Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulur.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, lüğət AMEA-nın Rəyasət Heyəti tərəfindən nəşr olunmaq üçün “Elm” nəşriyyatına təqdim edilib. M.Nağısoylu yeni Orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın sözün daxil edildiyini söyləyib.
Dilçilik İnstitunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli də yeni lüğətə daxil edilən bəzi sözləri Trend-ə açıqlayıb.
O qeyd edib ki, lüğətə pide, pilates, pilinq, depilyasiya, deport, demontaj, dermatokosmetologiya, devalvasiya, üzən məzənnə, dezinfyasiya, dezodorant-antiperspirant, DVD, DVD-R, dubl, dönər, popler, dopinq, e-dərslik, Ebola, ekonomiks, ekoturizm, eks-divident, gel-korrektor, gey, geyparad, gel-skrab-maska, fləş, fləş-kart, smaylik, smart-TV, selfi, sendviç, sellülit, seksizm, summativ, vay-fay, administrasiya, administrator, boulinq, breket, realiti-şou, realizə, mozaik, mozaiklik, motivasiya, İŞİD, dolğu, dollarlaşma, domen, institutsional, istəblişment (hakimiyyət dairəsi, siyasi elita), submədəniyyət, makdonalds, magistr, magistratura, geyşa (incəsənət adamı), ekonom-sinif, e-diplomatiya və s. kimi sözlər daxil edilib.
Müstəqil.Az