaşı, ikinci bəndinin də dörd qabırğası çatlayıb . Dedim, yazıq deyil bunu belə hala salmısan? Bir də başında şeir eşşəyə yaxınlaşma. Və əlavə etdim ki, gec gətirdiyin üçün sarğı qoyulsa da , əyri birləşəcək. Dedi , eyb etməz , sarğı qoy, sümükləri əyri birləşsə də oxucularıma xoşdur. Şeirin şəfqət bacısına tapşırdım ki , travmataloji sarğı qoysun. Yazıq şeir zariya-zariya getdi.
Növbə ikinci xəstəyə çatar- çatmaz kitablarindakı esselərlə dalaşa – dalaşa girdi otağa. Gördüm, esselərin cümlələri bu yazar qadını dirəyiblər divara ki, sən bizdən yox, biz səndən şikayət edəcəyik. Plagiatlıq edib hərəmizi bir müəllifdən oğurlamısan. Onları sakitləşdirib şikayətlərini dinlədim. DNT analizi etdikdə aydın oldu ki , cümlələr haqlı imiş . Sən demə cümlələr, fikirlər essedə səs-küy edirlərmiş ki, burax çıxıb gedək . Müəllif də bunları həkimlə qorxudub: sakit olmasanız , aparacam həkim sizə iynə vursun – elə bil uşaq qorxudur. Dedim, ayıb deyil , yekə qadınsan – əslində, boyu balacaydı, özüm qəsdən elə dedim ki, bəlkə utana – heç oğurluq boyuna yaraşırmı? Məcburdumu yazasan , yaza bilmirsən , yazma da . Adını da yazıçı qoymusan. Həftə səkkiz mən doqquz çap planı doldurursan ele bil… Bunun da iynəsin belə vurdum getdi.
Elə bu gedər- getməz, qəbulda hay -həşir düşdü . Birisi qəbula növbədənkənar keçmək istəyirdi: sən demə şeirini it tutub, təcili kömək lazımmış. Sağ olsun növbədəkilər, vəziyyətin ağır olduğun görüb onu içəri buraxdılar. Məlum oldu ki, şeir küçədə qəzəllə oynayanda bir küçə iti hücum edib , qəzəl aradan çıxsa da, şeir qaçıb canının qurtara bilməyib. İt yuxarıdan üç misranı dişləyib, ortadakı bəndi it yemiş edib, aşağıdan da bir sətri qoparıb . Şeirin şəfqət bacisi yaranı üç faizli məhlulla tələsik yuyaraq , ətraf misraları da yodla təmizlədi və it ağzından çıxmış şeirə sarğı qoydu.
Qəbuldakı növbəti müştəri də yazılarını gətirib ki, boğazları ağrıyır, yəqin artıq ət var. Boğazlarına baxanda aydın oldu ki, müəllif ütülü tiplərdən olduğu üçün misralarını da ütüləyib geyindirir yazılarına. Hələ bu cəhənnəm, hər birinin də boynundan qalstuk asaraq bərk – bərk sıxır . Boğazları da elə bu qalstuka görə ağrıyırmış.
Digər müəllif də şeirini yanına salıb gətirib. Deyir, qulağı ağır eşidir, dərman yaz qulağı işləsin. Dedim, bu yazığı oxuculara o qədər ucadan söydürmüsən ki, qulağı kar olub. Dərmanlıq deyil artıq. Yazısını qulaqlayıb darta-darta apardı.
Birisi də yazısını itələyə- itələyə otağa gətirdi, başladı dərdini danışmağa ki, ayağı sürüşkəndir. Deyirəm, o nə sözdür..? Deyir, pis yerə yozmayın e, kim oxuyur, deyir, yadımda qalmır. Yaddaşlardan sürüşməyə meyillidir.
Hələ xərəkdə gətiriləni demirəm. Yazısı tərs gəlib deyə hamiləliyi sona çatdıra bilmir. Şeirin şəfqət bacısıyla romanın şəfqət bacısı nə qədər çalışsalar da, alınmadı. Axırda özüm müdaxilə edərək, əməliyyat yoluynan – kesarla prosesi yekunlaşdırdım. Amma yazının göbək ciyəsi olan sözlər, cümlələr, fikirlər boğazına dolaşdığı üçün hekayə elə bətndəcə boğulub ölmüşdü. Xəstə əməliyyat stolundan duran kimi deyir, əsərimi verin aparım. Nə qədər başa salmağa çalışsaq da, faydası olmadı. Deyir, əsər mənimdir, ölüb ölsün də, sizə nə dəxli? Oxucuma onun ölüsü də xoşdur, dirisi də.
Nə isə, yazısını verdik apardı.
Bir gün öncə isə yanağında qoşa misra olan gözəl bir şeirin dunyaya gəlışınə sevinmişdik.
Qəbula boynubükük qələm və pərişan hallı vərəq cütlüyü də gəlmişdi. Diqqətimi onların ümid dolu baxışları çəkdi. Utana-utana övladlarının olmamasından şikayət edərək, çarə axtarırdılar. Bunlara yalnız təskinlik verməyə gücüm çatdı: əsərlər kompüterdə yazılmağa başlayandan qələm-kağaz cütlüklərinin demək olar hamısında sonsuzluq problemi yaranıb. Bu təkcə sizin deyil, bütün qələm-kağaz cütlüklərinin dərdidir.
Novbəti pasyent də əsərlərini gətirib ki, yatanda yerlərinə idrar qaçırırlar. Sən demə, yazıları uzun illərdir Enurez xəstəliyindən əziyyət çəkirmiş. Başa saldım ki, oxucunu aldatmaq üçün şirəsini az, suyunu cox elədiyindəndir. Cümlələrin, misraların tərkibinə mayeni az qat. Kəmiyyətə deyil, keyfiyyətə fikir ver . Get , dediklərimə əməl et, düzələcək.
Başqası da yazısını göstərərək dedi ki, ağıl cümləsi ağrıyır, çək bunu. Ağzını açıb baxıram: o boyda əsərin içində cəmi bircə dənə ağıl cümləsi var, onu da çəkdirmək istəyir. Başa salıram ki, yazının bütün cümləsi ağıl cümləsi olmalıdır. Əslində, o biri cümlələrin ağrılarıdır, vurub bunu da incidir. Ağrı verən cümlələri çəkib çıxartmağa başlayanda hay-həşir saldı ki, dəymə, çıxartsan, yazının ağzinda bir dənə də cümlə qalmayacaq , mırıq görünəcək.
Yazıq şeir, sancı qarnını doğraya-doğraya sahibi ilə girdi içəriyə. Sahibi qafiyə xətrinə əlinə keçən nə varsa, yığıb basıb şeirə. Onlar da gedib yoğun bəndlə nazik bəndin arasında keçilməzlik yaradıb. Təcili cərrahiyə əməilyyatının vacibliyini bildirsəm də, əməliyyatdan qorxduğu üçün razılıq vermədi . Gücənə-gücənə çıxıb getdı.
Bir yazar da vayına oturulası qalın kitabını gətirib deyir, profilaktik baxış istəyirəm yazılarıma. Ədasından hiss etdim ki, deyəsən, qadının başı biraz o məsələ… Gözucu bir-ikisinə nəzər salıb dedim, ay xanım, bunlar orta məktəb şagirdinin yazısından da aşağı səviyyədədir, bu yazdıqlarının ədəbiyyata qəti aidiyyatı yoxdur. Qayıdasan ki, siz nə danışırsız, qəzetdə çap olunan kimi çoxlu zəng vurub tərifləyirlər, Fb-də paylaşdığım yazılarımın altından qəşəng rəy qoyurlar . Anladım ki, birilərinin bununla ilişki qurmaq üçün yazdıqları yalançı rəylərə inanıb , sonra da bədbəxtdə özündən razılıq, başgicəllənməsi yaranıb . Səsini qaldırıb davam edir: “ Nobeli Azərbaycana mən gətirəcəm. Hippokrata and içmisiniz , baxmalısınız bu yazılara”. “Hippokrat-zad tanımıram mən, bura gələnlər mənim başıma and içirlər, get başqa işlə məşğul ol” – deyirəm. Qarğaya bənzəyən sifətini turşudaraq qapıdan hirsli-hirsli çıxanda qayıdasan ki, sizdən şikayət edəcəyəm. Mən də dilimizə hopmuş ənənəvi cumləni işə saldım: “hara istəyirsən, get elə”.
Ayağınınn biri uzun, qolunun biri gödək, başı yekə, boynu nazik, qüsurları saymaqla qurtarmayan bir şeirini gətirib deyir:
– Görürsünüz də.
Yorğun halda cavab verirəm:
– Narahat olma, şeir sərbəst formada doğulduğu üçün bu hala düşüb. Sərbəst janrın qəlibindən çıxan əksər şeirlərin sonu belə olur .
Ta demədim ki, qoşmanı, gəraylını, qəzəli, hecanı, rubaini, qəsidəni, poemanı – hələ dodaqdəyməzi demirəm – qoyub, nə görmüsünüz bu sərbəstdə ? Heç kim bilməsə də, mən yaxşı bilirəm, çoxlarınız zibilinizi ört-basdır etmək üçün “bu sərbəst şeirdi, sən qanan şey deyil” bəhanəsiylə ozünüzə boy verməklə məşğulsunuz. Mal təzəyini divara vurandan sonra ozünüz üçün fantaziya uydurursunuz ki, guya orda nəsə məna var , oxucu bilmir.
Birdən də görürsən, təcili yardım maşınları durmadan gətirirlər. Əzilən kim, qolu–qılçası sınan kim, yolda ölən kim. Nə olub bunlara? Sən demə oxucunun kitab rəfinin ən hündür yerındəki ünlü dünya yazarlarının hansınınsa kitablarından birini yuxu basır və kitabdakı yazılardan biri elə yuxulu halda sürüşüb düşür aşağıdakı kitabların üstünə. Aşağıdakı kitabların da içərisində olan yazılar , cümlələr, fikirlər , mənalar , obrazlar qalır bu yazının altında. Qonşuları köməyə çağıraraq, uçmuş binanın altından adam xilas edirmişlər kimi, başlayırlar altda qalan kitabları çıxarmağa.
İmkan daxilində hamısına təcili yardım göstərdikdən sonra yiyəsinə dedim:
– Səndə ağıl adında bir şey var? Adam da o boyda şeyi hündür yere qoyarmı ki, düşüb bu bədbəxtləri şikəst eləsin?
İmza sahiblərindən birinin yazısı zəhərlənib. Yazıdan soruşuram ki, sənin qarnının dərdi nədir, nə olub sənə ? Yazı başını aşağı salaraq deyir:
– Alıb oxuyan yox, oxuyanlar da bəyənmirlər bizi, bizim çəkdiklərimizdən müəllifin nə xəbəri? Sıcanlar cümlələri daşımasın deyə sican dərmanı ilə bizi əhatəyə alıb. Düşündüm ki, belə yaşamaqdansa, ölmək şərəflidir. Sican dərmanını götürüb içdim ki, ölüm, canım qurtarsın.
Yazıq cox abırlı , həyalı, həm də tərbiyəli yaziydı…
Birisi də yazılarından birini gətirib ki, bax gör bunun gözünə nə olub ? Sən demə, ağlına nə gəlib, töküb qəzələ . Duyuq düşəndə ki, yararsız fikirlər çoxdur, tez qələmlə yararsızların üstündən xətt çəkərək, qaralamağa başlayıb. Elə bu zaman necə olubsa, qələmin ucu gedib girib MəfA ‘İlün gözünə. Qaş qayırdığı yerdə vurub göz çıxarıb.
Hər gün olduğu kimi yorğun halda işdən çıxıram.
Bayır pilləkənləri enərkən gördüm ki, qolundan tutub qaldıranı olmayan, kimsəsiz , qədim bir bayatı başını pilləyə qoyaraq canını tapşırıb.
Əynimdən paltomu çıxarıb, üstünü örtdüm … Üşüməsin…