Bu günlərdə 22 illik məhbəs həyatından qurtaran Lotu Quli ləqəbli 45 yaşlı Nadir Səlifov Rusiyada kriminal aləmi tamamilə öz nəzarətinə keçirməyə hazırlaşır.
Müstəqil.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, daha öncə Rusiyanın cənub və bəzi mərkəzi rayonlarında xüsusi mövqeyi olan Quliyə Sverdlovskdakı ticarətçilər sadiq qalacaqlarına and içiblər.
Onlar artıq Lotu Qulini keçmiş SSRİ-nin oğru dünyasının başçısı elan eləyiblər. Rusiyanı öz nəzarətinə keçirmək üçün Quli hazırda öz klanını formalaşdırır və müharibəyə hazırlaşır. Amma bu klan əvvəllər olduğu kimi nə milli, nə də ərazi prinsipi ilə hazırlanır.
Hazırda Qulinin yaxın çevrəsinə qardaşı Namiqdən başqa Puxlı, Kuşner, Nika, Qoşa, Masi, Merab, Pipiya, Rəşad, Roma Stavropolski daxildir.
Beləliklə, Qulinin həbsdən vaxtından əvvəl çıxması postsovet məkanı oğru dünyasında böyük sensasiyaya səbəb olub. Onun azadlığa çaxacağını yalnız yaxın ətrafı bildiyi üçün bu məsələ öncədən kriminal çevrələrdə hallanmayıb.
Kriminal avtoritetlər hesab edir ki, Quli vaxtında “içəri”də “yatdığı” üçün keşməkeşli 90-cı illəri keçə bilib. Hazırda onu oğru aləmində yeni tipli avtoritet hesab edirlər. Belə ki, onun arxasında banda deyil, transmilli korporasiya dayanır. 2016-cı ilin avqustunda öldürülən Rövşən Lənkəranskidən qalan nə vardısa, Şakro Molodoy və Canqveladzenin iddialarına rəğmən, Qulinin nəzarətinə keçib.
Maraqlıdır ki, Quli azadlığa buraxıldığı gün – sentyabrın 11-də onun Tiflisdə öldürülən əsas adamı Elşən Məmmədovun killerləri Sankt Peterburqda həbs edildi. Onların arasında Rövşən Lənkəranskinin əmisi oğlu Emin Əhmədov da var.
Hazırda Quliyə qarşı dayananlar Rövşənin qohumlarıdır. Ancaq ona qarşı hazırlanan planlarda Lənkəranskinin yaxın qohumlarının şəxsən iştirak etməsi mərhum avtoritetin adamlarının sayının az olmasından xəbər verir.
Məlum olduğu kimi, İstanbul polisi Rövşən Lənkəranskinin qisasını alacaq 11 nəfərdən ibarət dəstəni yaxaladı. Qrup Qulini aradan götürməyi planlaşdırsa da, onların bu məxfi planı haqda kimsə Türkiyə polisinə xəbər verib.
Killer dəstə odlu silah, tapança, əl qumbarası ilə silahlanıbmış. Onlar Qulinin yaşadığı villanı silahlı hücumla ələ keçirməyi planlaşdırırmış.
Kriminla aləmə yaxın mənbələr bildirir ki, Quli hazırda Rusiya oğru dünyasının başçısı sayılan Şakro Molodoy ləqəbli Zaxari Kalaşovla haqq-hesab çəkməyə hazırlaşır.
Şakro Molodoy Ded Xasanın ölümünün ardınca Rusiya mafiyasının rəhbərliyinə keçdikdən sonra bir sıra yeni şəxslərə oğru adı verilməsi, bəzilərinin isə bu addan məhrum edilməsinə qərar verdi. Daha sonra isə o, oğru adı verilməsinə qadağa qoydu. Şakronun qərarı ilə Saşa Kuşner ləqəbli Aleksandr Kuşnerov, Gilani Sedoy ləqəbli Gilani Əliyev, Şamil ləqəbli Şamil Məhəmmədov, Armen Xoxol adlandırılan Armen Xaçatryan, Nika ləqəbli Niko Drebuadze, Lekso Qalski kimi tanınan Lekso Loqua, Besik Kvinxidze ləqəbli Beso Rustavski, Artyom Lipeski ayamalı Artyom Arakelyan və Rafət Əlibayramlinski ləqəbli Rafət Əmirov, eləcə də Ceyhun Gəncinski kimi tanınmış Ceyhun Əsgərov və Vlad Şarap ləqəbli Vladislav Qraçev oğru adlarından məhrum olunub.
Deyilənə görə, Quli həmin şəxslərə adlarının qaytarılacağını vəd edib. Bu deyilənlər bir çoxlarına, məsələn, Verxneuralskda vəziyyətə nəzarət edən Vlad Şarapuya böyük dəstək olacaq.
Deyilənə görə, Rusiyadan öncə Quli Pıza ləqəbli Raul Barsbanla haqq-hesab çəkib, Abxaziyanın kriminal aləmini özünə tabe etmək istəyir.
Quliyə düşmən kəsilən Pıza bu yaxınlarda ona nümayişkaranə şəkildə sayğısızlıq göstərib və tabe olmaqdan imtina edib.
O, hazırda Qulinin dostlarını ovlamaqla məşğuldur. İnternetdə bunu təsdiqləyən video da yayılıb.
Videodakı atışmada Nika Qarinski və Rəşad Gəncinski odlu silahdan atılan güllə ilə vurulub. Bu olaydan sonra Quli Rusiyadan Abxaziyaya briqada göndərib. Amma onlar yerli oğrular tərəfindən zərəsizləşdirilib.
Abxaziyadan sonra Qulinin ilk işi oğru dünyasına rəhbərliyi tam ələ keçirmək üçün Şakro Molodoyla haqq-hesab çəkmək olacaq.
Qeyd edək ki, indiyədək Şakro Molodyla Qulinin heç bir əlaqəsi olmayıb.