“Məclislərə, şənliklərə gedə bilməyən, səfərlərdən qalan İlyas Tapdıq…”- İlqar Türkoğlu

Məclislərə, şənliklərə gedə bilməyən, səfərlərdən qalan İlyas Tapdıq.

Qələmə aldığım bu kiçik yazıda məqsədim İlyas Tapdıq yaradıcılığını ədəbiyyat müstəvisinə daşımaq deyil, 30 noyabr 2019 cu ildə 85 illiyi- yubileyi qeyd edilən şair haqqında kiçik xatirəmi bölüşməkdir.

Orta məktəbi bitərəndən sonra, Universitetə daxil ola bilməmişdim. Müsabiqədən keçmədiyimdən həqiqi hərbi xidmətə çağrılmışdım. Bugünkü Yekaterinburqda ordu sıralarında xidmət edirdim. Hərbi xidmətdə olarkən yazdığım bir şeirim rayon qəzetində dərc olunmuşdu. Həmin ərəfədə İlyas Tapdıq Sumqayıtda yaşayan qohumumuzun evində qonaq olur. Təsadüfən masanın üzərində olan qəzeti əlinə alır, şeirimi oxuyur və çox bəyənir. Böyük qardaşımı tərifləməyə başlayanda qohum qayıdır ki, bu şeirin müəllifi, indi hərbi xidmətdə olan onun kiçik qardaşıdır.

BU  YERLƏRDƏ
Yaz buludu enə dağa,
Qayalarda şimşək çaxa,
Narın-narın yağış yağa,
Çaylar verə güc, səsinə.

Gədikləri duman ala,
Ceyran- cüyür azıb qala,
Qoca vələs layla çala,
Yatıb qalam gecəsinə.

“Daş bulağ”ın daşı rəng-rəng,
Qızlar gələ əldə səhəng.
Bir-birindən gözəl göyçək,
Gözüm düşüb bircəsinə.

Saz götürüb babam Sarı
Çala burda bir ”Ovşarı”.
Qəribsəyib yurd daşları,
Naxış düşüb neçəsinə.

Qayaları qoşa burda,
Yüz il ömrü yaşa burda,
Dəli könül coşa burda,
Mən də deyim bircə sinə.

İlqar Türkoğlu

Şair dostları ilə səfərlərə, məclislərə getməyi, Azərbaycanı qarış- qarış gəzməyi çox xoşlayardı. Gəncliyi maddi çətinliklərlə keçsə də, özünün istedadı və çalışqanlığı sayəsində ayaqda durmağı bacarmışdı. Sevib- sevilməyi həyatın ən dadlı neməti hesab edirdi İlyas Qağa.

Ömrünün son illərində, keçirdiyi qəzadan sonra, ayağındakı sınıq ağrılarından şikayət edər, gəzməkdə çətinlik çəkdiyini söyləyərdi. Son illər ən çox sevdiyi doğma dağlara getməyə səhhəti imkan vermirdi. Elə bir şair olacaqmı ki, Gədəbəyi, dağları, yalçın qayaları Qağadan sonra belə ilhamla, ustalıqla təsvir edə bilsin?! Dostlarla imkan düşəndə, onu evdən bir neçə saatlığa “oğurlayar”, duzlu- məzəli söhbətlərini dinləməkdən doymazdıq. Sanki bir ensiklopediya idi. Şeirlərində vəsf etdiyi zərif çiçəklər kimi qəlbi ipək və çox kövrək idi Qağanın.

Gənc yaşlarında yazdığı şeirlər haqqında ölməz klassiklər: Səməd Vurğun, Osman Sarıvəlli, Rəsul Rza, Nəbi Xəzri və digərləri yüksək fikirdə olub, xoş sözlər söyləsələr də, onun Hüseyn Ariflə olan unudulmaz dostluğu və bu dostluğun sirrli- sehirli məqamları bu gün də xatirələrdə yaşayır.

Xatirən hər zaman qəlbimizdə yaşayacaq. Ruhun şad olsun, Ustad- İlyas Qağa!

İLQAR TÜRKOĞLU

Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin,İraq- Türkmən Yazarlar Birliyinin, İLESAM-ın üzvü, Prezident təqaüdçüsü.

Müstəqil.az

Share: