Mənim əsgərim

Südabə SƏRVİ

(hekayə)

Hərbi xidmətinin bitməsinə bir həftə qalırdı. Az sonra ayrılacaqdı buralardan. Bir də Allah bilir, nə vaxt görəcəkdi doğma kəndini.

 

Orada, o dağların arxasında doğmaca kəndləriydi. Yamyaşıl, göz oxşayan yamacları, diş göynədən  səpsərin bulaqları… İndi düşmən gəzirdi o yerlərdə. Kəndləri qapqaranlıqdı. İşıqları çoxdan sönmüşdü. Arada nə isə közərirdi. Deyəsən siqaret yandırırdılar. Hünər istədi qışqırsın, bagırsın: “Eyy! Hələ gəzişin oralarda, köpəklər! Süfrəmizin artıq-urtuğuynan böyüyən qudurğanlar! Necə girmisiz o torpaqlara, elə də çıxacaqsız!”

Yadındadır, uşaq vaxtı hər baharda nənəsi ilə birlikdə o görünən dağa gedərdilər. Əl-ələ tutub lap yuxarıyacan dırmaşardılar. Nənəsi dagda bitən müalicəvi dərman bitkilərindən toplayardı. Balaca Hünər  isə yuxarıdan doğma kəndlərini  seyr edər, fərəhdən köksü qabarardı. Ona elə gələrdi ki, bu balaca kənd dünyanın ən gözəl yeridir. Qollarını geniş açıb saatlarla beləcə dayanardı.

Köksünü ötürdü. Yüngül meh əsdikcə, xırda otları narın-narın dalğalandırırdı.

Ona elə gəldi ki, bir az irəlidə sərhəd xəttində yulğun kollları tərpənir. Binoklu gözünə tutdu. Heç nə görmədi

“Hansısa heyvandır yəqin…”

Yadına babasının bir söhbəti düşdü. Babası Hüseynbala Bağırlı sovet dönəmində otuz beş il sərhəd bölgələrində xidmət etmiş, general rütbəsinə qədər yüksəlmişdi. Sibirdə sərhədçi komandir işləyəndə başına qəribə hadisə gəlibmiş. Bir rus zabitlə növbədə imiş. Hənirti eşidir. Yekə boz ayının yavaş-yavaş sərhəd zolağına tərəf gəldiyini görür. İlk baxışda əsl ayıya oxşasa da, Hüseynbala şübhələnir. Onun narahatçılığını görən rus zabiti deyir: “Ne nado bespokoitsya, Baqirov, on nastoyaşiy medved!”

Ayının gəzişindən Hüseynbala bunun ayı maskası geymiş adam olduğunu bilir. Çox keçmədən xaricdən ölkəyə ayı paltarında soxulmaq istəyən casus ifşa olunur. Hüseynbala Bağırlıya bu əməyinə görə “Şərəf medalı” verilir. Hünər hər dəfə mərhum babasının divardan asılmış hərbi geyimli, əzəmətli şəklinə baxanda onunla qürur duyurdu.

O da babası kimi sərhədçiydi. “Nə tez gəlib keçdi il yarım?”-düşündü. “elə bil dünən idi, atam-anam, qohum-əqraba yığışıb məni yola salırdılar?

Yadındadır, sabah əsgər gedəcəkdi, bütün gecəni yata bilməmişdi. Kiçik qardaşı Rövşən onun sabah əskər gedəcəyini bilirdi. Diqqətlə ona baxaraq demişdi:

-Mən də əsgər getmək istiyirəm.

Gülümsəyib qardaşının başına sığal çəkmiş, əlini əlinə vurub bərkdən gülmüşdü

 -Axı sən hələ balacasan. Böyüyərsən, gedərsən.

Evlərinə məzunuiyyətə gedəndə ona bir dəst əsgər paltarı hədiyyə almışdı. Rövşən o qədər sevinmişdi ki… Hünərin boynuna atılıb onu qucaqlamışdı.

Xışıltıya bənzər səs eşitdi. Uzaqdan bir qaraltı gördü,  diqqətlə baxdı, it idi. Torpağı qoxulayaraq ona tərəf gəlirdi. İtin hərəkətlərində nəsə bir qəribəlik hiss elədi. İt arada dayanır, havanı qoxulayır, qulaq verir, sonra yoluna davam eləyirdi. İt nəyə qulaq verirdi?  Həm də axı itin hərəkətləri belə ləng olmazdı. Babasını xatırladı və birdən hər şeyi başa düşdü.  “Gəl!” – nifrətlə dedi. – “Babam ayıya sərhəddi keçməyə imkan verməmişdi, mən də itlərə imkan verməyəcəyəm!»

Arada lap az məsafə qalmışdı. Xəbər versəydi,  gec olacaqdı. Tədbirli olmaq, düşməni duyuq salmamaq lazım idi. Adi bir ehtiyatsızlıq bütün işləri korlaya bilərdi.

Özünü elə göstərdi ki, guya onun it olduğunu zənn eləyir və buna görə də ona əhəmiyyət vermir.

Ucadan çox sevdiyi“Sarı gəlin” mahnısını zümzümə etməyə başladı.

Saçın ucun hörməzlər, sarı gəlin,

Gülü sulu dərməzlər sarı gəlin,

Səni mənə verməzlər, ay nənən ölsün,

Sarı gəlin, ay sarı gəlin!

O qədər gözəl oxuyurdu ki, düşmən niyə gəldiyini yaddan çıxardı. Dayanıb qulaq asmağa başladı. Bu mahnı gözətçi məntəqəsində duran çavuş Mehdinin də qulağına çatdı. “Əsl qarabağlı balasıdır!”-dedi öz-özünə.

O isə  mahnını zümzümə edə-edə düşməni, daha doğrusu iti necə tərksilah etməyi barədə düşünürdü.

Düşmən birdən  bayaqkı əsgərin yerində olmadığını gördü.

-Hara getdi bu?-deyə təəccübləndi. Qorxa-qorxa ətrafa boylandı. Əskərin onu it zənn elədiyinə  yüz faiz əmin idi.  Yoxsa niyə mahnı oxumalıymış?

-Səsini çıxarsan, özünü ölmüş bil!

Başına dirənən tapançadan tələyə düşdüyünü anladı. “Mən axmaq “Sarı gəlin”in  ucbatından düşdüm tora. Mən erməni oğlu erməni…”

–Düş qabağıma! –Hünər düşmənin qulağına pıçıldadı. – Artıq-əskik hərəkət etsən, güllələyəcəm!

İki metr irəliləmişdi ki, it qiyafəsi geymiş kəşfiyyatçı qəflətən çevrilib əlindəki bıçağı ona tulladı. Başını əyməsəydi, bıçaq başına sancılacaqdı. Amma sol buduna saplandı. Güclü ağrı hiss eləsə də, özünü itirmədi.

Qanı axa-axa erməninin üstünə sıçradı. Yenə babasını xatırladı: “Babam ayıya təslim olmadı, mən də itə təslim olmayacağam! Babam ayını məğlub elədi, it, mən də səni məğlub eləyəcəyəm!”

Əlbəyaxa oldular. Nə olur-olsun, bu it erməni sərhədi keçməməliydi! Məlum işdir, yalnız bir məqsədlə keçirdi, günahsız insanları, qocaları, körpələri öldürmək üçün!  Bakı metrosunda olan partlayışlar gözünün qabağına gəldi. Nə qədər günahsız insanlar, körpə uşaqlar həlak olmuşdu. Yox! Buna qətiyyən yol verə bilməzdi! Bunları düşünməsi və babasını xatırlaması Hünərin qollarına əlavə güc vermişdi. Düşmən nə qədər müqavimət göstərsə də, onunla bacarmırdı. Nəhayət düşməni vurub yerə yıxa bildi.

Kəmərini belindən açıb əl-qolunu bağladı.

Çoxlu qan itirmişdi. Yarası onu incidir, güclə nəfəs alırdı. Xəbər verməyə belə taqəti yox idi.

Nənəsinin təndirə yapdığı buğda çörəyinin ətri gəldi burnuna. Kəndlərindəymiş kimi qəribsədiyi qoxunu sinə dolusu ciyərlərinə çəkdi. Özündən səkkiz yaş böyük olan qonşu qızına vurulmağını xatırladı. Cəmi yeddi yaşı vardı onda. Bir gün atasına dedi ki, Gülsümü mənə alarsınız? Evdə hamı bərkdən qaqqanaq çəkib gülmüşdü.  O da utandığından üç gün evdən bayıra çıxmamışdı. İndi kəndləri düşmən tapdağı altındaydı. O qız da bir neçə il bundan qabaq düşmən gülləsinin qurbanı olmuşdu. İki əmisi düşmənlə döyüşdə şəhid olmuşdu. Nənəsinin isə dözməyib ürəyi partlamışdı. “Alacağıq torpağımızı sizdən! Az qalıb…”

Gözətçi köşkündən boylanan çavuş Mehdi Hünəri görməyəndə təəccübləndi. Ratsiya ilə onu çağırsa da, cavab ala bilmədi. Aşağı düşdü. Ətrafa boylandı. Əsgəri heç yerdə görmədi. Qarşı tərəfə irəlilədi. Bu vaxt inilti eşitdi. Əlini avtomata atdı. Fənərlə ətrafı işıqlandıranda heyrətə gəldi! Gözlərinə inana bilmədi: sərhəd zolağının düz yaxınlığında Hünər bir düşmən kəşfiyyatçısının əl-ayağını bağlayaraq onu tərksilah etmişdi. Özü isə al-qan içində yerə yıxılıb qalmışdı. Çavuş yüyürərək Hünəri qucağına götürdü.

Hünər taqətsiz halda gözlərini açıb çavuşa baxdı. Gülümsədi. Rövşəni xatırladı. Kiçik qardaşını. Ona çoxlu hədiyyələr almışdı: oyuncaq avtomat, sərhədçi papağı.

-Qoy məni yerə, – güclə deyə bildi.

-İndicə səni hospitala götürəcəyik. Sağalacaqsan!

Əlini ratsiyaya apardı. Çavuş heç nə başa düşə bilmirdi; əskər belə ağır yaralandığı halda düşmənə necə qalib gələ bilmişdi? O isə hədsiz sevinirdi, çavuşun niyə heyrətlənməsini başa düşmüşdü.

– Bilirsən, cavuş, onda babam ayının sərhədi keçməsinə imkan verməmişdi, mən də  itin sərhədi keçməsinə imkan vermədim. Ona dedim, babam ayını məğlub eləmişdi, it, mən də səni məğlub edə…cə…

Sözünü bitirə bilməyib huşunu itirdi.

Çavuş daha da heyrətləndi. Əskərin sayıqladığını zənn eləyirdi.

-Sən hansı ayıdan danışırsan? Baban hansı ayını məğlub eləmişdi?

Gözlərini açanda üzünü divarları ağappaq olan işıqlı bir otaqda gördü. Xəstəxanda olduğunu başa düşdü. Burda nə işi var idi?

Düşünməyə macal tapmamış dəhlizdən səs eşitdi. Hə…Deyəsən çavuşun səsi idi.

– Bilirsiniz, cənab general, onun babası hansısa ayının sərhəddi keçməsinə imkan verməyib. O da özünə söz verib, itlərə sərhəddi keçməyə imkan verməsin. Elə belə də deyib: it, mən səni məğlub edəcəyəm!

– Sən hansı itdən danışırsan?

– Cənab general, mən də bilmirəm, o, özü belə deyirdi.

Otağına adamlar girirdilər. General onu gülər üzlə salamladı. Keçib çarpayısının yanında oturdu. Qəhrəmanlığına görə onu mükafatlandırdığını dedi. Sonra da əlavə etdi.

– Əskər, sən haqlısan. Babalarımız ayılara sərhəddimizi keçməyə imkan verməyiblər. Biz də itlərin keçməsinə imkan verməməliyik.

Ayağa qalxdı. Qapıya doğru gedirdi, birdən geri döndü.
– Mənim əskərim, nə ayılara, nə də itlərə! –   dedi və dönüb otaqdan çıxdı.

 

   P.S    Hekayə 2010-cu ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi müsabiqədə fəxri diploma və xüsusi mükafata layiq görülüb.

 

 

Share: