“2015-ci ildə fəaliyyəti Təhsil Nazirliyi tərəfindən rəsmi təsdiq edilən Bərdədə yerləşən 95 nömrəli Ağdam məcburi köçkün məktəbinin yerli uşaqları qəbul etmək icazəsi olsa da, hazırda məktəbə həmin uşaqların qəbulu dayandırılıb”.
Bu iddia Ağdam rayon 95 nömrəli tam orta məktəb kollektivinin -ya müraciətində əks olunub.
Şikayətçilər bildirib ki, hazırda eyni binada yerləşən iki məcburi köçkün məktəbinin fəaliyyəti 2015-ci ildə rəsmi təsdiq edilib, 95 nömrəli məktəbin yerli uşaqları qəbul etmək icazəsi olub:
“Ancaq Qarabağ Regional Təhsil İdarəsinin müdir əvəzi Anar Məcidov deyir ki, Bərdədə eyni binada yerləşən 12 nömrəli məktəbə yerli uşaqların qəbuluna icazə verirəm, 95 nömrəli məktəbə yox. Eyni ailədən olan uşaqlardan biri 3-cü sinifdə 95 nömrəli məktəbdə oxuyur, 1-ci sinfə gələn qardaşınının isə bizim məktəbə qəbuluna icazə verilməyib”.
Müraciətdə qeyd edilib ki, Regional Təhsil İdarəsinin qərarı ilə bağlı Elm və Təhsil Nazirliyinə də şikayət edilib:
“Lakin Nazirliyə göndərdiyimiz ərizələr araşdırılması üçün yenidən Qarabağ Regional Təhsil İdarəsinə göndərilir. Ağdam təhsil sektoru və həmkar təşkilatı, QRTİ bizim adımızdan saxta məlumat göndərirlər ki, 95 mömrəli məktəbin heç bir şikayəti yoxdur. Məktub yanlış yazılıb”.
Həmçinin şikayətçilər Regional Təhsil İdarəsinin qanunsuz direktor təyinatı apardığını da iddia edib:
“Tam qanunsuz olaraq bir neçə məktəb vakansiyaya çıxarılmadan direktor təyinatı edilib – Ağdam 1, 2, 12 və s.r məktəblər”- deyə şikayətdə bildirilib.
Qarabağ Regional Təhsil İdarəsindən -nın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən yerli ailələrdən olan uşaqların köçkün ümumi təhsil müəssisələrinə qəbulu yerli təhsili idarəetmə orqanları ilə razlaşdımaqla aparılır.
“Cari dərs ili ərəfəsində İdarənin tabeliyində yerləşən köçkün ümumi təhsil müəssisələrinin dislokasiyası, yerləşdiyi ərazidə yerli məktəblərinin mövcudluğu, özünün müstəqil binasının olması kimi məsələlər araşdırılaraq 38 köçkün ümumi təhsil müəssisəsinə yerli şagird qəbuluna icazə verilib”.
Qurumdan o da bildirilib ki, Bərdə rayon Həsənqaya kəndi ərazisində salınmış 588 mənzillik köçkün qəsəbəsində yerləşən Ağdam rayon 12 nömrəli tam orta məktəbin inzibati binasında fəaliyyət göstərən və müstəqil binası olmayan Ağdam rayon 11, 95, Şuşa rayon 18 nömrəli tam orta məktəblər yerli ailələrdə olan uşaqların qəbulunun dayandırıldığı məktəblər sırasına daxil edilib:
“Həmin binada fəaliyyət göstərən Şərqi Zəngəzur RTİ-nin tabeliyində olan köçkün ümumi təhsil müəssisələrinə yerli şagird qəbulu müvafiq qurum tərəfindən dayandırılıb.
Cari dərs ilin ərəfəsində bir sıra valideynlərin mürəciətlərinə fərdi qaydada baxılaraq, onların övladlarının Ağdam 95 nömrəli tam orta məktəbə qəbuluna razılıq verilib.
Bildiririk ki, İdarənin tabeliyində yerəşən və müstəqil binası olmadan digər müəssisələrin daxilində yerləşən heç bir köçkün ümumi təhsil müəssisəsinə yerli şagird qəbuluna icazə verilmir.
Optimallaşdırma və rasionallaşdırma tədbirləri çərçivəsində həmin müəssisələrə işçi və şagird qəbulunun dayandırılması və gələcəkdə fəaliyyətinin dayandırılması, işçilərin digər ümumi təhsil müəssisələrinə rotasiyası planlaşdırılmaqdadır.
Qeyd edəki ki, Ağdam rayon 1 və 2 nömrəli tam orta məktəblərin direktoru vəzifəsinə rotasiya qaydasında, Ağdam rayon 12 nömrəli tam orta məktəbə müsabiqə vasitəsi ilə təyinat aparılıb” – RTİ-nin açıqlamasında qeyd edilib.